15:31 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Pianoçu Səmra Əmiraslan

Beş ildir Nyu-Yorkda yaşayan azərbaycanlı pianoçudan maraqlı etiraf

© Foto S.Əmiraslan tərəfindən təqdim olunub
CƏMİYYƏT
Qısa URL
44420

Bu günlərdə prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı, Nyu Yorkda təhsil alan pianoçu Səmra Əmiraslan Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında konsert proqramı ilə çıxış edib. Öz çıxışı və xaricdəki təhsili ilə bağlı gənc pianoçu Sputnik Azərbaycan-a ətraflı danışıb.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Bu günlərdə prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı, Nyu-Yorkda təhsil alan pianoçu Səmra Əmiraslan Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında konsert proqramı ilə çıxış edib. Öz çıxışı və xaricdəki təhsili ilə bağlı gənc pianoçu Sputnik Azərbaycan-a ətraflı danışıb.

— Səmra, necə oldu ki, siz xaricdə təhsil almaq qərarına gəldiz?

— Leonid və Mstislav Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbini bitirəndən sonra Bakı Musiqi Akademiyasına daxil oldum. Amma orada cəmi bir il oxudum. Çünki təhsilimi Amerikada davam etdirmək qərarına gəldim və Manhetten konservatoriyasına daxil oldum. Mən orada dörd il təhsil aldım və təhsilimi başa vurandan sonra Nyu York Universitetinin magistraturasına daxil oldum. Artıq oranın birinci kursunu bitirmişəm və ikinci kursa keçmişəm. Həmişə tətil vaxtı vətənə, ailəmin yanına gəlirəm ki, güc toplayım və sentyabrda yeni qüvvə ilə ABŞ-a qayıdım. Bu dəfə mən BMA-da ikinci konsertimi vermək qərarına gəldim. Hər şey yüksək səviyyədə keçdi. Bu, artıq mənim vətəndəki dördüncü solo konsertimdir.

— Azərbaycanla xaricdə təhsil almaq arasında böyük fərq varmı?

— Mənə bu suala cavab vermək çətindir. Çünki Bakıda uzun müddət təhsil almamışam. Mənə sadəcə yerli həmkarlarımın bu barədə fikirləri məlumdur. Baxmayaraq ki, ABŞ-da təhsil alıram, amma başlanğıcda mənim müəllimim rusiyalı pianoçu Arkadi Aronov olub, hazırda isə Eteri Ancaparidzedir. Bu baxımdan, onlar Amerikanın yox, Rusiya məktəbinin təmsilçiləridir. Onlar mənə çox şey öyrədiblər. Etiraf edim ki, Bakıda da yaxşı müəllimim olub — Oqtay Abbasquliyev. Amma ABŞ-da məşğələlər tamam başqa səviyyədə keçirilir. Orada musiqiçilərin inkişafı üçün böyük imkanlar var. Təəssüf ki, bizdə irəli getmək mümkün deyil. Səbəb təkcə şəraitin olmaması deyil. Azərbaycanda musiqini xaricdəki kimi qiymətləndirmirlər.

Pianoçu Səmra Əmiraslan
© Foto S.Əmiraslan tərəfindən təqdim olunub
Pianoçu Səmra Əmiraslan

Onu qeyd etməyə bilmərəm ki, xaricdə təhsil alarkən tək yaşamağı öyrəndim və bir çox məşhur musiqiçilərlə görüşmək imkanı qazandım.

— Amerikada yaşamaq necədir?

— Mən artıq beş ildir ki, Nyu Yorkda yaşayır və oxuyuram. Əvvəlcə bir qədər çətin idi. Öyrəşəndən sonra isə adama elə gəlir ki, başqa yerdə yaşaya bilməzsən. Orada çoxlu imkanlar var ki, onlar bizim ölkədə yoxdur.

— Nyu York Musiqi Universitetində Azərbaycandan tələbələr çoxdur?

— Mən digər ali məktəbdə oxuyanda orada bizim ölkədən 3 pianoçu var idi. Ola bilsin, hazırda oxuduğum universitetdə də var. Sadəcə o, çox böyük universitetdir, 60 min tələbəsi var. Ola bilsin ki, onların arasında azərbaycanlılar da var. Sadəcə mən hələ onlarla rastlaşmamışam.

Səmra Əmiraslanın çıxışı
© Foto S.Əmiraslan tərəfindən təqdim olunub
Səmra Əmiraslanın çıxışı

— Təhsilinizi başa vurandan sonra Bakıya qayıtmaq niyyətiniz var?

— Hər şey mənim orada iş tapa bilib-bilməyəcəyimdən, bir də təhsilimi davam etdirib-etdirməyəcəyimdən asılıdır. Digər variantlar yoxdur.

— Nyu Yorkda rəqabət böyükdür. Həmkarlarınızın arasında fərqlənməniz mümkündürmü?

— Düşünürəm ki, musiqidə kiminsə güclü, yaxud zəif olduğunu demək düzgün deyil. Çünki hər bir adam özünəməxsusdur. Amerikada çox sayda pianoçu və digər musiqiçilər var. Buna görə də, əgər sən dahi olmuş olsan belə, fərqlənmək çətindir. Çünki orada rəqabət böyükdür.

— Xaricdə konsert vermisiz?

— Bəli, mən hər il solo konsertlə çıxış edirəm.

— Bəs müsabiqələrdə necə, iştirak etmisiz?

— ABŞ-a gedənə qədər Azərbaycanda, İtaliyada, Malayziyada müsabiqələrdə iştirak edərək birinci yeri tutmuşam. Amerikada isə ikinci yer və diplomla kifayətlənməli olmuşam.

Səmra Əmiraslanın çıxışı
© Foto S.Əmiraslan tərəfindən təqdim olunub
Səmra Əmiraslanın çıxışı

— Kimin yaradıcılığı sizə yaxındır? Tez-tez nə ifa edirsiz?

— Mənə elə gəlir ki, musiqiçilər üçün profilaktika və vitamin Baxın yaradıcılığıdır. Bir çoxları onun əsərlərini ifa etmirlər. Çünki Baxın musiqisini ifa etmək musiqiçilər üçün çətindir, onu dinləmək isə dinləyicilər üçün.

Mənim sevimli bəstəkarlarım çoxdur. Mən öz konsetlərimdə xarici müəlliflərlə yanaşı azərbaycanlı bəstəkarların da əsərlərini repertuarıma daxil etməyə çalışıram. Bir dəfə Qara Qarayevin yaradcılığına müraciət etmişəm və tamaşaçıların çox xoşuna gəlib. Onlar üçün bu, qeyri-adi idi.

— Sizin Nyu Yorkda iş tapmaq şansınız nə qədərdir?

— Düşünürəm ki, şans həmişə var. Sadəcə düzgün zamanı seçmək lazımdır. Mənim bir neçə variantım var. Konsetlərdə ifa edə bilərəm, digər musiqiçilərlə əməkdaşlıq edə bilərəm və yaxud da dərs deyə bilərəm.

Teqlər:
konsert, Nyu-York, pianoçu, Bakı Musiqi Akademiyası

Əsas mövzular