12:55 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
54710

Xidmətin pis təşkil olunduğu, antisanitariyanın tüğyan elədiyi, gediş-gəlişin əzablı olduğu Qusar rayonuna turistlər necə getsin?!

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. Uzun bayram tətilindən sonra rayonlarda dincələn bakılılar ictimai nəqliyyat çatışmazlığı ucbatından evlərinə qayıtmaqda böyük çətinlik çəkiblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bakıdakı avtobus çatışmazlığı problemi Qusar rayon mərkəzindəki avtovağzalda da müşahidə edilib.

Bir neçə günlüyə Bakıdan rayona valideynlərinin ziyarətinə gedənlər, geri qayıtmaq üçün faktiki olaraq nəqliyyat vasitəsi tapa bilməyiblər. Sərnişinlər uşaqlar və yol çantalarını əllərində saxlayaraq saatlarla avtobusların gəlişini gözləməli olublar. Nəhayət, avtobus gələndə də basabasla qarşılaşıblar.

Hamı avtovağzalı tərk etmək üçün yer tutmağa çalışıb. Çünki Qusarda heç adi günlərdə saat 16:00-dan sonra avtobus tapmaq mümkün deyil. Sərnişinlər onsuz da adətən heç kəsin yoxlamadığı biletin çatışmadığına məhəl belə qoymayıblar. Onsuz da bələdçilər sərnişinlərdən pulu nağd alırlar.

Sürücülər isə basabasdan istifadə edərək qəsdən vaxtında gəlməyiblər və sərnişinləri vaxtında mənzil başına çatdırmayıblar. Bundan başqa adamlardan 1 manat artıq biletpulu tələb ediblər, yəni 4 manat əvəzinə 5 manat alıblar (yeri gəlmişkən, xatırladaq ki, qəbul olunmuş tariflərə əsasən Bakıdan Qusara və əksinə 1 nəfər üçün gediş biletinin qiyməti 2 manat 80 qəpikdir).

Avtovağzalın sərnişinlərdən boşaldılmasına taksi sürücüləri kömək edib. Əlbəttə ki, özəl nəqliyyatda gediş qiymətləri də kifayət qədər bahadır (1 nəfərlik yer 10 manat), lakin hər halda saatlarla avtobus gözləməkdən yaxşıdır.

Belə qarışıqlıqda sərnişinlər hər yerdə antisanitariyanın hökm sürdüyünə də heç fikir verməyiblər. Avtovağzal binası Sovet İttifaqı dövründə inşa olunub və o vaxtdan da demək olar ki, təmir edilməyib. Hər yerdə avtovağzal tikiləndə salınmış asfalt örtüyü və səkilər dağılmış vəziyyətdədir. Hər yer toz-torpaq və zir-zibildən ibarət çirkab mənzərədən ibarətdir. Gözləmə zalı isə kifayət qədər uyğunsuzdur. Adamlara birinci mərtəbədə dayanıb avtobus gözləmək daha rahatdır, nəinki ağır çantaları pilləkənlə ikinci mərtəbəyə qaldırmaq. Odur ki, insanlar qışı-yayı saatlarla küçənin ortasında dayanıb öz reyslərini gözləyirlər. Qışda isə Qusarın isti olmadığı heç kəsə sirr deyil.

Məmurlara xatırlatmaq istəyirik ki, Qusar bölgəsi dövlət başçısı İlham Əliyevin bu yaxınlarda turizmi inkişaf etdirməyə dair təlimat verdiyi istirahət zonalarından biridir. Görünür, əcnəbilər hələ uzun müddət Azərbaycanın ən gözəl guşələrindən birinə getməyi unutmalı olacaqlar. Çünki hələ də bu rayonun mərkəzində vətəndaşlara normal xidmət etmək gücündə olmayan belə yararsız avtovağzal, yarıtmaz ictimai nəqliyyat mövcuddur. "Turizm cənnəti"ndə insanlara belə "cəhənnəm əzabı" yaşatmırlar, ey hörmətli məmurlar?!

Teqlər:
qiymət, taksi, Avtovağzal, bayram, Qusar, avtobus, turizm

Əsas mövzular