02:12 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Səmərqə Allahverdiyeva

Azərbaycanın ən yaşlı sakini: "Dünyadan köçəcəyim tarixi bilirəm"

© Sputnik / Musa Muradlı
CƏMİYYƏT
Qısa URL
112911

Mircəfər Bağırovla, Heydər Əliyevlə şəxsən görüşmüş 124 yaşlı nənə: "Mehriban xanım mənə avtomobil hədiyyə edərsə..."

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. Azərbaycanda ən yaşlı insan və seçici Bərdə rayonunun Xəsili kəndində yaşayan, 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqə Gülməmməd qızıdır. Sputnik Azərbaycan-ın bölgə müxbiri 124 yaşlı nənəyə baş çəkib, sağlamlıq durumu ilə maraqlanıb, maraqlı xatirələrini dinləyib.

Səmərqə nənənin sağlamlıq durumu kafidir. Aydın danışır, suallara doğru-dürüst cavab verir. Həyatın bütün ağrı-acısını dadıb. Ancaq dik durmağı, ayaqda qalmağı bacarıb. 124 yaşa yata-yata deyil, çalışa-çalışa gəlib. Dövlətə və cəmiyyətə faydalı töhfələr verib.

Səmərqə nənə üç əsrin şahididir
© Sputnik / Musa Muradlı
Səmərqə nənə üç əsrin şahididir

Səmərqə xanım Ağcabədi rayonunun Qiyaməddinli kəndində ailə qurub yaşasa da, həyat yoldaşının zorakılıqlarından cana doyduğu üçün boşanıb. 4 uşağı ilə birlikdə Bərdəyə, Xəsiliyə qayıdıb. Maddi sıxıntı, aclıq üzündən övladlarını da itirib.

İlk taleyi daşa dəyən qadın o ağır illərin fırtınalarında ikinci dəfə ailə həyatı qurub. 3 uşaq atası olan Əsgərxan kişiylə möhkəm, etibarlı ailə ittifaqı yaradıblar. Ögey-doğmalıq bilinməyib. "Taleyin yazısıdır" — deyərək, şükranlıq içində mehriban, can deyib, can eşitməklə yeni həyata başlayıblar.

1941-ci ildə başlayan Böyük Vətən Müharibəsi isə Səmərqə xanımı yenidən sınaqla üz-üzə qoyub. Həyat yoldaşı Əsgərxan kişi ölüm-dirim müharibəsinə yollanıb. Bir çətən külfətə baxmaq Səmərqə nənənin öhdəsinə düşüb.

O illərdə Göyçayda peşə məktəbində oxumağa göndərilən bu zəhmətkeş xanım mexanizatorluğun sirlərinə yiyələnib. Xəsiliyə qayıdaraq traktorla kolxoz işlərində yorulmadan çalışıb. Rusiyadan Xəsiliyə traktorçu işləmək üçün gəlmiş Nikolayla kolxozun xidmətində olub. "ÇTZ" markalı traktoru gündüzlər Səmərqə xanım, gecələr isə Nikolay işlədib.

Müharibənin özü ilə bərabər gətirdiyi aclıqdan danışan nənə deyir ki, yeməyə bir tikə çörək belə, tapmadığı günlər olub: "Bir dəfə yeməyə çörək olmadı. Kolxoz sədri Məmmədxan süddən hazırlanmış bulama gətirdi. Bulamanı içib traktoru işə saldım".

Səmərqə nənə kolxozda çalışdığı illərdə Azərbaycan SSR-nin birinci katibi olan Mircəfər Bağırovla görüşüb: "30-35 yaşım olardı. Traktorla yer şumlayırdım. Mircəfər Bağırov məni traktorla işləyən gördü və çox xoşuna gəldi. "Sağ ol!", — deyib, məni bağrına basdı".

Səmərqə nənənin oğlu Rüstəm dayı əlavə edir ki, anası M.Bağırovla çox güman, 1938-39-cu illərdə görüşüb.

Ömrünün ikinci yüzilliyini yaşayan nənə, Azərbaycan SSR-nin birinci katibi olduğu dövrdə Heydər Əliyevlə bağlı xatirələrini də danışır: "Heydər Əliyev həmişə mənim işlərimlə maraqlanırdı. Kolxoz sədri Hüseyn Ağayevlə gəlib becərdiyim pambığa baxırdı. İclaslarda, görüşlərdə mənimlə görüşər, xoşagələn zarafatlar edərdi".

