CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mövsümlər arasında 65 dərəcə fərq olan türk şəhərinə səyahət

© Sputnik / Irade JELILƏrzurum şəhərindən bir görüntü
Ərzurum şəhərindən bir görüntü - Sputnik Azərbaycan
Abunə olmaq
İnsanın dəyərli olduğu şəhər və ya "Ərzurumun gədiyinə varanda"

İradə Cəlil, Sputnik Azərbaycan, I yazı

BAKI, 23 may — Sputnik. Ərzurum haqqında çox eşitmişdim. Hətta uşaqlıqda Məmməd Aslanın "Ərzurumun gədəyinə varanda" kitabını oxuyanda Ərzurumu görməyi arzulamışdım da. Dağların ətəyində gəzmək, tarixi abidələri görmək, Ərzurum qalasını ziyarət etmək, Ərzurumun tarixi ilə tanış olmaq üçün "Ərzurum evlərində" olmağı da çox arzulamışdım.

Və o arzuma çatdım. Təhsilimlə bağlı yolum Ərzuruma idi. Qarşıda imtahanlarım vardı.

Azərbaycandan Türkiyəyə — Ərzuruma gedən yolları görmək, maraqlı məqamların şəklini çəkmək və yazmaq üçün avtobusla getməyə qərar verdim. Amma bunun üçün əvvəlcə Naxçıvan avtovağzalına getmək lazım idi. Naxçıvan avtovağzalından İğdıra, Ərzuruma, İstanbula və digər şəhərlərə iki müxtəlif şirkətin avtobusları ilə yanaşı, taksilər, mikroavtobuslar da gedir. Avtobuslar 20 Türkiyə lirəsinə (8 Azərbaycan manatı) Naxçıvandan İğdıra aparır.

© Sputnik / Irade JELILSədərək sərhəd keçid məntəqəsində növbə
Sədərək sərhəd keçid məntəqəsində növbə - Sputnik Azərbaycan
Sədərək sərhəd keçid məntəqəsində növbə

Ən böyük problemi sərnişinlər Sədərək sərhəd keçid məntəqəsində yaşayır. Çünki burdan keçmək üçün saatlarla gözləmək lazımdır. Bu da gömrük işçilərinin insafından asılıdır.

Onu da deyim ki, Sədərək Gömrük məntəqəsində sərnişinlərin rahatlığının təmin edilməsi üçün heç bir şərait yoxdur. Hətta məntəqənin normal şəraiti olan ayaqyolusu belə… Məntəqənin qarşısında saatlarla gözləyən insanlar ehtiyac duyduqda gigiyenik qaydaların pozulduğu, xəstəlik mənbəyi olan, su da gəlməyən ayaqyoludan istifadə etməyə məcbur olurlar.

© Sputnik / Irade JELILSədərək sərhəd keçid məntəqəsinin sanitar qovşağı
Sədərək sərhəd keçid məntəqəsinin sanitar qovşağı - Sputnik Azərbaycan
Sədərək sərhəd keçid məntəqəsinin sanitar qovşağı

Nə isə…

Avtobus sərhəd keçid məntəqəsini keçməmiş əvvəlcə gömrük işçisi elə avtobusdaca pasportları yoxlayır. Sonra məntəqəyə daxil olursan, orada da pasportuna möhür vurulur, çantalara baxış keçirilir və Türkiyə tərəfə keçmək hüququ qazanırsan. Əgər özünlə artıq — yəni gömrükdən keçirilməsinə icazə verilməyən nəsə götürmüsənsə, Türkiyə gömrüyündə əlindən alınacaq.

İki saat gözlədikdən sonra nəhayət ki, sərhədi keçmək xoşbəxtliyinə nail ola bildim.

