CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yazılmamış qanunu alt-üst edən adam hər kəsi heyrətləndirir

© Sputnik / Ilham MustafayevQabil İsmayılov
Qabil İsmayılov - Sputnik Azərbaycan
Abunə olmaq
Və ya min illərlə yaşı olan sənətin fəhləliyə təslim olduğu dövrdə yaşayan sənətkar

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Bəlkə də, gündə azı 8-10 saat hana arxasında oturmaq, bir ipin ucundan tutub, saatlarla ərişin o tərəf-bu tərəfinə keçirmək fövqəladə bir səbir tələb etdiyindən xalçaçılıq ancaq qadınlara aid sənət hesab olunur. Sputnik Azərbaycan-ın budəfəki qəhrəmanı isə bu yazılmamış qanunu bacarıqlı əlləri ilə darmadağın edib, "xalçaçı mütləq qadın olmalıdır" tabusunu aradan qaldırıb.

Ailəsinin 2 əsrdir yaşatdığı xalçaçılıq sənətini indi də Qabil İsmayılov davam etdirir. Danışdıqlarına qulaq asdıqca Qabilin ən böyük rahatlığı da elə hana arxasında tapdığı hiss olunur. Hər dəfə sapı döyüb sıxlaşdırdıqca bütün problemləri birdəfəlik gömdüyünü fikirləşir bəlkə də. Hər ipi əlinə götürəndə 4 azyaşlı qız övladının, ailəsinin dolanışığının məhz bu ipin dolanmasından asılı olduğunu fikirləşir. Nə qədər gizlətməyə çalışsa da, toxucu ailə başçısının ən böyük çətinliyinin də bu səbəbdən olduğu hiss olunur.

Tovuz rayonunun Xatınlı kəndində yaşayan Qabil İsmayılov söhbətimiz əsnasında anasından öyrəndiyi bu sənətlə 30 ildir məşğul olduğunu deyir. Xovlu və xovsuz xalçalar, müxtəlif növ kilim, zili toxuyan usta istifadə etdiyi ipi, rəngləri, ləvazimatları hamısını özü hazırlayır.

© Sputnik / Ilham MustafayevQabil İsmayılov
Qabil İsmayılov - Sputnik Azərbaycan
Qabil İsmayılov

Gündə 8 saat işləməklə bir kilim, yaxud xalçanı 3-4 aya ərsəyə gətirir. Min bir əziyyətlə toxuduğu xalçanı isə ya sata bilmir, ya da dəyər-dəyməzinə vermək məcburiyyətində qalır: "Bu, gec əmələ gəlir, günə 8 saat işləməklə xovlu xalçadan aya 1, xovsuz xalçadan isə 1,5 kvadratmetr toxumaq olur. Mən bunun kvadratını 150, uzağı 170 manata sata bilirəm. Qiymət verən olmasa da, işimdən ləzzət alıram".

Təəssüf ki, qəhrəmanımız məhz bu çətinlik ucbatından fəhləlik edir: "4 uşaq "görək, atam 3-4 aydan sonra bir xalça kəsəcək, bizə nə isə alacaq" deyə məni gözləyə bilmir axı. On görə məcburam ki, dolanışığı fəhləliklə birtəhər çıxaram. İş orasındadır ki, fəhləlik də çətinliklə tapılır. Bir nəfər istixanalarda, yaxud kartof sahələrində iş tapır, briqada yığır. İşə getmək üçün gündəlik aldığımız 10 manatdan 1-ni briqadirə veririk ki, iş olanda yenə çağırsın".

Xovlu xalça toxumağı həyat yoldaşına da öyrətdiyini deyən Qabil xalçaçılığın onlar üçün heç də gəlir mənbəyi olmadığını deyir: "Gərək evə bir qədər pul gələ, uşağın gündəlik xərci çıxa ki, biz də oturub bu sənəti inkişaf etdirək. Keçən ilin iyun ayına qədər 4 uşağa 170 manat ünvanlı sosial yardım alırdım, vaxtı bitdi. Yenidən sənədləri düzəldib göndərdim, ancaq imtina gəldi, səbəbini də bilmədim".

Digər ölkələrdən gətirilənlərlə öz əl işinin fərqindən danışan usta toxuduğu xalçaların rənginin heç vaxt solmadığını, 200-300 il saxlansa belə, öz rəngini qoruyub saxladığını deyir. Bunu isə bütün ləvazimatları təbii üsulla hazırlaması ilə əlaqələndirir: "Bu cür xalçalar 100 illərlə saxlansa da solmur, əksinə hər yuyulduqca rəngi daha da parlaqlaşır. Ən parlaq saplar isə ilk dəfə qırxılan quzuların bel yunundan hazırlanır".

Rüfət Rzayev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əcnəbilər azərbaycanlı ustanın əl işlərini "yerə düşməyə" qoymurlar

Usta xalçaların üzərində qədim naxışları olduğu kimi saxladığını, yalnız baş və ayaq hissələrdə öz naxışlarını vurduğunu bildirir. Müsahibimiz Azərbaycanda "toxucu kişi" deyəndə təəccüblə qarşılandığını da qeyd edir. Bu sahədə başına gələn maraqlı bir hadisəni də bizimlə bölüşür.

"Eşitdim ki, rayonda xalçaçılıq sexi açılıb. Fikirləşdim, gedib işləyərəm. Rayona getmək üçün mindiyim avtobusda belə bir elan yapışdırıldığını gördüm: "Xalça sexinə toxucu qadınlar tələb olunur". Avtobus xalça sexinin yanında dayananda düşmədim, geri qayıtdım", — deyə yarı zarafat, yarı kədərli nəql edir.

Qəhrəmanımız özündən başqa kişi xalçaçı tanımadığını da əlavə edir: "Bizdə, ümumiyyətlə kişi toxucu eşitməmişəm. Təmirçilər var, köhnə, sökük xalçaları təmir edirlər, ancaq sırf xalçaçı yoxdur".

"Ən bahalı xalçamı 7 il bundan qabaq 700 dollara satmışam. Ondan bəri elə qiymətə satış edə bilməmişəm. Əgər elə alıcılar olsa, adam həvəslə toxuyar", — deyən Qabil usta bir gün sənətinə yüksək qiymət veriləcəyinə çox ümidlidir.

Xəbər lenti
0