07:17 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Çimərlik

Yayın istisində özümüzü çimərliyə veririk, çimərlikdə isə...

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
405 0 0

Novxanı çimərliyində səliqə-sahman qaydasında olsa da, qiymətlər "əl yandırır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zonalarında, "Amburan" çimərliyində, Novxanı və Corat bağlarının sahil boyu ərazilərində müvafiq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırıb.

Ancaq Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun Şıx çimərliklərində aparılmış monitorinqlərin nəticələrinə görə, zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyənləşib. Buna görə qeyd olunan çimərliklərə getmək məsləhət deyil.

Ötən gün çimərliklərdə yaşananları müşahidə etmək üçün yolumuzu Şıx çimərliyindən saldıq. "Xalq çimərliyi" deyilən əraziyə daxil olmaq üçün hasarlanmış dəniz sahilinə daxil olmaq üçün qapıçı giriş qiymətinin 1 manat olduğunu bildirdi. Və qeyd etdi ki, tələb olunan məbləği çıxarkən deyil, içəri daxil olarkən ödəməliyik. Deyilənə əməl edib içəri daxil olduq.

Məişət tullantıları, kanalizasiya çirkabı, həmçinin yosunla dolu olan dənizin sahili də avtomobillərlə əhatə olunmuşdu. İnsanlar edilən xəbərdarlığı nəzərə almadan çimərlikdən istifadə edirdilər. Görünür ki, ya olunan xəbərdarlıqdan agah deyillər, ya da heç bir qadağa onları maraqlandırmır.

***

Buradan çıxıb, üz tutduq Novxanı çimərliyinə. Orada isə vəziyyət tamam başqa cür idi. Novxanı çimərliyində səliqə-sahman qaydasında olsa da, qiymətlər "əl yandırır". Belə ki, dənizə yaxın qoyulmuş stolların qiyməti 20 manat, bir qədər uzaq olanlar isə 10 manat idi. Dənizin kənarında quraşdırılmış çimərlik çarpayısı üçün 6-8 manat ödəmək lazımdır.

Qiymətlərin baha olmasına baxmayaraq, dənizə gələnlərin sayı kifayət sayda idi. Hətta istirahət mərkəzlərində yer götürmədən belə, əraziyə daxil olub, xalça-palazını yerə sərib istirahət edənlər də az deyil.

  • Abşeron çimərliklərindəki vəziyyət
    Abşeron çimərliklərindəki vəziyyət
    © Sputnik / Irade JELIL
  • Abşeron çimərliklərindəki vəziyyət
    Abşeron çimərliklərindəki vəziyyət
    © Sputnik / Irade JELIL
  • Abşeron çimərliklərindəki vəziyyət
    Abşeron çimərliklərindəki vəziyyət
    © Sputnik / Irade JELIL
  • Abşeron çimərliklərindəki vəziyyət
    Abşeron çimərliklərindəki vəziyyət
    © Sputnik / Irade JELIL
  • Abşeron çimərliklərindəki vəziyyət
    Abşeron çimərliklərindəki vəziyyət
    © Sputnik / Irade JELIL
  • Abşeron çimərliklərindəki vəziyyət
    Abşeron çimərliklərindəki vəziyyət
    © Sputnik / Irade JELIL
  • Abşeron çimərliklərindəki vəziyyət
    Abşeron çimərliklərindəki vəziyyət
    © Sputnik / Irade JELIL
1 / 7
© Sputnik / Irade JELIL
Abşeron çimərliklərindəki vəziyyət

Çimərliyə gələn Bakı sakini Nigar Quliyeva deyir ki, hər il istirahət üçün Novxanı çimərliyini seçirlər: "Çünki buranın suyu və sahili təmizdir. Qiymətlər də münasibdir. Həm də heç kim səni məcbur etmir ki, nəsə alasan. Stol-stulunu götür, səhərdən axşama qədər otur. Yeməyini evdən gətirsən, gözəl bir gün keçirmiş olarsan".

Samirə Mahmudova isə deyir ki, istirahət üçün ən gözəl məkan dəniz kənarıdır: "Çox adam istirahətini digər ölkələrdə keçirir. Ancaq həmin puldan az məbləğə Bakıda da istirahət etmək olar. Məsələn, biz maraqlanmışıq, burada otaqların günü 50 manatdır. Bir həftə götürsən, 350 manat edir, yemək-içməyini də burdakı restoranlardan etsən, ümumi 1000 manatdan artıq xərcin çıxmaz".

