05:46 20 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9343
Витрины в супермаркете, фото из архива

Mağazalarımızda insanları “zəhərləyən” şəbəkə var?

CC0 / MemoryCatcher / Supermarket
CƏMİYYƏT
Qısa URL
83301

“Bu, istehlakçının hüquqlarının pozulması ilə yanaşı, onlarının sağlamlığı üçün də təhlükəlidir”

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Son zamanlar istehlakçıları narahat edən məsələlərdən biri də mağazalarda, marketlərdə qida məhsullarının son istifadə tarixlərinin dəyişdirilməsidir. Bəzi marketlərdə istifadə müddəti keçmiş məhsulların üzərinə yeni istifadə tarixləri qeyd olunaraq satılır.

Bu, bir çox məhsullarda — kolbasa, kiloqramla satılan konfetlər, şirniyyatlar və s. özünü göstərir. Hətta istifadə müddəti keçmiş bəzi məhsullar elə marketlərdəcə yenidən qablaşdırılır, üzərilərinə yeni istifadə tarixlərini göstərən yarlıqlar yapışdırılır. Əlbəttə ki, bu hal istehlakçının hüquqularının pozulması ilə yanaşı, onların sağlamlığı üçün də təhlükəlidir.

Bəs, belə xoşagəlməz halla üzləşən istehlakçı nə etməlidir, necə davranmalıdır? Mağazada satılan məhsulun istifadə tarixi dəyişdirilibsə, istehlakçı kimə müraciət etməlidir? 

Sputnik Azərbaycan istehlakçıları maraqlandıran bu suallara ekspertlərlə cavab tapmağa çalışıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında əvvəlcə xatırladıb ki, “Ərzaq məhsullarının təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarında, həmçinin Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, vaxtı keçmiş ərzaq məhsullarının satışı qadağandır.

“Hər hansı super marketdə istifadə vaxtı keçmiş bir ərzaq məhsulu belə satılırsa, market sahibini 1500 manat məbləğində cərimə gözləyir. Bu cəriməni İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirir”, — o əlavə edib.

E.Hüseynov sualımıza cavabında bildirib ki, belə hal ilə qarşılaşan istehlakçı ilk növbədə, tədbir görülməsi üçün mağaza rəhbərliyinə müraciət etməlidir. Bundan sonra isə İqtisadiyyat Nazirliyinə müraciət etməlidir. 

Həmçinin "Azad İstehlakçılar" Birliyinə də müraciət edə bilərlər: “Müraciət edən istehlakçının da iştirakı ilə mağazadakı malların məhv edilməsinə nail ola bilərik. Çox təəssüflər olsun ki, 20 ildən çoxdur istehlakçı hüquqlarının qorunması ilə məşğul olmağıma baxmayaraq, cəmi iki dəfə vaxtı keçmiş məhsulların kütləvi və şəffaf şəkildə məhv edilməsinə nail ola bilmişik”.

"Bizə qurd basmış xurma, konfet və s. ilə bağlı şikayətlər daxil olub. Qablaşdırma üzərində uzunmüddətli istifadə tarixi qeyd edilsə də, məhsulun özü keyfiyyətini itirmiş olub. Bu da o deməkdir ki, bununla məşğul olan xüsusi şəxslər var ki, məhsulu yenidən qablaşdırır, üzərinə yeni tarix əlavə edirlər”, — deyə E.Hüseynov qeyd edib. 

Bu halın cinayət olduğunu vurğulayan ekspert onu da əlavə edib ki, çox təəssüf, dövlət məhsulların etiketini dəyişən, yenidən qablaşdıran şəbəkəni ifşa etmir: “Bizə “Kinder” şokoladları barəsində şikayət daxil olmuşdu. Biz bu barədə distribüter şirkətə müraciət etdik ki, məhsullar satışdan çıxarılsın. Ancaq çıxarılmadı. Biznes qurumları onlar üçün yaranmış vəziyyətdən sui-istifadə edirlər".

Hüquqşünas Fərid Həmidli isə bildirib ki, istehlakçılar qarşılaşdıqları belə xoşagəlməz hallarla bağlı İqtisadiyyat Nazirliyinin “195-2” çağrı mərkəzinə və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidirlər.

Hüquqşünasın sözlərinə görə, edilmiş müraciət araşdırılacaq və fakt təsdiqini taparsa, qayda pozanlar cəzalandırılacaq. Sözügedən məhsulun üzərindəki son istifadə tarixini dəyişənləri isə, fiziki şəxs olduqda 1500 manatdan 2 min manatadək, hüquq şəxs olduqda isə 4 min manatdan 5 min manatadək cərimə gözləyir.

F.Həmidli onu da əlavə edib ki, istehlakçının, tələblərini ödəməyən malı keyfiyyətli malla dəyişdirmək hüququ da var. Bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsi ilə tənzimlənir. 

"Qanunda deyilir ki, lazımi keyfiyyətli qeyri-ərzaq məhsulunu öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ var”, — hüquqşünas vurğulayıb.

Onu da bildirib ki, istehlakçı aldığı malı, alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün isə, satıcı tərəfindən daha uzun müddət verilə bilər.

“İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər”, — hüquqşünas qeyd edib.

Əlaqədar

Azərbaycan istehlakçısı nə qədər və necə müdafiə olunur?
Eyyub Hüseynov: “Yalançı endirimlərlə istehlakçıları aldadırlar”
"İstehsalçılar fürsətdən istifadə edib istehlakçıları "soyurlar"
Yarımçıq tikintilər: istehlakçı həm pulunu itirir, həm ümidini
Teqlər:
Azad İstehlakçılar Birliyi, Nazirlər Kabineti, Eyyub Hüseynov

Əsas mövzular