ELM

Bakıdan atılan oxlar rayonların darvazalarına dəyib yerə düşür

© Sputnik / Murad OrujovMəmur
Məmur - Sputnik Azərbaycan
Abunə olmaq
Əmindirlər ki, başçının əmrinə qarşı gələrlərsə, onları heç öz nazirləri də qoruya bilməz

BAKI, 4 iyun — Sputnik. Bu məsələyə daha öncə toxunmuşduq. Məlum "26" ("Twenty six") adlı kafenin fəaliyyəti dayandırıldığı zaman. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun şifahi göstərişi ilə sahibkarlıq obyektinin yerlə yeksan edildiyi vaxt.

26 adlı kafenin bağlanması, Bakı, 8 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
CƏMİYYƏT
Merin qəzəbi, "qanunsuz 26" və cavab axtaran suallar

Həmin yazıda suallar ortaya qoymuşduq. Ki:

Şəhər (rayon) icra hakimiyyətlərinin başçılarına bu qədər səlahiyyət vermək nə dərəcədə əşhədü zərurətdən doğur? Məsələn, nə boyda ölkəmiz, neçə yüz milyon əhalimiz var ki, buna nəzarət imkanı risklərlə dolu olsun?

Rayon (şəhər) rəhbərinin qeyri-məhdud səlahiyyəti, digər mərkəzi icra strukturlarının yerli şöbələrinin fəaliyyətini iflic vəziyyətə salmırmı? Məsələn, polis rəisi, prokuror (və s.), niyə öz yuxarı rəhbərliyinə, yoxsa icra başçısına hesabat verməli olduğunu ayırd etmək üçün baş sındırmalıdır? Bu ikili tabeçilik dəfələrlə gizli-aşkar qalmaqallara səbəb olmayıbmı?

Təbii ki, bu suallara nəinki cavab, heç əhəmiyyət verən də olmamışdı. Problem isə olduğu kimi, hətta yüksələn xətt üzrə davam edir. Bu günlərdə öyrəndiyim bir məlumat məsələnin nə dərəcədə ciddi olduğunu çılpaqlığı ilə ortaya çıxarır.

Hadisə ölkənin ən böyük şəhərlərindən birində cərəyan edir (danışan şəxsin xahişini nəzərə alaraq konkret ünvan qeyd etmirik). Deməli, direktor məktəbdə "at oynadır", asır-kəsir, alır-verir, döyür-söyür…

O direktor ki, direktorluq imtahanından kəsilib, sadəcə şəhər rəhbərliyinin təqdimatı ilə məktəbə müvəqqəti idarəedici təyin edilib. Və yenə o direktor ki, bir müddət öncə təhsil nazirinin əmri ilə işdən azad edilsə də, heç nə olmamış kimi işinə (asıb-kəsməyə, yığıb-döşürməyə) davam edir.

Şamaxı şəhərinin girişi, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Şamaxıda direktorun niyə döyüldüyü məlum oldu

Ən maraqlısı isə odur ki, onun əmrdən sonra da məktəbə rəhbərlik etməyə davam etməsindən heç Təhsil Nazirliyindəkilərin xəbəri yoxmuş. Bu günlərdə məktəbdə yaşanan bir qalmaqaldan sonra nazirlikdə agah olublar ki, sən demə bu "qala" hələ də yıxılmayıb. Və indinin özündə də nazirlik o direktoru vəzifədən götürməkdə acizdir.

Bütün bunların səbəbi də odur ki, həmin şəhərdə (eləcə də bütün şəhər və rayonlarda) hər şeyə və hər kəsə hökmü keçən bir nəfər var — icra başçısı. İcra başçısının adamları olan direktora təhsil naziri, baş həkimə səhiyyə naziri, mədəniyyət şöbəsinin müdirinə mədəniyyət naziri (və sair) "bata" bilməz. Ki, zatən, mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı əksər şöbələrinə icra başçılarının adamları təyin olunur, ya da təyin olunduqdan sonra onun adamı olmağa məcbur olurlar.

Çünki öz birbaşa rəhbərliyindən daha çox rayonun (şəhərin) rəhbərinə hesabat verməlidir, onun əmrlərini icra etməlidir. Yaxşı xatırlayır ki, onun bu vəzifəyə təyin olunması üçün Bakıdakı rəhbərliyi rayonun icra başçısına 1 il xahiş-minnət edib. Ona da əmindir ki, başçının hansısa əmrinə qarşı gələrsə, onu heç öz naziri də qoruya bilməz.

Təsəvvür edin, yuxarıdakı prosesin cərəyan etdiyi şəhərin Təhsil İdarəsinə Təhsil Nazirliyindən zəng edərək sözügedən direktorun vəzifəsini təhvil verib-vermədiyini soruşublar. Və İdarə rəisi yuxarı rəhbərliyini aldadıb, direktorun vəzifədən uzaqlaşdırıldığını deyib. Axı, onun ağası şəhər üzrə təhsil siyasətini ona həvalə edən nazir deyil, şəhərin əsl sahibidir. Adam da yalnızca başçını tanıyır, ona hesabat verir.

Ortaya yenə sual çıxır, həm də günün sualı: Bir orta məktəbin direktorunu yerindən tərpədə bilməyən nazir ölkənin təhsil sisteminə hansı islahatları vəd etsin ki?

Xəbər lenti
0