CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda "3 iyul sindromu": Bundan sonra nələrin şahidi olacağıq?

© pixabay / SkitterphotoQaranlıqda elektrik dirəkləri, arxiv şəkli
Qaranlıqda elektrik dirəkləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaş görməlidir ki, bu dəfə "yenə də danışdılar, etmədilər" kimi deyil, etdilər və sonra cəmiyyətə hesabatını verdilər

BAKI, 9 iyul — Sputnik. ABŞ-da məlum 11 sentyabr hadisəsindən sonra amerikalıların "biz daim güvənlikdəyik" inamı sındı və uzun müddət qorxu canlarından çıxmadı. Çünki heç vaxt gözləmədikləri, ola biləcəyinə ehtimal vermədikləri bir hadisə baş vermişdi. Ondan sonra dünyanın altını üstünə çevirdilər, lakin olan olmuşdu artıq.

Жилые дома в Хатаинском районе Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan qaranlığa qərq oldu

Xeyli kiçik miqyasda biz də o cür bir şok effekti yaşadıq. Yeniyetmələrin ömrü boyu üzləşmədikləri, ondan yuxarı yaşda olanların isə cəmi bir dəfə yaşadıqları hadisə baş verdi ölkədə. Bir anın içində ölkə qaranlığa qərq oldu, ardınca da təlaş, qaynaşma, qorxu, həyəcan bürüdü hər yeri.

Çox şükür, çətinliklə də olsa, çıxdıq vəziyyətdən. Dövlət rəhbərliyi operativ və lazımi qərarları qəbul etdi, ölkədə həyat yenidən axarına düşdü.

Lakin bu qorxu canımızdan çıxacaqmı? Məsələn, gündəlik sərnişini olan 700 min insanın nə qədərinin yadına metro düşəndə tükləri ürpərəcək? Saatlarla liftdə qalan insanlar bir daha o məşum gecəni yaşamaq istəyəcəklər, yoxsa əllərində yük 16-cı mərtəbəyə pilləkanla qalxmağı tərcih edəcəklər?

Xəstəxanalarımıza, həkimlərimizə onsuz da etibar yetərli deyildi, generator problemi bu inamı kökündən sarsdı. Artıq vətəndaş özünün və ailəsinin canını xəstəxanalara həvalə etməmək üçün bütün mümkün vasitələr üzərində baş sındırır.

Hər bir sahə üzrə bu qorxu sindromu hökm sürür. Odur ki, aidiyyatı qurumlar əllərindəki bütün işləri bir kənara buraxıb cəmiyyətdəki qorxu və inamsızlığı, "bir də baş verəcəkmi" tərəddüdünü aradan qaldırmalıdır. Vətəndaş inanmalıdır. İnanmalıdır ki, bundan sonra bütöv ölkənin elektrik təminatı cəmi bir stansiyanın cəmi bir blokundan asılı olmayacaq. Bunun üçün konkret hansı addımlar atıldığını, hansı işlər görüldüyünü gözləri ilə görməli və inanmalıdır.

Vətəndaş əmin olmalıdır ki, neft-qaz ölkəsi bundan sonra generator problemi yaşamayacaq, bütün strateji obyektlər, müəssisələr, idarələr alternativ enerji ehtiyatına malik olacaq. Bunun belə olması üçün real tədbirlər görüldüyünün canlı şahidi, iştirakçısı olmalı və təhlükəsizliyinin təmin edildiyindən əmin olmalıdır.

İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda iştirak edib - Sputnik Azərbaycan
Dövlət başçısı ölkədə baş vermiş elektrik böhranı ilə bağlı operativ qərar verdi

Vətəndaş görməlidir ki, bu dəfə "yenə də danışdılar, etmədilər" kimi deyil, etdilər və sonra cəmiyyətə hesabatını verdilər. Məsələn, görməlidir ki, Bakı Metropoliteninin bütün stansiyalarında havalandırma sistemi çatır-çatır işləyir, vaqonlar sovetin köhnə "VAZ 2106"sı kimi yan pəncərələrini aşağı salıb şütümür, əməlli-başlı kondisionerlə təmin olunub.

Vətəndaş hadisənin real səbəblərinin nələr, əsl baiskarların kimlər olduğunun, həmin səbəblərin və baiskarların ortaya çıxarıldığının, birincilərin aradan, ikincilərin ortadan qaldırıldığının, cəzalandırıldığının şəxsən şahidi olmalıdır. Baxmalıdır ki, dövlət bir daha belə arzuolunmaz halların baş verməməsi üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdi və ayıq-sayıq vətəndaşın keşiyində dayanır.

Bir də… Çox qəribə, bəlkə də gülməli, hətta ağlamalı bir arqumentlə qarşılaşdıq həmin sıxıntılı günlərdə. Bəziləri qalxıb dedilər ki, "hə, nolsun e, elektrik kəşf olunmamışdan qabaq camaat yıxılıb ölürdü?"

Bu fikrə sahib olanların beyinlərinə normal oksigen çatmadığı dəqiqdir. Yoxsa onu da düşünərdilər ki, insan bütün planlarını, yaşam tərzini, ehtiyac və tələbatını hələ mövcud olmayan bir nəsnə üzərində qurmur. Məsələn, elektrik icad edilməzdən öncə insan öz ərzağını soyuducuda deyil, elektrikə bağlılığı olmayan bir yerdə (tutaq ki, zirzəmidə) saxlayırdı. Ya da o zaman 80 yaşlı nənənin 18-ci mərtəbəyə qalxmaq, tələbənin metroya minmək, jurnalistin sayta material qoymaq kimi bir dərdi vardımı?

Xəbər lenti
0