© Sputnik / Irade JELILНа турецко-азербайджанской границе
На турецко-азербайджанской границе - Sputnik Azərbaycan
На турецко-азербайджанской границе

Türkiyə sərhəd keçid məntəqəsində də oxşar vəziyyət yaşanır. Burada yoxlamalar bir qədər sərt həyata keçirilir. Hətta bir qadının özü ilə götürdüyü əlavə siqareti alıb zibil qabına atdılar. Hər bir sərhədi keçənin bir yanlışı hamının gecikməsinə səbəb olurdu.

Və beləcə səfər başladı. Nəhayət İğdıra çatdıq. Buradan avtobusu dəyişib Ərzuruma gedən avtobusa mindim. Araz çayı boyunca yolumuz Ərzuruma idi. Avtobusla sonrakı səyahət o qədər də gərgin olmadı.

Ərzurum…

Ərzurum məni yağışla qarşıladı. Orada yay geyimində olan təkcə mən idim desəm, yalan olmaz.

© Sputnik / Irade JELILƏrzurumda yağışlı gün
Ərzurumda yağışlı gün - Sputnik Azərbaycan
Ərzurumda yağışlı gün

Ərzurum Türkiyənin ən böyük 29 şəhərindən biridir. Dənizdən 1900 metr yüksəklikdə olan Ərzurumda əhalinin çox hissəsi əkinçilik və heyvandarlıqla məşğuldur. Ərzurum son illərdə qış turizmi ilə məşhurlaşıb. Soyuq iqlimi olduğu üçün burada sənaye o qədər də inkişaf etməyib.

Tarixi mənbələrə görə, əvvəllər Ərzurumun adı II Roma imperatoru Zeodosiusun şərfinə Zeodosiopolis adlanıb. Ermənilər buranı nə vaxtsa "Karin" də adlandırıblar. Ərzurumda bu günə qədər urartular, kimmerlər, iskitlər, hititlər, medlər, farslar, romalılar, bizanslılar, sasanilər, əməvilər, səlcuqlar, moğollar, ilhanlılar, səfəvilər, osmanlılar yaşayıb.

© Sputnik / Irade JELILƏrzurum şəhərindən bir görüntü
Ərzurum şəhərindən bir görüntü - Sputnik Azərbaycan
Ərzurum şəhərindən bir görüntü

Yolboyu Ərzumu əhatəyə alan dağlar göz oxşayır. Müxtəlif zamanlarda güclü zəlzələlər olduğu üçün Ərzurum böyük zərərlər görüb. Burada qış soyuq və qarlı, yay isə çox isti və quraq keçir. Sakinlərinin sözlərinə görə, Ərzurumda yayda 35 C isti, qışda isə —30 C soyuq olur.

Ərzurumluların ən çox istifadə etdiyi söz "dadaş"dır. "Dadaş" böyük qardaş, dost, sirdaş, dəliqanlı, igid deməkdir. Burda çox zaman kişilər bir-birlərinə "dadaş" deyə müraciət edirlər. Dadaş həm də eşq, sevgi, qəhrəmanlıq kimi duyğuları simvolizə edir. Buna görə şəhərin bir çox mağazalarına "Dadaş" adı verilib.

Hotelə çatanda artıq hava qaralmışdı. Qeydiyyatçı bildirdi ki, mən gec getdiyim üçün otağımı başqasına veriblər. Bokking saytından otaq sifariş etməyin üstünlüklərindən biri də budur ki, əgər hotel sənin otağını satırsa, sənə necə olursa-olsun otaq verməlidirlər. Buna görə də mənə bir nəfərlik otaq əvəzinə, 3 nəfərlik otaq verdilər. Ərzurumda normal otağın günlük qiyməti 75 Tl-dir (29 manat).

Onu da xüsusilə qeyd edim ki, Ərzurum insanı fərqlidir. Qarşısındakına dəyər verməyi bacarır. Ərzurum insanı üçün ilk sırada insanlıq, mehribanlıqdır. Maddiyyat daha sonra gəlir…

(Davamı növbəti yazıda)

Xəbər lenti
0