Pullu çimərlik
©Karikatura
Pullu çimərlik

Digər Bakı sakini Elxan Həsənovun sözlərinə görə isə Novxanı da "xalq çimərliyinin" olması maddi cəhətdən sıxıntısı olan insanlar üçün əlverişlidir: "Burada digər yerlərdən fərqli olaraq qapıya şlaqbaum basdırıb, giriş üçün pul tələb etmirlər. Rahat keçib istirahətini edirsən".

"Bircə problem vətəndaşlarladır. Gəlib yeyib-içirlər, ancaq zibillərini təmizləmirlər. Neçə dəfə özüm irad bildirmişəm. Deyirsən, acıqlarına da gəlir. Bircə dərdimiz təmizlikdir. Hər kəs öz zibilini yığsa, problem olmaz" — deyə E.Həsənov əlavə edir.

Novxanı çimərliklərində yerləşən restoranlarda qiymətlər, demək olar ki, eynidir. Tikə kabab 7, dana basdırması 8, toyuq kababı və kartof qızartması 4, salatlar 3-6 manata təklif olunur. Pendir 2, qutablar isə 50 qəpikdən 1,50-yə qədər, qarışıq meyvə salatı 4-5 manatadır. Sac yeməyi 17-20 manata, çay samovarda 10, çaydanda isə 3 manata satılır. Çay dəsgahı, sifarişinizdən asılı olaraq, 20-25 manata başa gələ bilər.

Çimərlikdə "isti qarğıdalı", "semiçka" deyib qışqıran səyyar satıcılar da yetərincə idi. Satıcı Kamranın sözlərinə görə, bir aydır ki, ərazidə səyyar ticarətlə məşğuldur. Qarğıdalını 1-i bir manata, tumu 60-90 qəpiyə, peraşkini isə 40-80 qəpiyə satırdı. Deyir ki, günə 10-15 manat gəliri olur.

Onu da qeyd edək ki, Novxanı çimərliyindəki bütün istirahət mərkəzlərinə avtomobillə daxil olmağın qiyməti 1 manatdır. Şıx çimərliyindən fərqli olaraq burada ödənişi istirahət mərkəzindən çıxanda tələb edirlər. 50 qəpik ödəmək istəyənlərə isə güzəşt edilmir.

Əlavə edək ki, ərazidə saat 9.00-21.00-a qədər Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidməti fəaliyyət göstərir. Həmçinin Post Patrul Xidməti əməkdaşları da nəzarət edir. Saat 21.00-dən sonra dənizə girməyə icazə verilmir.

***

Pirşağı çimərliyində isə dəniz təmiz, qiymətlər isə nisbətən münasibdir. Burada dənizə yaxın stolların qiyməti 10, bir qədər dənizdən uzaq olan qapalı yerlərin qiyməti isə 15 manatdır.

Restoranlarda yeməklərin qiymətlərində isə Novxanı ilə müqayisədə az fərq var. Burada tikə kabab 7, toyuq 3, saç 15-18, salatlar 2-5, samovar çayı 11 manatdır. Xidmətə isə söz ola bilməz.

Pirşağı çimərliyində də FHN-nin sularda xilasetmə əməkdaşları, həmçinin Təcili Tibbi Yardım da fəaliyyət göstərir.

Yayın qızmar istisində sərinlənmək üçün əksəriyyətimiz dəniz kənarına üz tutur. Hamımız da çalışırıq ki, büdcəmizə uyğun məkan seçək. Kimimiz pulsuz açıq çimərliklərə üstünlük veririk, kimimiz də pullu istirahət mərkəzlərinə…

Olduğumuz çimərliklərdə apardığımız müşahidələr isə onu göstərir ki, öz sağlamlığının azacıq olsa belə, qayğısına qalan şəxslər ictimai çimərliklərə getmirlər. Səbəb isə çox sadədir. İctimai çimərliklər orada istirahət edən şəxslər tərəfindən zibillənir, müvafiq qurumlar tərəfindən isə çox gec təmizlənir.

Pullu istirahət mərkəzləri də bir çox insanın büdcəsinə uyğun deyil. Ancaq hər kəs öz atdığı zibili götürsə, yəqin ki, ictimai çimərliklərdə də rahat istirahət etmək mümkün olar.

Teqlər:
natəmizlik, restoran, problem, Pirşağı, Novxanı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, çimərlik

Əsas mövzular