15:49 22 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9368
Maliyyə hesabatı, arxiv şəkli

Əlavə mənbədən və daha çox pensiya ala bilərik, əgər dövlət zəmanət verərsə

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
9218 0 0

"Hökumət özəl pensiya fondlarının təşəkkül tapmasında maraqlıdırsa, zəmanət mexanizmləri üzərində ciddi işləməli və bunun təbliğatı aparılmalıdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 iyul — Sputnik. "Azərbaycanda özəl pensiya fondları yaradılsa, bu, pensiya təminatı sisteminin təkmilləşdirilməsində növbəti addım kimi qiymətləndirilə bilər. Amma özəl pensiya fondlarının yaradılmasında ciddi analizlərə ehtiyac var".

Bunu iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında özəl pensiya fondlarının yaradılması barədə danışarkən deyib. Ekspertin sözlərinə görə, hələlik biznes sektoru bu istiqamətdə maraqlı görünməyəcək: "Çünki problemlər var. Dünya təcrübəsi göstərir ki, bəzi hallarda özəl pensiya fondlarının fəaliyyətində, xüsusilə də maliyyə böhranı zamanı çox ciddi çətinliklər ortaya çıxıb. Özəl pensiya fondlarının əhəmiyyətli hissəsi, demək olar ki, defoltla üzləşib. Bu, dünyada özəl pensiya fondlarının inkişafı trendinə mənfi təsir göstərib".

Onun fikrincə, Azərbaycan kimi lokal xüsusiyyətlərə malik olan ölkələrdə özəl pensiya fondlarının təşəkkül tapması imkanları çətindir: "Çünki bir sıra hallarda biz müşahidə edirik ki, bu kimi sahələrdə fəaliyyət göstərən özəl qurumlara etibarlılıq səviyyəsi aşağıdır. Bu gün Azərbaycanın bank sektoruna, sığorta sisteminə inam aşağıdır. Sonda bütün bu problemlər özəl pensiya fondlarının yaradılması zamanı müxtəlif kontingentin toplanmasında çətinliklərə gətirib çıxaracaq. Yəni bu, insanlar üçün uzunmüddətli dövrdə inandırıcı görünməyə bilər. Çünki həm sığorta, həm də bank sektoru ilə bağlı acı təcrübələr var. Nəticə etibarı ilə bu, özəl pensiya fondlarının təşəkkül tapması prosesində çətinliklər yaradacaq".

İqtisadçının qənaətincə, bu sahədə çox ciddi tənzimləmə mexanizmlərinə ehtiyac var: "Ola bilsin ki, ilk dövrlərdə bu qurumların fəaliyyətinə dövlət zəmanətinin verilməsi məsələsi ortaya çıxsın. Məsələn, bank sektorunda əmanətlərin cəlb edilməsi məsələsində dövlət sığorta sistemi var. Bəlkə bənzər mexanizmi burada da tətbiq etmək lazımdır ki, insanlarda inam formalaşsın".

R.Həsənov bildirib ki, hökumət özəl pensiya fondlarının təşəkkül tapmasında maraqlıdırsa, zəmanət mexanizmləri üzərində ciddi işləməli və bunun təbliğatı aparılmalıdır: "İnsanlar inanmalıdır ki, hətta şirkət olmasa belə, onların ödədiyi vəsaitlər itməyəcək. Bunun üstündə müxtəlif variantlardan istifadə oluna bilər. Yəni özəl pensiya fondu yaradan şirkət üçün tələb olunan nizamnamə kapitalının həcmi yüksək ola bilər, yəni fondun fəaliyyətini sığortalaya bilər. Bu kimi kriteriyalara diqqət etməklə Azərbaycanda bu istiqamətdə nailiyyət əldə etmək olar. Hələlik isə bu, o qədər də real görünmür".

Ekspertin sözlərinə görə, özəl pensiya fondları alternativ pensiya sistemidir: "Özəl pensiya fondları əlavə pensiya almaq imkanı yaradır. Yəni daha çox pensiya almaq imkanı yaradır. Bundan başqa, özəl pensiya fondları həm də insanların yığımlarını idarə edir və idarəetmədən əldə olunan gəlirlər pensiya fondunun üzvləri arasında paylanılır. Yəni, onların yığımları üzərinə əlavə faizlər də gəlir. Özəl pensiya fondunun üstünlüyü, əsasən, budur".

"Amma 2008-ci il böhranında dünyada bir çox özəl pensiya fondları defoltla üzləşib. Azərbaycanda da bənzər ssenarinin olması ehtimalı çoxdur. Maliyyə bazarlarına nəzarət mexanizmlərinin zəif olması riskləri artırır. Hələlik biznesin etibarlılıq səviyyəsi aşağıdır. Güvən, inam əldə etmək üçün dövlətin bu istiqamətdə zəmanət mexanizmini formalaşdırmasına ehtiyac var" — deyə o bildirib.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuata açıqlamasında Azərbaycanda özəl pensiya fondlarının yaradılmasının gündəlikdə olduğunu bəyan edib.

Əlaqədar

Nazir saxta yolla pensiya alanlarla bağlı ciddi tədbir görüb
Pensiya təyinatında inqilab: Dövlət başçısı təsdiqlədi
Əmək pensiyalarının hesablama qaydası dəyişdi
Azərbaycanda 1.2 milyon insana xəbərdarlıq: Pensiya ala bilməyəcəksiniz
Azərbaycanda bu insanların pensiyalarına yenidən baxılacaq
Qonşuda da pensiya yaşı artırılır, amma bizdən bir az fərqli
Teqlər:
mexanizm, defolt, pensiya təminatı, zəmanət, Rəşad Həsənov, dövlət, özəl pensiya fondları, risk, maliyyə, böhran, ekspert, iqtisadçı, Azərbaycan

Əsas mövzular