08:02 19 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Toto Kutunyo

Bakıda “Sarı gəlin” oxuyan italiyalı əfsanəvi müğənni

youtube.com
CƏMİYYƏT
Qısa URL
107 0 0

Əfsanəvi italyan müğənnisi Salvatore (Toto) Kutunyo 1943-cü il iyulun 7-də anadan olub

BAKI, 7 iyul — Sputnik. Əfsanəvi italyan müğənnisi Salvatore (Toto) Kutunyo 1943-cü il iyulun 7-də anadan olub. 

Bir neçə ay sonra onun ailəsi Spesiyaya köçüb. Orada onun atası hərbi dənizçi işləyirdi. Hələ uşaqlıqdan Toto musiqiyə böyük həvəs göstərirdi. Toto gözəl boru çalan atasının yolu ilə gedərək bu aləti mənimsəyib. Sonra isə müstəqil şəkildə zərb alətlərində və akkordeonda çalmağı öyrənib. 13 yaşında Toto yerli musiqi müsabiqəsində üçüncü yeri tutmuşdu.

19 yaşına qədər Kutunyo yerli musiqi qruplarında zərb alətlərində ifa edib. Sonra Toto "Toto e Tati" adlı şəxsi qrupunu təşkil edib. Bu qrup çox böyük uğurla qastrollarda iştirak edib. Elə bu vaxt o özü də musiqi yaratmağa başlayıb.

1975-ci ilin əvvəlində Kutunyo "Albatros" qrupu ilə çıxış etməyə başlayıb. O, şair Vito Pallaviçini ilə birlikdə "Oazis" mahnısını yazıb. Həmin il məşhur fransız müğənnisi Co Dassenin bədii rəhbəri Jak Ple Kutunyo-Pallaviçini əməkdaşlığına öz münasibətini bildirib. Co Dassenin mahnılarının daimi mətn müəllifləri Klod Lömyel və Pyer Delanoye Toto Kutunyonun melodiyalarına fransız sözləri yazıblar. Beləliklə də, gözəl "Et si tu n`éxistais pas", "Salut" və 1975-ci ildə fransız pop musiqisinin hiti olmuş "L`été Indien" mahnıları yaranıb.

1976-cı ildə Toto "Volo AZ 504" mahnısı ilə birinci dəfə San-Remo festivalında iştirak edib. O, ümumi hesabda üçüncü yeri tutub. Elə həmin ildə Kutunyo "Nel cuore, nei sensi" mahnısı ilə böyük müvəffəqiyyətlə "Festivalbar"da çıxış edib.

Bir il sonra "Albatros" yenidən "Ariston" teatrının səhnəsində növbəti San-Remo festivalında çıxış edib. "Gran Premio" mahnısı beşinci yeri tutub. Festivaldan sonra qrup dağılıb.

1980-ci ildə Toto Kutunyo "Solo noi" mahnısı ilə San-Remo festivalının qalibi olub. Bu qələbədən bir neçə həftə sonra Toto "Francesca non sa" mahnısı ilə Tokio beynəlxalq musiqi festivalında birinci yeri tutub.

Toto Kutunyo 1983-cü ildə San-Remo festivalında "L'italiano" mahnısı ilə iştirak edib. Bu mahnı bu günə qədər müğənninin ən çox tanınan mahnısıdır. Mahnı rəsmən beşinci yeri tutub. Lakin xalq səsverməsində mahnı müsabiqənin qlibi olub. 1984-cü ildə Toto San-Remo festivalında "Serenata" mahnısını oxuyur və ikinci yerə layiq görülüb.

1986-cı ildə Toto San-Remoda "Azzurra malinconia" mahnısı ilə dördüncü, 1987-ci ildə isə "Figli" mahnısı ilə ikinci yerin sahibi olur. Həmin ildə Toto italyan televiziyasının tanınmış verilişlərindən birinin aparıcısı olub.

Sonrakı üç ildə də Toto Kutunyo yenidən böyük müvəffəqiyyətlə San-Remo festivalında: "Emozioni" (1988), "Le mamme" (1989) və "Gli amori" (1990) mahnıları ilə çıxış edib.

1990-cı ildə Toto Kutunyo "Insieme: 1992" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsində iştirak edib və bu müsabiqənin qalibi olub. Nəticədə İtaliya Avroviziyanın 1991-ci ildə keçirilməsi hüququ qazanıb. Roma şəhərində keçirilən "Avroviziya-1991" müsabiqəsinin aparıcıları İtaliyanın iki ən layiqli təmsilçisi: Toto Kutunyo və 1964-cü il müsabiqəsinin qalibi Cilyola Çinkvetti olub.

5 illik fasilədən sonra Kutunyo San-Remo festivalına qayıdıb. 1995-ci ildə bu festivalda "Voglio andare a vivere in campagna", 1997-ci ildə isə "Faccia pulita" mahnısı ilə çıxış edib.

1998-ci ildən 2000-ci ilə qədər Toto Kutunyo İtaliya televiziyasında "Sizin faktlar" ("I fatti vostri") proqramının aparıcı olur və öz musiqi fəaliyyətini davam etdirərək müxtəlif ölkələrdə qastrollarda olub.

2008-ci il noyabrın 8-də Toto Kutunyo Bakıya gəlib. Ölkənin baş konsert zalında, yəni Heydər Əliyev adına sarayda, "Qatar" adlı konsert proqramıyla çıxış edib.

2009-cu ilin yazında Rusiyaya konsertə dəvət olunan Kutunyo bu təklifdən imtina edib. Səbəb isə müğənninin xəstəliyinin ağırlaşması və kimyəvi terapiya müalicəsi alması idi. Lakin buna baxmayaraq o, həmin ilin (2009) noyabrında Moskvaya gəlib.

2010-cu ilin noyabrında Kiyev şəhərinə gələn Kutunyo orada Adriano Çelentanonun oğlu Cakamo ilə konsert verib.

18 dekabr 2013-cü ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Baku Crystal Hall"da Toto Kutunyo başda olmaqla, "San-Remo" festivalının digər iştirakçıları Albano, Rikardo Folyi, Umberto Tossi, Toni Espozito, Pupo, Matia Bazar, Fiordaliso, İvana Spanya, "Riki e poveri" konsert proqramı ilə çıxış ediblər. Son olaraq səhnəyə çıxan Toto Kutunyo ən məşhur, sevilən hitləri ilə yanaşı, ilk dəfə olaraq, Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa etmişdi.

Toto Kutunyo hal-hazırda da dünyanın bir çox yerlərində konsertlər verir, yeni mahnılar yazdırır.

Teqlər:
Toto Kutunyo, "Avroviziya" mahnı müsabiqəsi, "Sarı gəlin", müğənni, San-Remo, İtaliya, Bakı

Əsas mövzular