00:52 21 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Tükəzban Əliyeva

Başı üzərindən qara yellər əsən qadın - 3 oğlunu itirsə də, "ölmək istəmirəm" deyir

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
415 0 0

Onu görəndə ürəyimdə düşünmüşdüm ki, bu qədər acılar yaşayan, ağır xəstə olan, kimsəsiz qalan qadın necə gülümsəyə bilir?

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. "Dərd insanı ya öldürür, ya dəli edir, ya da keyidir" deyirlər. Mən onu görəndə ürəyimdə düşünmüşdüm ki, bu qədər acılar yaşayan, ağır xəstə olan, kimsəsiz qalan qadın necə gülümsəyə bilir? Bir qədər söhbət edəndən sonra anladım ki, dərd insanı həqiqətən də keyidirmiş…

Onunla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulmuş Sosial Sığınacaqda tanış olmuşdum. Adı Tükəzban olsa da, hamı ona Tünzalə deyirdi. 60 yaşlarında olan bu qadın ağır xəstə idi, güclə danışırdı.

Özünü bir qədər ələ alıb həyatından hissə-hissə olsa belə, yadında qalanları mənə danışır: "Mən də hamı kimi ailə qurmuşdum. Bədbəxt idim, yoxsa xoşbəxt, bax, onu deyə bilmərəm. Bir evim, ailəm, 3 oğlum var idi. Amma bir gün qara yel əsdi başımın üstündən, payızda yarpaqlar tökülən kimi, olanlarım töküldü torpağa".

Tükəzban Əliyeva 3 övladını və həyat yoldaşını itirdikdən qardaşına sığınıb. Amma qardaşının uşaqları ilə yola gedə bilməyib: "İncidirdilər məni. Axırıncı dəfə qardaşımın qızı ilə dava edib evdən çıxdım. Bir müddət küçələrdə qaldım. Sonra bir kişi mənimlə maraqlandı və məni sığınacağa gətirdilər".

Tükəzban xanım deyir ki, başına min cür bəla gəlsə də, ruhdan düşməməyə çalışır: "Bir neçə il əvvəl yoldaşım dünyasını dəyişdi. Amma həyatdan qorxmadım, çünki 3 oğlum vardı. Hamısını da böyütmüşdüm. Kiçiyinin 27 yaşı var idi. Düşünürdüm ki, oğullarıma sığınıb, ömrümü başa vuracağam. Amma heç nə düşündüyüm kimi olmadı"…

Göz yaşlarını saxlaya bilməyən qadın hıçqıra-hıçqıra danışmağa davam edir: "Əvvəlcə ortancıl oğlum xəstələnib dünyasını dəyişdi. Heç bilmirəm ki, necə oldu. Bir də gördüm, xəstədir, bir də gördüm, yoxdur oğlum. Dərd dərdi çəkir deyirlər. Sonra böyük oğlumu itirdim. Ən kiçik oğlum isə il yarım əvvəl avtomobil qəzasına düşərək vəfat etdi".

"Həyatdır da. Əslində, hamımız öləcəyik. Mənim yaşadıqlarımsa başqadır. Heç kim buna dözə bilməzdi, amma mən dözdüm" — deyən qadın göz yaşlarını silib davam edir: "İndi elə yaşımdır ki, gərək sakit yaşayım. Səs götürmürəm. Bəzən qaldığım yerdə qadınlar səs salır. Çox cavab da verə bilmirəm ki, gecə ilə gəlib öldürərlər məni".

Qəribədir ki, həyatda bütün əzizlərini itirmiş bu qadın ölümdən çox qorxur. Çoxlarından fərqli olaraq, ölmək, əzizlərinə tez qovuşmaq arzusunda deyil. O, yaşamaq istəyir.

"Hələ ölmək istəmirəm. Mən yaşamalıyam. Allah bu ömrü mənə verib. Gərək hirslənməyim, sonra təzyiqim qalxar, ölüb edərəm" — deyə öz-özünə pıçıldayır…

Sağollaşıb yanından ayrılsam da, deyəsən, heç məni eşitmir belə. Dərd insanı nə hala salarmış, İlahi…

Teqlər:
Sosial Sığınacaq Mərkəzi, oğul, ölüm, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, faciə, ana

Əsas mövzular