Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Əcnəbilər Azərbaycandakı möcüzəsiz möcüzəyə toxunmaq üçün sıraya durublar - VİDEO

© Sputnik / Irade JELILDaşgil vulkanı
Daşgil vulkanı - Sputnik Azərbaycan
Abunə olmaq
Vulkana yaz-qış demədən, daha çox əcnəbilər gəlir, yuyunur, bəzən də palçıqdan yığıb aparırlar

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Daşgil vulkanı Bakıdan 80 kilometr uzaqlıqda, Ələt qəsəbəsinin yaxınlığında yerləşir. Dövlət Neft Şirkətinin balansındakı ərazidə yerləşdiyinə görə Bakı və Abşeron Palçıq Vulkanları Qrupuna daxil edilməyib.

Sputnik Azərbaycan-ın reportaj hazırlayan əməkdaşı xəbər verir ki, ərazidə çox sayda palçıq vulkanları fəaliyyətdədir. Onlar arası-sıra qaynayır, kənara palçıq atır.

© Sputnik / Irade JELILDaşgil vulkanı
Daşgil vulkanı - Sputnik Azərbaycan
Daşgil vulkanı

Deyilənə görə, Daşgil vulkanının palçığı müalicəvi xüsusiyyətə malikdir. Məhz buna görə də insanlar oraya şəfa tapmaq ümidi ilə üz tuturlar. Biz də qərara gəldik ki, sözügedən məkana yollanaq və Daşgilin "sehrini" öz gözümüzlə görək.

Bakıdan vulkan yerləşən əraziyə müxtəlif yollarla getmək mümkündür. Qobustan ərazisindən vulkana gedən yol kələ-kötür və təhlükəlidir. Ən rahatı Ələt qəsəbəsindən keçən yoldur. Burada da qarşında iki yol açılır. Biri dağı aşaraq keçə biləcəyin, digəri isə, dağın altı ilə keçən yoldur. Nə qədər qəribə olsa da, vulkana gələnlərin əksəriyyəti rahat yolu qoyub, dağ yolu ilə keçməyə üstünlük verirlər.

Yol kənarında dayanmış taksi sürücüləri yol soruşanlara əsla yardımçı olmaq istəmirlər. Əksinə, "bu avtomobillə keçə bilməzsən", "yol bərbaddır, avtomobil sıradan çıxar" — deyərək Daşgilə getmək istəyənləri qorxutmağa çalışırlar. Və ya bələdçilik etmək üçün 10 manat istəyirlər.

Ən yaxşısı isə avtomobildə naviqasiya proqramını işə salmaq və Daşgil qəsəbəsini seçərək getməkdir. Bu zaman yol səni, istər-istəməz, aparıb vulkan ərazisinə çıxaracaq. Bununla yanaşı, yolda vulkanın olduğunu bildirən işarələr də quraşdırılıb.

Ərazidə taksi fəaliyyəti ilə məşğul olan İskəndər Əliyev bizə vulkanın "sirrindən" danışdı: "Burada metan qazı yerdən palçığı vurub üzə çıxarır. Və qaz asanlıqla alovlanır. Deyilənə görə, buradan çıxan palçıq bir çox xəstəliklər — dəri-zöhrəvi, o cümlədən revmatizm xəstəliyi üçün faydalıdır".

Onu da bildirdi ki, vulkana yaz-qış demədən, daha çox əcnəbilər gəlir, yuyunur, bəzən də palçıqdan yığıb aparırlar: "Ərazidə böyük ağızlı bir vulkan var və turistlər ona girərək çimməyə çalışırlar. Vulkanın kənarlarının dərinliyi 1.20 metrdir. Ancaq ayağını qoyduqca adamı daha da dərinliyə çəkir. Yəni tək halda vulkana girməyə cəhd etmək belə, olmaz. Əks halda, orada batıb qalarsan".

Əraziyə gəlməsinə baxmayaraq, vulkan barədə xəbərsiz olanlar da az deyil. Həmsöhbət olduğumuz Fazil Zeynalov da elələrindəndir. O, Daşgil vulkanına qonaqlarını gətirdiyini bildirdi: "Düzü, mən birinci dəfədir ki, bu vulkan haqqında eşidirdim. Qonaqlarım Filippindəndir. Onlar bu vulkan haqqında geniş məlumatlı idilər. Dedilər ki, palçığı faydalıdır. Onların sayəsində mən də gəlib görmüş oldum".

© Sputnik / Irade JELILDaşgil vulkanı
Daşgil vulkanı - Sputnik Azərbaycan
Daşgil vulkanı

25 ildən artıqdır ABŞ-ın Nyu-York şəhərində yaşayan Alla xanım isə, qeyd etdi ki, əvvəllər Azərbaycanda yaşayıb, vulkanlar haqqında da məlumatlıdır: "Mən Bakıda doğulmuşam, Tibb İnstitutunu bitirmişəm. Sonra Nyu-Yorka köçdüm. 25 ildən sonra Azərbaycana gəlmək məni çox sevindirir. Azərbaycan çox dəyişib. Vulkan haqqında əvvəl də eşitmişdim. Amma ilk dəfədir ki, görürəm".

Daşgil vulkanı Sputnik Azərbaycanın obyektivində - Sputnik Azərbaycan
VİDEO
Daşgil vulkanı Sputnik Azərbaycan-ın obyektivində

Ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən öyrəndik ki, bura qış aylarında gəlmək çox təhlükəlidir. Yay aylarında isə, ya səhər tezdən, ya da axşamüstü gəlmək lazımdır. Çünki günortalar günəşin istisi əraziyə daha çox düşür. Və ərazidə günəşdən qorunmaq üçün yer olmadığına görə tez bir az zamanda günvurma baş verə bilər. 

Qeyd edək ki, turizm şirkətləri vulkanlara səyahətləri adambaşına 50-85, şəxsi avtomobil sürücüləri isə 50 manata həyata keçirir. Ən yaxşısı yaxınlıqdakı taksi xidmətindən istifadə etməkdir. Ələt qəsəbəsindən taksi sürücüləri bir nəfəri, vulkan sayından asılı olaraq 10-20 manata aparırlar.

Xəbər lenti
0