08:02 20 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0253
  • USD1.7000
  • EUR1.9848
Mavi ekranın işığı

Telekanallarımızla bağlı arzuolunmaz gedişat

CC0 / StockSnap / tv
CƏMİYYƏT
Qısa URL
489 0 0

Ekspert: "Bir televiziya nə vaxt bazardan pul qazana bilər? İnsanlar onun faydasını hiss edəndə"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 mart — Sputnik. "Televiziya kanallarında yetərincə maarifləndirici verilişlərin olması üçün iqtisadi baza olmalıdır. Özəl telekanallarda maarifləndirici verilişlər, demək olar ki, yox dərəcəsindədir. Özəl telekanalların iqtisadi vəziyyəti həddindən artıq pisdir".

Mətbuata açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli belə deyib. "Bir müddət əvvəl, hətta Azərbaycan prezidenti bəzi özəl telekanallara həm "Azərkosmos"a, həm də "Teleradio" İstehsalat Birliyinə borclarının ödənməsi üçün xüsusi yardım ayırdı. O baxımdan özəl telekanallarda maarifçilik verilişlərinə yer ayrılmaması ciddi problemdir. Bu, həm də reklamın azlığı ilə bağlı olan məsələdir", — deyə o bildirib.

Sputnik Azərbaycan məsələ ilə bağlı media məsələləri üzrə ekspertlərin fikirlərini öyrənib. Azər Həsrət deyib ki, burada məsələnin hər iki tərəfinə baxmaq lazımdır: "Yəni biz birtərəfli şəkildə telekanalları qınayıb, küncə sıxa bilmərik. Çünki onların doğrudan da bir yaşam mücadiləsi verdiyini anlamalıyıq. Çoxsaylı işçi kollektivini, texniki təchizatı ayaqda tutmaq, eyni zamanda yeni texnologiyaların tətbiq olunması üçün addımların atılması külli miqdarda vəsait tələb edir".

"Ona görə də televiziya kanalları mümkün yollardan istifadə edərək çalışırlar ki, özləri üçün əlavə gəlirlər əldə etsinlər. Bu gəlirlərin əldə edilməsi bəzən bir qədər auditoriya seçiminin keyfiyyətinə təsir edir. Ona görə də intellektual səviyyəsi aşağı olan, nisbətən ucuz şou dediyimiz verilişlərə üstünlük verməklə daha geniş kütləyə xitab edə bilirlər", — deyə A.Həsrət bildirib.

Ekspertin fikrincə, bu, bir keçid mərhələsidir: "Çünki 1990-cı illərin sonlarında Azərbaycanda qəzetçilikdə belə bir şey var idi. Yəni qəzetlər öz mövcudluqlarını qorumaq, pul qazanmaq və ümumiyyətlə, ciddi oxucu auditoriyasını toplaya bilmək üçün bir müddət nisbətən ucuz şoular arxasınca qaçmağa başladı. Hətta ən ciddi qəzetlərin belə, "sarı mətbuat" dediyimiz əlavələri çıxırdı, yaxud da krossvord ilə birlikdə dərc olunurdu və bu yol ilə əlavə vəsait qazanaraq ciddi mətbuatı yaşadırdılar".

"Amma zaman keçdikcə "sarı mətbuat" faktiki olaraq sıxışdırılıb çıxarıldı. Hazırda ortada olan ən təsirli mətbuat ciddi mətbuatdır. Yəni intellekti yüksək olan, həqiqi mənada normal, doğru xəbərçiliyə qiymət verən insanların oxuduğu mətbuatdır. Televiziya kanallarımızda da belə bir mərhələnin keçirilməsi qaçılmazdır", — o deyib.

A.Həsrət düşünür ki, bu sahədə dövlətin dəstəyinə, eyni zamanda intellektual auditoriyanın toplanması üçün peşəkarların cəlb olunmasına ehtiyac var: "Yəni faktiki olaraq televiziya kanallarımızın əksəriyyəti peşəkarların qıtlığından əziyyət çəkir. Bəzən jurnalistika, ümumilikdə, auditoriyaya işləmək bacarıqları, yaxud da oxumaq mədəniyyəti, səviyyəsi yüksək olmayanlar efirə çıxıb verilişlər aparırlar, təqdimatlar edirlər. Bu da ucuz verilişlərin əmələ gəlməsinə səbəb olur. Bu məsələləri həll etmək üçün dövlətin dəstəyi ilə yanaşı, cəmiyyət olaraq özümüz də yardımçı olmalıyıq".

