22:10 22 Aprel 2018
Canlı yayım
DTX əməliyyatçıları

Tanınmış şəxsin "qara transplantoloq" qardaşı barədə ilginc faktlar üzə çıxdı

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
78510

DTX-nın saxladığı "qara transplantoloq"un qızına İranda böyrək nəql edilibmiş

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan və "qara transplantologiya" ilə məşğul olmaqda şübhəli bilinən Vahid Xudadatov "Qarabağ" uşaq futbol komandasının (11 yaşadək olan uşaqların futbol klubu — U11) baş məşqçisi Elşad Xudadatovun qardaşıdır. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edək ki, bu günlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində insan orqanı alveri ilə məşğul olan dəstəni ifşa edib, bir nəfər həbs olunub.

İnsan orqanlarının alqı-satqı obyekti olmaması barədə Azərbaycan Respublikası qanunlarının tələblərinə zidd olaraq ölkə ərazisində orqan alveri ilə məşğul olan, Azərbaycan vətəndaşlarını asılı vəziyyətə salıb qanunsuz tələblər irəli sürən, insanları orqanlarının transplantasiyasına vadar edən transmilli şəbəkənin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında DTX tərəfindən cinayət işi başlanılaraq araşdırmalar aparılıb.

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Vahid Xudadatovla cinayət əlaqəsində olan şəxslər də istintaqa cəlb ediliblər. Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüb.

Bununla yanaşı məlum olub ki, 1957-ci il təvəllüdlü Vahid Xudadatov Ağdam rayonunda anadan olub və 3 qız atasıdır. Xudadatovun kiçik qızı böyrək çatışmazlığından əziyyət çəkirmiş. Xudadatov donor tapıb və qızına İranda böyrək nəqlinin həyata keçirilməsinə nail olub.

Məraqlıdır ki, Xudadatovun əvvəllər hüquq-mühafizə orqanları ilə heç bir problemi olmayıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

Öz növbəsində ekspert, Azərbaycanın sabiq milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər Sputnik Azərbaycan-a müsahibəsində qeyd edib ki, "qara transplantalogiya" kimi cinayətlərin əhatə dairəsi bir ölkə ilə məhdudlaşmır: "Müntəzəm olaraq insan orqanı ticarətinin qurbanları haqqında informasiyalar yayılır. Buna görə də "qara transplantoloqlar"la mübarizə sistemli və kompleks xarakter daşımalıdır".

"Təəssüf ki, bizdə bu bəd əməllə mübarizə davamlı aparılmır. Ona görə də biz vaxtaşırı respublikada "qara transplantologiya"nın tüğyan elədiyi barədə xəbərlər eşidirik. Axırıncı dəfə orqan alveri çirkabına batmış həkim-transplantoloqlar ətrafında qalmaqal 2010-ci ildə baş qaldırmışdı. Son 8 il ərzində bu istiqamətdə heç bir hadisə baş verməmişdi? Əlbəttə ki, baş vermişdi" — deyə ekspert bildirib.

Əkbərin fikrincə, bu istiqamətdə maarifləndirmə tədbirləri görülməlidir: "Buna paralel olaraq, dünya standartlarına uyğun orqan bankı yaradılmalıdır və prosesə nəzarət hüquq-mühafizə orqanlarına həvalə edilməlidir. Belə olan təqdirdə transmilli cinayətkar qruplaşmalar öz şəbəkələrinə Azərbaycan vətəndaşlarını cəlb edə bilməyəcək" — deyə Sülhəddin Əkbər bildirib.

Onun sözlərinə görə, əgər presedent varsa, mütləq "Orqan transplantasiyası haqqında" qanunu yenidən nəzərdən keçirmək və orqan nəqlini leqallaşdırmaq lazımdır: "Əgər bütün bu tədbirlər görülməsə, "qara transplantologiya" ilə mübarizə kampaniya xarakteri daşıyacaq".

Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda belə bir informasiya yayıldı ki, respublika ərazisində "qara transplantologiya" ilə məşğul olan cinayətkar qruplaşma tüğyan edir. Cinayətkarlar transplantasiya əməliyyatını Ukraynanın məşhur Şalimov klinikasında və Bakının müalicə müəssisələrində, eləcə də Ekvadorun paytaxtı Kitoda həyata keçirirlər.

Təşkilatçılara 200 min dollaradək vəsait ödənilir. Onlar öz orqanlarını satmaq istəyənləri internet vasitəsilə axtarırlar. Transplantoloqlar hər böyrəyə görə donora 10 min dollar vəd etsələr də, yekunda bu məbləğin heç də hamısını ödəmirlər.

Bu faktla bağlı cinayət işi qaldırılıb. Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən aparılan genişmiqyaslı əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, bu "qara transplantoloqlar"ın əldə etdiyi orqanlar İsrail və Türkiyə klinikalarına təhvil verilib.

Əlaqədar

DTX-nın orqan alverinə görə həbs etdiyi şəxs görün kimdir
Azərbaycanda orqan nəqlinin bu günü və perspektivləri
Azərbaycanda meyitdən orqan köçürüləcək
Teqlər:
Vahid Xudadatov, "qara transplantologiya", insan orqanı alveri, əməkdaş, DTX, Dövlət Təhlükəsizliyi Xidməti, böyrək, İran

Əsas mövzular