23:49 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Bərdədə şəhərarası sərnişindaşıma

Balaca kəndin böyük problemi: Bir dayanacaq qədər yaxın olan həll yolu

© Sputnik / Musa Muradlı
CƏMİYYƏT
Qısa URL
30210

Ayaq üstə dayanmağa belə yer olmur. Əlaqədar təşkilatlarda problemi çözən olacaqmı, görəsən?

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 24 mart — Sputnik. Bərdədə şəhərarası sərnişindaşımada mövcud durum heç də ürəkaçan deyil. Bu sahədə rahatlıq baxımından acınacaqlı vəziyyət yaşanır. Bir və ya iki avtobusdan başqa, demək olar ki, xətdə istismara yararlı avtobus yoxdur. Xidmət göstərən sınıq-salxaq avtobuslarda isə əhalinin hüquqları kobud şəkildə pozulur.

Nə hikmətdirsə, nə nəqliyyat departamenti, nə də Yol Patrul Xidməti qaydaları pozan sürücülərə güldən ağır söz belə demir. Mövcud vəziyyət o həddə çatıb ki, avtobusların xidmətini sərnişindaşımadan çox, yükdaşıma adlandırmaq düzgün olar.

Bərdə şəhərindən məcburi köçkünlər üçün salınan qəsəbələr istiqamətində hərəkət edən 1 saylı marşrutun qrafiki sərnişinlərin sayına görə daşıma tələbatını ödəmir. Balaca avtobuslarda yaranan basa-bas, sözün həqiqi mənasında, rəzalətdir. Bir çox hallarda isə avtobuslar tam tıxandığına görə sürücülər dayanacaqlarda saxlamadan ötürlər. Dayanacaqdakılar isə dəqiqələrlə növbəti marşrutun gəlməsini gözləməyə məcbur olurlar.

Bərdə rayon Divanlı kənd sakini Aqil Qasımov belə vəziyyətlə üzləşən sərnişinlərdən biridir. Dediyinə görə, o, hər gün işə gedərkən bu halı yaşayır: "Yer olmadığına görə, şəhərə getmək üçün 1 saylı marşrutun avtobuslarına minə bilmirik. Piyada məsafə qət etməklə şəhərə yaxınlaşır, oradan 2, ya da 3 nömrəyə minərək işə gedirik. Ya da gözləyirik ki, hansısa avtobusda yer olsa, minək".

Divanlı kənd sakini Gülmirə Qasımova üzləşdikləri bu problemlə bağlı Bərdə şəhər Bələdiyyəsinin nəzdində mövcud olmuş Nəqliyyat Departamentinə müraciət etdiklərini, lakin heç bir müsbət nəticə olmadığını deyir.

Bu barədə Divanlı kəndinin 80 nəfər sakini də Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yenidən müraciət edib.

Gülmirə Qasımova əlavə edir ki, müraciətlərinə baxmayaraq, problem hələ də həll olunmayıb: "Həmişəki kimi şəhərə gedib-gəlməkdə çətinlik çəkirik. Problemin həlli üçün imkanlar da var. 2 ya 3 saylı marşrutlardan birinin xəttində dəyişiklik olunsa, Bərdə Rayon Təhsil Şöbəsi və Bərdə Rayon Kənd Təsərrüfatı İdarələrinin qarşısına qədər avtobusların hərəkəti təmin edilsə, problem öz həllini tapar. Bunun üçün həmin marşrutlardan birinin xəttini bir dayanacaq uzatmaq kifayət edir".

Yevlax Regional Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Elmar Əhmədov isə Sputnik Azərbaycan-a bildirib ki, xəttə əlavə avtobus daxil eləmək mümkün deyil: "Bir dəfə xəttə bir avtobus əlavə etmək istədik, ancaq 1 nömrəli marşrutun sürücüləri etiraz etdi. Xəttə avtobus əlavə etmək bizə də xeyirlidir, dövlətə vergi ödənəcək, əlavə gəlir yaranacaq".

Elmar Əhmədov xəttə 4 avtobusun qoşulmasına ehtiyac olduğunu, lakin sadəcə monitorinq keçirib nəticəyə uyğun qərar çıxaracaqlarını qeyd edib. Onu da vurğulayıb ki, bunun üçün Divanlı və Şorəlli sakinlərinin birbaşa onlara müraciət etmələri lazımdır.    

Teqlər:
Bərdə, dayanacaq, narazılıq, avtobus

Əsas mövzular