00:35 21 Aprel 2018
Canlı yayım
Xəyalə xanım qızı Jalə ilə

Onların başqa çarəsi yoxdur: "Xahiş edirəm, nəfəsim olun..."

© Sputnik / Rahim Zakiroğlu
CƏMİYYƏT
Qısa URL
358930

"Əmilərdən, dayılardan, xalalardan, bibilərdən rica edirəm ki, mənim nəfəsim olsunlar..."

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Masallı rayonunun Xəlfələr kənd sakini Xəyalə Qəmbərova düz 9 ildir ki, gecəsini gündüzünə qatıb, xəstə balasının qayğısını çəkir. Bu illər ərzində ana, demək olar ki, özünü unudub, qadın olduğunu yadından çıxarıb, bütün həyatını ancaq xəstə qızına həsr edib. 9 ildir yuxusu da ərşə çəkilib, təbəssümü də, həyat eşqi də. Ürəyindəki çarəsizlik, ümidsizlik çöhrəsində donub sanki.

Sputnik Azərbaycan-ın bölgə müxbiri, bəlkə bir kömək edən tapıldı deyə, həmin dərdli anayla görüşüb, üzləşdikləri dərdə işıq tutmağa çalışıb.

Ana danışır ki, 9 ildir ürək xəstəliyindən əziyyət çəkən Jalə Qənbərova onun böyük qızıdır: "Doğulandan 12 gün sonra epilepsiya tutması və yüksək temperaturu oldu. Ancaq 4 aylığında bildik ki, qızımın ürək qüsuru var. Bir neçə həkimə apardıq, onlar da dedilər ki, anadangəlmədir, keçib gedəcək. Lakin keçmədi".

Xəyalə xanım qızı Jalə ilə
© Sputnik / Rahim Zakiroğlu
Xəyalə xanım qızı Jalə ilə

Jalə hazırda 3-cü sinifdə oxumalıdır. Ancaq o, həmyaşıdlarından həm boyda, həm də çəkidə xeyli geri qalıb. Yaşıdları kimi məktəbə getmək, dərs oxumaq istəsə də, buna taqəti yoxdur: "Ürək probleminin elə ciddi olmasını bilmirdik deyə 1-ci sinif yaşı çatanda məktəbə qoyduq. Amma çox gedə bilmədi, təngnəfəs olurdu".

"Bu dərs ilinin əvvəlində məktəbə qoyduq. Gördüm, yenə gedə bilmir, qoymadım daha. Məktəb bizdən 2 kənd aralıda yerləşir. Buna görə də Jalə məktəbə gedə bilmir. Getdiyi vaxtlarda maşınla gedən uşaqlara qoşulurdu. Piyada, demək olar, yeriyə bilmir", — qadın danışır.

Anasının dediyinə görə, Jalənin indi də ayaqları tutulur, tez-tez boğazı şişir, əlləri və dodaqları göyərir, 9 yaşı olmasına baxmayaraq, ancaq ağrıkəsici və antibiotiklərin gücünə yaşayır: "Demək olar ki, həftədə 3 gün qızdırmalı olur, 3 gün sonra bir az düzəlir, yemək yeyir. Yaxşı yeməyi də yoxdur".

Xəyalə Qənbərovanın sözlərinə görə, həkimlər qızının ürək çəpərində yırtıq olduğunu və bunun da yalnız əməliyyat yolu ilə müalicəsi olduğunu deyiblər: "Dekabr ayında Jaləni apardıq Bakıda Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə. Orada dedilər ki, əməliyyat olunmalıdır. Düzü, imkansızlıqdan heç soruşmadıq ki, əməliyyata nə qədər vəsait lazımdır, qayıtdıq kəndə".

Jalənin əməliyyatına isə ailənin maddi imkanı yol vermir: "Elə həmin ay istəyirdik ki, uşağı aparıb əməliyyat etdirək. Bir az ordan-burdan pul toplamışdıq, dekabrın 26-da səhər saat 09:00-da evimiz yandı. Əlimizdə olan pulları qoyduq, qonşuların, kəndçilərimizin köməyi ilə evi bir təhər bərpa etdik. Jalənin əməliyyatı isə qaldı…"

9 ildir ürək qüsuru ilə çətinliklə yaşayan Jalənin sağalmaq, yaşıdları ilə birlikdə məktəbə getmək şansı var. Bunun üçün isə 4-5 min manat lazımdır: "Dərslərini oxumağa həvəsi var, məktəbə gedə bilmədiyi üçün evdə məşğul oluram. Əzbərdən oxuya bilmir, nəfəsi kəsilir".

Çarəsiz ana Xəyalə Qənbərova imkanlı şəxlərdən onlara yardım etməyi xahiş edir: "Mehriban xanımdan, Heydər Əliyev Fondundan xahiş edirəm ki, qızımı əməliyyat etdirməyə kömək etsinlər. İmkanı çatan insanlardan xahiş edirəm, qızımın müalicəsi üçün bizə dəstək olsunlar".

Jalə də xeyirxah insanlardan onun səsinə səs vermələrini rica edir: "Mən də dərsə getmək istəyirəm, uşaqlara, bacı-qardaşıma qoşulmaq, qaçmaq, oynamaq istəyirəm. Ancaq buna nəfəsim çatmır. Əmilərdən, dayılardan, xalalardan, bibilərdən rica edirəm ki, mənim nəfəsim olsunlar…"

Əlaqədar

Heydər Əliyev Fondu Kemerovoda zərər çəkənlərə yardım edib
Yaşamaq istəyənlər var, yardım edin!
Hər kəsə təmənnasız gecələmə, qidalanma, hətta maddi yardım - Azərbaycanda
Mən “Şaxta Baba” olacağam: Sputnik Azərbaycan-ın yardım kampaniyası başa çatdı
Zəlzələdən zərər çəkənlərə belə yardım edilib
Teqlər:
Jalə Qəmbərova, Xəyalə Qənbərova, Xəlfələr kəndi, fiziki qüsur, Masallı rayonu, ürək, vəsait, xəstə, məktəb, qız, ana, uşaq

Əsas mövzular