02:36 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
221 0 0

Hazırda vəziyyət tam nəzarət altındadır və ölkə üzrə mərhələli şəkildə elektrik enerjisinin təminatı bərpa edilməkdədir

BAKI, 3 iyul — Sputnik. Azərbaycanda elektrik enerjisinin kəsilməsi ilə bağlı yaranmış fəsadlar aradan qaldırılır. Sputnik Azərbaycan xəbər verir ki, artıq bir çox sahələrdə həyat normal məcrasına dönüb.

Energetika Nazirliyi və "Azərenerji" ASC-nin birgə operativ məlumatında qeyd olunur ki, həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə təminatı tam bərpa edilib: "Qısa müddət ərzində ölkənin digər bölgələrində də enerjinin verilişi bərpa ediləcək. Hazırda vəziyyət tam nəzarət altındadır və ölkə üzrə mərhələli şəkildə elektrik enerjisinin təminatı bərpa edilməkdədir".

Ölkədə dövlət xəstəxanaları fəaliyyətlərini ştatlı rejimdə davam etdirilər. Hüquq-mühafizə orqanları isə gücləndirilmiş iş rejiminə keçiriliblər. Xüsusən də paytaxtda bəzi ərazilərdə işıqforların bir müddət işləməməsi səbəbindən, yollarda nəqliyyatın hərəkəti Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən tənzimlənib. Hazırda bütün ərazilərdə işıqforların fəaliyyətinin bərpa edilməsinə baxmayaraq, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları əsas küçə və prospektlərdə gücləndirilmiş iş rejimində işləməkdə davam edirlər.

Bakı Nəqliyyat Agentlyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib ki, gecə saatlarından həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində paytaxt yollarında bütün işıqforların fəaliyyəti bərpa edilib. Onun sözlərinə görə, yarana biləcək hər hansı texniki nasazlığın dərhal aradan qaldırılması məqsədi ilə agentliyin şəhər ərazisində texniki heyətdən ibarət mobil qrupları fəaliyyət göstərir.

Bakı Metropolitenində səhər tezdən bəzi problemlər olub. Elektrik enerjisinin olmaması səbəbindən, bəzi stansiyalar işləməyib, metronun "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişin qəbul etməyib. Amma saat 8:32-dən etibarən bütün problemlər aradan qaldırılıb və hazırda bütün xətlərdə qatarların hərəkəti qrafikə uyğun davam edir.

Buna baxmayaraq, bəzi sahələrdə problemlər qalmaqdadır. Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır.

 "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün (iyulun 3-də) günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq.

Mingəçevir şəhərində məlum qəza su təchizatında da problemlər yaradıb. Kür və Ceyranbatandakı sutəmizləyici qurğularda suyun təmizlənməsi və ötürülməsi dayanıb.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, gün ərzində suyun verilişi tam bərpa ediləcək: "Oğuz-Qəbələ-Bakı su kəməri də nasoslarla işləyən subarteziyan quyularla qidalandığı üçün, onun da fəaliyyətində fasilə yaranıb. Həmçinin şəhərdaxili nasoslar və anbarların da fəaliyyəti dayandırılmışdı. İndi Ceyranbatanda tam rejimi bərpa etmişik. Kürdə yığım prosesini bərpa etmişik və tam rejimə keçmək üzrəyik. Oğuz-Qəbələ-Bakını da bu saatlarda qoşmağı planlaşdırırıq. Kürdən Bakıya gələn xəttin dolması 12 saata qədər vaxt aparır. Hidravlik rejimin pozulmaması, sistemdə hava qalmaması və xəttin dağılmaması üçün xəttə su mərhələli şəkildə verilir".

Əlaqədar

Azərbaycan qaranlığa qərq oldu
Ölkənin elektriksiz qalmasının səbəbi açıqlandı
Mingəçevirdə partlayış olub, FHN hadisə yerində çalışır
Prezident baş verənləri şəxsi nəzarətə götürdü
Teqlər:
qəza, Mingəçevir, gücləndirilmiş iş rejimi, polis, qatar, xəstəxana, işıqforlar, "Azərsu" ASC, "Azərbaycan Dəmir Yolları" QSC, Bakı Metropoliteni, kəsilmə, elektrik enerjisi

Əsas mövzular