Pambıqçılığın Bərdədə inkişaf elədiyi illərdə Səmərqə nənənin hünəri 150-160 kq pambıq yığmağa belə, çatıb. Uşaqlarının köməyi ilə bu ailə hər axşam 300-400 kq pambıq yığaraq təhvil verib.

Zəhmətkeş qadın əməyinin qiyməti olaraq 25 ordenə layiq görülüb. Ancaq evinin yanması nəticəsində bütün sənədləri məhv olub: "Naftalana sanatoriyaya gedəndə ordenlərim yaxamdaydı. Baş həkim dedi ki, "onların sənədlərini gətir baxım". Hamısını aparıb göstərdim. Düşündüm ki, deyər, "ordan-burdan yığıb, yalandan asıb yaxasından". Evimizdə baş verən yanğında hamısı yandı".

Deyirlər, "yaman günün ömrü az olar". 4 illik müharibə də nəhayət ki, başa çatıb. Səmərqə xanımın qalib ordunun əsgəri kimi Berlinə qədər irəliləyən ömür-gün yoldaşı Əsgərxan kişi də sağ-salamat evinə qayıdıb. Əsgərxan kişinin dönüşündən sonra ailə gözəl günlərinə qovuşub. 1 oğul, 5 qızla bərabər Əsgərxan kişinin 80 yaşına qədər (ailə başçısı 80 yaşında vəfat edib — M.M.) xoşbəxt həyat yaşayıblar.

Səmərqə Allahverdiyeva ailə üzvləri ilə
© Sputnik / Musa Muradlı
Səmərqə Allahverdiyeva ailə üzvləri ilə

İndi Səmərqə nənənin övladlarından beşi sağdır. Qızlarından biri dünyasını dəyişib. Oğlu Rüstəm Allahverdiyev deyir ki, Səmərqə nənə 2005-ci ildə qızını itirəndən sonra çox ağladığından gözlərinin nurunu itirib, sağlamlığında xeyli geriləmə olub.

124 yaşlı Səmərqə xanımın altı övladdan 30 nəvəsi, 60 nəticəsi, 10 kötücəsi var. Bir-birilərinə yaxın yaşayan övladları tez-tez Səmərqə nənənin başına yığışırlar. Onun qayğısına qalırlar, nazını çəkirlər.

S.Allahverdiyeva ölkədəki ictimai-siyasi hadisələri də diqqətlə izləyir. Oğlu deyir ki, sonuncu referendum keçiriləndə nənə səsvermə məntəqəsinə getməyi təkid edib və məntəqəyə gedərək səs verib. İndi də qarşıdan gələn prezident seçkilərində iştirak etmək, İlham Əliyevə səs vermək arzusundadır.

124 yaşlı nənə əmindir ki, 130 yaşı başa vura biləcək: "Məşədi Alı adlı babam var idi. 130 il yaşadı. Sağlığında əlini başıma qoydu və dedi ki, yaşımı sənə verdim. Ona görə də dünyadan köçəcəyim tarixi bilirəm. Allah qoysa, 130 il yaşayacam".

Müsahibimiz zamanında əkib-becərdiyi ərazilərə getmək, həmin yerləri təkrar görmək arzusundadır. Arzusunu isə belə dilə gətirir: "Amma avtomobilimiz yoxdur. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya mənə bir avtomobil hədiyyə etsə, bu arzumu reallaşdıraram".

Əlaqədar

Azərbaycanda 15 yaşlı dahi peyda olub - "Ginnesin Rekordlar Kitabı"na müraciət
Azərbaycanın ən yaşlı seçicisinin 124 yaşı var
İngiltərənin 91 yaşlı kraliçası moda sərgisini izləyib - FOTO
Ölkəmizdə ən yaşlı avtomobil həvəskarı
Teqlər:
Allahverdiyeva Səmərqə Gülməmməd qızı, Xəsili kəndi, Bərdə rayonu, seçici, ailə, həyat, insan, Azərbaycan, uşaq

Əsas mövzular