03:02 22 Aprel 2018
Canlı yayım
Dəniz

Bakıda müəmmalı olay: Meyiti tapılan gəncin atası öldürülüb deyir, polis intihar

CC0 / OlivePrints / Sea
CƏMİYYƏT
Qısa URL
959 0 0

Gəncin bütün bədəni qançirdir, boynu, burnu qırılıb, üzü zədədən göm-göydür

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 13 aprel – Sputnik. Bakının Xəzər rayonunun Türkan qəsəbəsinin bu ilin aprel ayının 1-də itkin düşən 21 yaşlı sakini Balabəy Balayevin cəsədi tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Balabəy Balayevin atası Azər Balayev məlumat verib. Gənc oğlanın cəsədi Səbail rayonundakı Dənizkənarı Parkın ərazisində sudan çıxarılıb.

Qeyd edək ki, bundan əvvəl Balabəyin atası Azər oğlunun itkin düşməsində Xətai rayonunun Günəşli qəsəbəsində yerləşən “Şah petrol” yanacaqdoldurma stansiyasının sahibinin əli olduğunu bildirmişdi. Gənc oğlan həmin ərazidə operator işləyib. Balabəy, aprelin 1-də “Şah petrol”da iş vaxtı bitəndən sonra itkin düşüb.

Ayın 1-də səhər saat 11-də Balabəyin rəisi Vidadi Azər Balayevə zəng edərək, oğlunun ona 431 manat borclu olduğunu bildirib. Vidadi, qardaşı Şakirlə bir yerdə yanacaqdoldurma stansiyasının şərikidir. Azər dərhal oğlunun nömrəsinə zəng edib. Balabəy ağlayaraq, atasından stansiyaya gəlməsini xahiş edib. Azər cavabında “narahat olma, mən pul götürmüşəm və tezliklə orada olacağam” cavabını verib. Yarım saat sonra atası stansiyaya gəlsə də, oğlunu orada tapmayıb. Yanacaqdoldurma stansiyasının sahibi bildirib ki, oğlu qaçıb…

Balayevin sözlərinə görə, aprelin 12-də ona oğlunun tapıldığını, amma öldüyünü bildiriblər. Polisdən bildiriblər ki, oğlu intihar edib və guya ki, aprelin 1-də iki qız onun özünü dənizə atdığının şahidi olublar.

“Amma mən buna inanmıram. Bir çox suallar cavabsız qalıb. Birincisi, oğlumun bütün bədəni qançirdir, boynu, burnu qırılıb, üzü zədədən göm-göydür – bütün bunlar zorakı ölümün əlamətləridir. Onlar əvvəlcə oğlumu öldürüb, sonra cəsədini tullayıblar. Amma cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (intihar həddinə çatdırmaq) başlanılıb. Aprelin 1-də oğlum ağlayırdı, mənim gəlməyimi xahiş edirdi. O qaçmayıb, o gözləyərdi. Bundan dərhal sonra onun mobil telefonunu söndürüblər. Əgər qızlar onu görüblərsə, niyə dərhal polisə məlumat verməyiblər? Əgər xəbər veriblərsə, niyə dərhal axtarışa başlanılmayıb? Suallar çoxdur” – deyə ata bildirir.

Maraqlıdır ki, Balayevin cəsədi özünü dənizə atdığı iddia edilən yerdəcə tapılıb. Balayevin ailə üzvləri buna da hiddətlənirlər ki, niyə cəsədi 12 gün sonra tapıblar. Halbuki, dərhal tapa bilərdilər.

Daha bir detal qohumların diqqətini çəkib. Belə ki, Balayevin cəsədi çox da güclü şişməyib. Amma cəsəd suda uzun müddət qalanda, şişir. Bu isə cəsədin suda uzun müddət qalmadığını sübut edir.

Bu arada məlum olub ki, yanacaqdoldurma stansiyasının sahibi Vidadinin aprelin 7-də Azərbaycanı tərk etdiyi məlum olub. 35-ci polis bölməsindən Azər Balayevə bildiriblər ki, Vidadi Gürcüstana yas yerinə gedib. Amma üstündən 6 gün keçsə də. o, geri qayıtmayıb.

“O, günahını bildiyi üçün qaçıb” – deyə Azər Balayev bildirir.

Hazırda Xətai rayon Prokurorluğu faktla bağlı cinayət işi aparır.

Teqlər:
cinayət, polis, gənc, müəmma, qətl, intihar

Əsas mövzular