Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dövlətdən vətəndaşa müjdə: Bütün boş iş yerləri "ayağınıza gələcək"

CC BY 2.0 / Danni Atherton / BusinessmanМужчина за компьютером, фото из архива
Мужчина за компьютером, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Vakansiya bankının yaradılması əmək bazarında boş iş yerlərinə əlçatanlığın artmasına, subyektiv yanaşmaların, nöqsanların aradan qalxmasına səbəb ola bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 aprel — Sputnik. Azərbaycanda işsizliklə bağlı vakansiya bankı yaradılır. Vakansiya bankının yaradılması yenidən hazırlanmış "Məşğulluq haqqında" qanun layihəsinin 7-ci maddəsində əksini tapıb.

Maddəyə görə, vakansiya bankı elektron informasiya sistemində işəgötürənlərin yeni yaradılan iş yerləri və vakansiyalar barədə həmin sistemə daxil etdikləri məlumatlar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılacaq. Məlumatları nəzərdə tutulmuş müddətdə elektron informasiya sisteminə daxil etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar.

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

Sputnik Azərbaycan vakansiya bankının yaradılmasının işsizliyin azaldılmasına nə kimi müsbət təsir göstərəcəyini mütəxəssislərdən soruşub. İqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, indiyədək Azərbaycanda məşğulluq xidmətləri ilə vətəndaşlar arasında yaranmış ən mühüm problemlərdən biri məhz uyğun işlərin təklif edilməməsi olub: "Qanunvericiliyə görə, vətəndaş iş axtarırsa və yaxud da işsizlik müavinəti üçün müraciət edirsə, Dövlət Məşğulluq Xidməti 10 iş günü ərzində vətəndaşa yeni iş yeri təklif edir".

"Vətəndaş təklif edilən işi qəbul etmədikdə işsizlik müavinəti imkanından istifadə edə bilməz. Təklif olunan işin vətəndaşın sosial şəraitinə, bilik və bacarıqlarına uyğun olub-olmaması mühüm problemlərdən birinə çevrilirdi. Əksər hallarda onları qane etməyən işlər təklif olunurdu. Vətəndaşların razılığı olmadığı üçün onlara sosial müavinət də verilmirdi", — ekspert deyib.

İqtisadçının fikrincə, vakansiya bankının yaradılması ən mühüm problemlərdən biri olan uyğunsuzluğun aradan qalxmasına müəyyən qədər dəstək verə bilər: "Çünki vakansiya bankı yaranarsa, Azərbaycan vətəndaşlarının bu məlumatlara birbaşa, onlayn çıxışı olacaq. Belə bir şəraitdə də öz bilik və bacarıqlarına, eyni zamanda tələblərinə uyğun iş tapmaq imkanları nisbətən arta bilər".

O, qeyd edib ki, həmçinin bu bazarda rəqabətlilik də dərinləşə bilər: "Çünki, ümumiyyətlə əvvəlki dövrlərdə əksər hallarda subyektiv yanaşmaların olduğunu müşahidə edirdik və yaxşı iş yerlərini təklif etmək üçün müəyyən qədər fərdi maraqlar ortaya qoyulurdu. Amma vakansiya bankı yaradılarsa, vətəndaşın işəgötürənə çıxış imkanı olacaq. Bu isə mənfi halları müəyyən qədər azalda bilər".

Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda əmək bazarında müəyyən işədüzəltmə şirkətləri fəaliyyət göstərir və onların fəaliyyətində ciddi nöqsanlar var: "Əksər hallarda həmin şirkətlər vətəndaşları aldadırlar. Vakansiya bankının yaranması bu bazarda müəyyən qədər rəqabətli şəraitin formalaşmasına gətirib çıxara bilər".

"Digər tərəfdən, hüquqi və fiziki subyektlərin boş iş yerləri haqqında vaxtında məlumat verməsi mühüm məqamdır. Çünki bəzi hallarda, xüsusilə də əlil və digər bu kimi sosial qrupların işlə təmin etmə öhdəliyini yerinə yetirməmək üçün yaranmış vakansiyalar haqqında məşğulluq orqanlarına düzgün məlumatlar verilmirdi. Amma qanun layihəsində boş iş yerləri haqqında vaxtında məlumat vermə tələbinin qoyulması düzgün statistika aparılması imkanı yaradır", — iqtisadçı əlavə edib.

R.Rəsənov onu da vurğulayıb ki, həmçinin ehtiyacı olanların işlə təmin edilməsində dövlətin vasitəçilik imkanları yaranır: "Bu, sahibkar üçün də müsbət aadımdır. Sahibkar belə bir rəqabətli platformada özünə daha keyfiyyətli işçi tapmaq imkanı əldə edəcək. Yaxşı iş yerləri üçün müraciətlərin sayı çox olacaq. Və müraciət edənlər arasından düzgün seçimin edilməsi sahibkarın ən uyğun, optimal işçini tapmasına da şərait yaradacaq".

"Vakansiya bankının yaradılması bu istiqamətdə dövlət siyasətinin müəyyən qədər çevikləşməsinə, əmək bazarında boş iş yerlərinə əlçatanlığın artmasına, subyektiv yanaşmaların, nöqsanların aradan qalxmasına səbəb ola bilər", — deyə o bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə isə bildirib ki, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə əmək bazarındakı əsas problemlərdən biri də informasiya problemidir: "Yəni əmək bazarı kifayət qədər təşkilatlanmadıqda burada ciddi bir informasiya problemi olur. Məsələn, vakansiyalar var, amma, gizlədilir, elanlara çıxarılmır və s.".

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə - Sputnik Azərbaycan
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə

"Vakansiya bankının yaradılması çox yaxşı haldır. Burada müəyyən məcburedici tədbirlərin nəzərdə tutulması da çox yaxşıdır. Belə ki, işəgötürənlər məlumatları nəzərdə tutulmuş müddətdə elektron informasiya sisteminə daxil etməlidirlər. Əks təqdirdə məsuliyyət daşıyacaqlar. Çünki Azərbaycan şəraitində əgər belə bir məcburedici tədbir olmasaydı, yəqin yenə də vakansiyalar gizlədiləcək, məsuliyyətsiz yanaşma olacaqdı", —E.Bağırzadə vurğulayıb.

Vakansiya bankının yaradılmasını müsbət qiymətləndirdiyini deyən ekspert əlavə edib ki, dünyanın əksər ölkələrində də belə tədbirlər mövcuddur: "Dövlətin əsas funksiyalarından biri odur ki, işəgötürənlərlə iş axtaranları effektli, səmərəli bir şəkildə görüşdürə bilsin və bu da həmin prosesin bir elementidir".

Qeyd edək ki, qanun layihəsinə görə, elektron informasiya sistemi işəgötürənlərin Əmək Məcəlləsinə və bu qanunun müvafiq maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradacaq.

Xəbər lenti
0