Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Əmək haqlarının ödənilməsi qaydası dəyişir: Hər kəs çalışdığı qədər maaş alacaq

© Sputnik / Murad OrujovMaliyyə hesabatı, arxiv şəkli
Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət müəssisələrində əməyin ödənilməsində diferensial sistem tətbiq ediləcək

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 mart — Sputnik. Azərbaycanda 2018-ci ilin iyul ayınadək büdcədən maliyyələşən təşkilatlarda tətbiq olunan əməyin ödənişi sisteminə yenidən baxılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulur. Bu, Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti üzrə hesabatında öz əksini tapıb.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Hesabatda bildirilir ki, həmin müddətədək əmək haqqının məbləğində iqtisadi risklərin təsirlərini və əməyin keyfiyyəti parametrlərini nəzərdə tutan vahid və çevik əməyin ödənişi sisteminin yaradılması ilə bağlı təkliflərin hazırlanması da planlaşdırılır. Hazırda Azərbaycanın dövlət orqanlarında (Azərbaycanın xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları və digər orqanların nümayəndəlikləri istisna olmaqla) işləyən dövlət qulluqçularının aylıq vəzifə maaşlarının minimum məbləği inzibati vəzifələr üçün 250 manat, yardımçı vəzifələr üçün isə 150 manatdır.

Məsələni Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, burada əməyin yenidən qiymətləndirilməsi ilə bağlı 2 məqamın nəzərə alınması qeyd olunub: "Birincisi, iqtisadi risklərin qiymətləndirilməsi və əməyin ödənilməsində nəzərə alınmasıdır. İkincisi, əməyin ödənilməsində daha diferensial sistemin, yəni təşviqin tətbiq edilməsi və keyfiyyətə görə qiymətləndirmənin həyata keçirilməsidir".

Ekspertin sözlərinə görə, iqtisadi risklərin qiymətləndirilməsi daha çox müəssisədaxili iqtisadi risklərin hesablanmasını, eyni zamanda, müəssisədən, yəni iş yerindən asılı olmayan iqtisadi risklərin qiymətləndirilməsi və nəzərə alınmasını nəzərdə tutur: "Məsələn, məzənnədəki dəyişikliklər, istehlak bazarındakı qiymət artımları və ya inflyasiya dərəcəsinin dəyişməsi, hətta xarici faktorların iqtisadiyyata təsirləri".

"Nəticə etibarı ilə bir sıra hallarda iqtisadi risklər əməyin ödənilməsi zamanı, xüsusən də əmək haqqının alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxarır. Yeni təkliflərdə əməyin ödənilməsi zamanı bu risklərin nəzərə alınması və buna uyğun olaraq əmək haqqının müəyyənləşdirilməsi, əməyin ödənilməsi dəyərinin hesablanması nəzərdə tutulur. Məqsəd odur ki, əmək haqqı və ya əməyə görə ödənilən vəsait nəticə etibarı ilə bu tip risklərdən sığortalansın", — deyə o əlavə edib.

İqtisadçının fikrincə, ikinci məqam keyfiyyətə görə əməyin ödənilməsinin müəyyənləşdirilməsidir: "Bu da vacib məqamdır. Çünki bu, əməyin ödənilməsində daha diferensial yanaşmanın nümayiş etdirilməsindən xəbər verir. Məsələn, bir müəssisədə iki fərqli şəxs eyni mövqedə çalışırsa, onların əmək haqları mövcud qanunvericiliyə görə eynidir. Amma onların əməyinin keyfiyyəti fərqli ola bilər və bir sıra hallarda fərqlidir. Nəticə etibarilə bu, artıq keyfiyyətə görə əməyin ödənilməsinin müəyyənləşdirilməsinə və əmək haqqının hesablanmasına gətirib çıxaracaq".

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

Ekspertin qənaətincə, nəticədə daha keyfiyyətli iş həyata keçirən, daha çox töhfə verən işçi daha yüksək əmək haqqı alacaq: "Digəri isə onunla müqayisədə daha az əmək haqqı alacaq. Bu da əməyin qiymətləndirilməsi zamanı diferensial sistemin tətbiq edilməsi anlamına gəlir. Bu, keyfiyyətə görə əməyin ödənilməsi və əmək haqqının məbləğinin müəyyənləşdirilməsinə səbəb olacaq".

"O baxımdan bunun tətbiqi nəticədə əməyin ödənilməsində kəmiyyətdən daha çox keyfiyyət göstəricilərinə üstünlük verilməsinə gətirib çıxara bilər. Eyni zamanda, bu, əməyin müəssisədən kənar iqtisadi risklərdən sığortalanmasına səbəb ola bilər" — V.Bayramov bildirib.

İqtisadçı-ekspert Rəşad Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, dövlət sektorunda əməyin məhsuldarlığı düzgün qiymətləndirilmir və bəzi hallarda daha çox çalışan, töhfə verən işçilər digərləri ilə eyni əmək haqqı alırlar, bu isə doğru yanaşma deyil.

"Uzun müddətdir bu yanaşmanın dəyişməsi təklif olunur və hərə öz əməyinə, bacarıqlarına, ümumi işin gedişatına verdiyi töhfəsinə görə əmək haqqı almalıdır. Yəni istənilən halda çalışanın zəhməti qiymətləndirilməlidir. Ola bilsin, əməyin hesablanması qaydalarında dəyişikliklər diferensial qiymətləndirmənin tətbiqi ilə bağlıdır", — deyə R.Həsənov bildirib.

© Photo : KarikaturaƏmək haqqı
Əmək haqqı - Sputnik Azərbaycan
Əmək haqqı

Xəbər lenti
0