18:51 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
100 0 0

Tədqiqat qrupunun topladığı məlumata əsasən, Mingəçevir şəhərində 996 xüsusi qayğıya ehtiyacı olan uşaq var

BAKI, 29 may — Sputnik. Mingəçevir şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqların vəziyyətinin öyrənilməsi ilə bağlı tədqiqat həyata keçirilmişdir.  Tədqiqat çərçivəsində 29 ailəyə səfərlər edilmişdir. Səfərlər çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların üzləşdiyi problemlər üzə çıxarılmış, bu problemlərin hansı fəsadları törətdiyi öyrənilmişdir.  

Tədqiqat qrupunun topladığı məlumata əsasən, Mingəçevir şəhərində 996 xüsusi qayğıya ehtiyacı olan uşaq var ki, təkcə onların 227 nəfəri Mingəçevirin Az.Dress qəsəbəsinin payına düşür. Digərləri isə Mingəçevirin “Şəhər”, “Bağlar” adlanın yaşayış məntəqələri, Günəşli qəsəbəsi və müxtəlif yataqxanalar üzrə səpələnmişlər. 

996 xüsusi qayğıya ehtiyacı olan uşaqların 25%-indən çoxu (263 nəfər) bu və ya digər formada təhsilə cəlb edilmişdir. Belə ki, onlardan 104 nəfəri “Uşaq və Ailələyə Dəstək Mərkəzi”nə, 62 nəfəri evdə təhsilə, 60 nəfəri inkluziv təhsilə, 21 nəfəri isə nevroloji sanitariyaya cəlb edilmişlər.

Ziyarət edilən 29 ailədə uşaqların yaşı 4-18 arasında dəyişir. Ziyarət edilən uşaqlarda ən çox sereberal iflic, ensefalopatiya, nitq qüsuru və ləngiməsi, eşitmə, görmə, o cümlədən daxili və xarici çəpgözlük problemləri müşahidə edilmişdir. Ailələrin ağır iqtisadi vəziyyəti bu problemlərin fəsadlarını daha da artırırır. Ailələrin hal-hazırda daha çox loqoped xidmətinə, eşitmə aparatına, göz müalicəsinə, əlil aparatına, fizioterapiyaya və reabilitasiya xidmətlərinə ehtiyacları var.

Hökumət hansı işləri görüb?

Bu sahənin qanunvericilik bazası kifayət qədər formalaşmışdır. Belə ki, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanun 2001-ci ildə qəbul edilmişdir. Bu qanun sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsili sahəsində yaranan münasibətləri tənzimləyir, xüsusi təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Bundan başqa, “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili” Qaydaları Nazirlər Kabinetinin 2002-ci il qərarı ilə təsdiqlənmişdir. Həmçinin, loqopedik xidmət, psixoloji-tibbi-pedaqoji komissiyanın səlahiyyəti, inteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili, sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil almaq qaydası, reabilitasiya mərkəzləri və xüsusi təhsil müəssisələrinin əsasnamələri, sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsil müəssisələrinə qəbulu qaydası Nazirlər Kabinetinin müxtəlif qərarları ilə müəyyən edilmişdir.

Bundan başqa, İnkluziv Təhsil haqqında Dövlət proqramı il 3 fevral, 2005-ci tarixində qəbul edilmişdir. Sözügedən proqram çərçivəsində inkluziv təhsil Azərbaycanın bir sıra rayon və şəhərlərində, o cümlədən Mingəçevirdə tətbiq edilməkdədir. Belə ki, hal-hazırda Mingəçevir şəhərində Təhsil Nazirliyinin tabeliyində olan “Uşaq və Ailəyə Dəstək Mərkəzi”ndə 55 uşaq günlük qruplara, 49 uşaq isə fərdi və kollektiv məşğələlərə cəlb edilmişdir. Burada uşaqlara reabilitasiya, loqoped və sosial-psixoloji xidmətlər göstərilir. Yuxarıda qeyd edildiyi kimi, evdə təhsil imkanından 62 uşaq istifadə edir, Mingəçevir Şəhər Uşaq Nevroloji Sanatoriyasına isə 21 nəfər uşaq cəlb edilmişdir. Sanatoriyada xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün lazımi şərait yaradılmışdır. 

