12:36 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR1.9967
Uşaq bağçası, arxiv şəkli

Tələbatımızın cəmi 30 faizini ödəyir, kadrlar çatmır, qəbul zamanı da ki...

© Foto : Azərbaycanın birinci xanımının rəsmi internet səhifəsi
CƏMİYYƏT
Qısa URL
268 0 0

Bu sahədə çalışanlar arasında qeyri-ixtisaslı və ya ümumiyyətlə təhsil almayanlar çoxdur

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. Valideynlər çox vaxt uşaqlarını dövlətdən maliyyələşən bağçalara yerləşdirərkən çətinliklərlə üzləşirlər. Əsas çətinlik bağçalardakı sıxlıqla bağlı olur. Sıxlığın yaranmasına səbəb isə uşaqların sayının çox, dövlət hesablı bağçaların sayının az olmasıdır. Bu da valideynləri narazı salır.

Sözügedən problemlə bağlı redaksiyamıza dəfələrlə şikayətlər daxil olub. Şikayətlərdən aydın olur ki, bu problem həm Bakıda, həm də digər şəhər və rayonlarda müşahidə olunur.

Özəl bağçalar isə ödəniş haqqı yüksək olduğundan, demək olar ki, valideynlərin çoxunun büdcəsinə uyğun gəlmir.

Sputnik Azərbaycan təhsil eksperti Kamran Əsədovun məhz bu problemlərlə bağlı fikirlərini öyrənib.

K.Əsədov deyib ki, ölkədəki uşaq bağçaları tələbatın 30 faizini ödəmir: "Hazırda respublikada 1677 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrindən 1637-si dövlət hesablı, 40-ı isə özəldir. Bakı şəhərində 387 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrində 111 090 uşaq tərbiyə alır və uşaqların məktəbəqədər təhsilə cəlbi 14,8% təşkil edir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların yaş səviyyəsinə uyğun olaraq 1-2 və 2-3 yaş qruplarının hər birinə 15, 3-4, 4-5, 5-6 yaş qruplarına isə hər birinə 20 uşaq düşür".

Ekspertin fikrincə, uşaq bağçalarında problem təkcə yer azlığı deyil: "Problem, həmçinin həm Bakı şəhəri üzrə, həm də kənd və rayonlarda ixtisaslı kadr çatışmazlığıdır. Təəssüf ki, bu sahədə çalışanlar arasında qeyri-ixtisaslı və ya ümumiyyətlə təhsil almayanlar çoxdur".

Kamran Əsədov
© Sputnik / Murad Orujov
Kamran Əsədov

Əsədov əlavə edib ki, dövlət hesablı uşaq bağçalarının böyük əksəriyyəti Bakı şəhərində yerləşir: "Paytaxtda 345 müəssisə tam fəaliyyətdədir. Bu müəssisələrdə 36 977 uşaq təlim-tərbiyə alır. Bu günədək 345 məktəbəqədər təhsil müəssisəsindən 174-ü iki il ərzində dövlət vəsaiti hesabına tam təmir olunub və təminat məsələsi yüksək səviyyədə həll edilib".

Ekspert uşaq bağçalarında qida probleminin də olduğunu vurğulayıb: "Dövlət tərəfindən gün ərzində 4 dəfə yüksək səviyyədə qidalanma menyusu müəyyən edilib verilsə də, təəssüf ki, uşaqlar üçün verilən qidalar daha keyfiyyətsiz və az həcmdə olur".

Bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün araşdırma aparan K.Əsədovun qənaətincə, bağçalara olan tələbatı tam şəkildə aradan qaldırmaq üçün 1530 bağçaya ehtiyac var: "Bununla bərabər, uşaq bağçalarına qəbul zamanı yaranan neqativ halların aradan qaldırılması üçün qəbulu onlayn qaydada, elektron xidmətlərin təşkili ilə həyata keçirmək lazımdır. Həmçinin bu müəssisələrdə çalışanların bilik və bacarıqları yoxlanılmalıdır".

Qeyd edək ki. dövlət hesablı uşaq bağçaları 2012-ci ilə qədər Təhsil Nazirliyinin tabeliyində olub. Daha sonra bağçalarda keyfiyyətsiz qidalanma, təmir-tikinti işlərinin yubadılması kimi nöqsanlar nəzərə alınaraq məktəbəqədər tərbiyə müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.

Teqlər:
uşaq bağçası, kadr, sıxlıq, Kamran Əsədov, problem

Əsas mövzular