2005-ci ildən Mingəçevirdə inklüziv sinif və qruplar açılıb. İki məktəb və iki bağçada inkluziv təhsil həyata keçirilməyə başlanılıb. Sağlamlıq imkanları məhdud olan uşaqların normal inkişaf edən yaşıdlarını müşahidə etmək, onları təqlid etmək, onlarla ünsiyyətdə olmaq sosial münasibətləri inkişaf etdirir. Mingəçevirdə 60 nəfər uşaq inklüziv təhsilə cəlb edilmişdir. Bu uşaqlar sağlam və xüsusi qayğıya ehtiyacı olanlara bölünür, onlar öz fərdi xüsusiyyətləri, ehtiyacları və istedadları olan ayrı-ayrı şəxsiyyətlər kimi nəzərdən keçirilir və daim təlim prosesində dəstək alırlar.

Biz nə təklif edirik?

Layihə çərçivəsində görülən işlərə nəzər saldıqda məlum olur ki, bu sahədə müəyyən işlər görülüb. Lakin layihə dövründə problemlər müşahidə edilmişdir və bununla əlaqədar aşağıda qeyd olunan təkliflər irəli sürülür:

Uşaqların müayinə və müalicə olunması: Belə ki, səfər edilmiş ailələrin əksəriyyətinin imkanı yoxdur. 24 ailəyə baş çəkərkən məlum olub ki, 27 uşağa maddi yardım göstərilməlidir. Onların içərisində müayinə və müalicəyə ehtiyacı olanlarda var.

Uşaqların reabilitasiya xidməti keçməsi: Mingəçevir şəhərində loqoped, reablitasiya, psixoloji xidmətlərin göstərilməsi üçün özəl mərkəzlər yaradılsa da, imkansız ailələr bu mərkəzlərin xidmətindən istifadə edə bilmirlər. Yaxşı olar ki, sosial layihələr çərçivəsində belə mərkəzlərin yaradılmasına diqqət artırılsın.

Uşaqların sosial-emosional inkişafını dəstəkləyən layihələrin maliyyələşmə istiqamətinin paytaxtdan rayonlara doğru dəyişməsi: Regionlarda bu sahədə demək olar ki, sosial iş görülmür.

Reabilitasiya mərkəzlərinin sayının artırılması: Regionlarda mərkəzlərin yaradılması (loqoped, reabilitasiya, defektoloq, psixoloq) vacibdir. 

Serebral iflic xəstəliyinin müalicəsinə xüsusi diqqət yetirilməsi: Belə ki, serebral iflicdən əziyyət çəkən uşaqların sayı artmaqdadır. Onların hər birinin müayinə və müalicəyə ehtiyacı var. Hal-hazırda 4 nəfər bu xəstəlikdən əziyyət çəkir. Səfər zamanı 6 nəfər uşağın eşitmə aparatına, 4 nəfər uşağın əlil arabasına, 3 nəfər uşağın eynəyə ehtiyacı olduğu aşkar edilmişdir.

Sağlamlıq imkanları məhdud uşaqların məktəb təliminə hazırlanması: Xüsusi qayğıya ehtiyacı olan uşaqlar həmyaşıdlarına münasibətdə intellektual və sosial inkişaf baxımından geri qalırlar, ona görə də belə təlimlərin təşkil edilməsi əhəmiyyətli olardı.

Uşaqların  valideynləri üçün də uşaqların məktəbə hazırlanması mövzusunda maarifləndirmə təlimlərinin keçirilməsi: Uşağın intellektual və sosial inkişafında ailənin də rolu danılmazdır. Bu mənada valideynlərin maarifləndirilmə təlimlərinə cəlb edilməsi vacibdir.

Skolioz xəstəliyinə düçar olan gənc qıza kömək göstərilməsi: Tədqiqat zamanı müəyyən edilmişdir ki, uşaqlardan biri skolioz xəstəliyindən əziyyət çəkir, onun xəstəliyi ciddidir və xüsusi müalicəyə ehtiyacı var. 

Məqalə Avropa İttifaqının maliyyə yardımı ilə BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində yazılmışdır. 

Əsas mövzular