Həmsöhbətimizin qənaətincə, maarifləndirici verilişlər də cansıxıcı olmamalıdır: "Ona heç kim baxmayacaq. Ümumiyyətlə, geniş kütlə o cür verilişlərə baxmır. Yəni bunun görüntü, vizual, eyni zamanda əyləncə tərəfi də nəzərə alınmalıdır. Elə format seçilməlidir ki, tamaşaçını ekrana bağlasın, tamaşaçı yorulmasın. İndiki texnologiyalar şəraitində bunu etmək çox asandır. Sadəcə olaraq bir qədər düşünmək, yaradıcı yanaşmaq, tamaşaçını duymağı bacarmaq lazımdır".

Media eksperti Zeynal Məmmədli isə deyib ki, MTRŞ televiziyaların maddi durumu, büdcəsi ilə maraqlanırsa və proqram zənginliyinin, o cümlədən maarifləndirici verilişlərin olmamasını reklam azlığı ilə izah edirsə, bu, ona bir qədər qeyri-ciddi təsir bağışlayır. Səbəb iqtisadi azadlığın yetərincə, lazımi səviyyədə olmamasıdır.

"Yəni bir televiziya nə vaxt bazardan pul qazana bilər? İnsanlar onun faydasını hiss edəndə. Məsələn, televiziyada işsizliklə bağlı bir veriliş hazırlayanda, ardıcıl iş elanları veriləndə o televiziya nə qədər auditoriya toplayacaq? O auditoriyanın sayı, istər-istəməz reklam verəni maraqlandırır. Amma reklam verəni, ümumiyyətlə auditoriyanın sayı maraqlandırmırsa, demək monopoliya var. Ucuz və keyfiyyətli əyləncəli verilişlərə həmişə ehtiyac var. Amma ucuz əyləncə verilişlərini hazırlamaq heç nə tələb etmir və ona çox az da vəsait qoyulur", — Z.Məmmədli bildirib.

Ekspertin fikrincə, bütün problemlər MTRŞ-nin durumu normal analiz edə bilməməsindədir: "Bu analizi etməyə gücü çatmırsa, qoy, bunu universitetlər araşdırsın. Onların da gücü çatmırsa, uyğun mütəxəssislərə müraciət etsinlər. İkinci yolu budur ki, MTRŞ müəyyən verilişlərin hazırlanması ilə bağlı tender elan etsin. Dövlətin yardımı məhz o verilişlərə ayrılmalıdır. Amma mənasız seriallara ayrıldı. Hesabat versinlər ki, seriallara ayrılan pullar nəyə xərcləndi və nəticədə nə hazırlandı. Ona görə də biz nə əkəcəyik, onu da biçəcəyik".

Qeyd edək ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmli açıqlamasında onu da bildirib ki, telekanallarda şou-proqramlarda bağlı narahatlıq tək bizdə deyil, bütün dünyada mövcuddur. Çox təəssüf ki, dünyada hər şey şoulaşır: "Bu, tək televiziyalara aid məsələ deyil. Hüquqşünaslar, iqtisadçılar, din xadimləri öz işlərini şoulaşdırırlar. Ümumiyyətlə, cəmiyyətdə elə sahə yoxdur ki, şou ilə bağlı olmasın. Bu, çox təəssüfedici haldır və televiziyada özünü daha çox göstərir".

"Azərbaycanda özəl telekanallarının əsas gəlir yeri reklamla, sponsorla bağlıdır. Ona görə də telekanallar gəlir əldə etmək, cəmiyyəti verilişlərinə cəlb etmək üçün müxtəlif yollar, orijinallıq axtarırlar. Çox təəssüf ki, bu yollar bəzən çox da uğurlu alınmır" — sədr vurğulayıb.

MTRŞ sədri hesab edir ki, büdcədən maliyyələşən Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət Televiziyası, İdman Televiziyası, İctimai Televiziya bu işdə əsas yükü öz üzərilərinə götürməlidir: "Bu televiziya kanalları gərək cəmiyyətin tələbatını ödəsin. Əgər insanlar həmin televiziya kanallarında olan verilişlərə baxacaqlarsa, özəl telekanallardakı şou verilişlərinə ehtiyac qalmayacaq. Təəssüf ki, cəmiyyətdə dəyərsizləşdirmə çox sürətlə gedir və bu özünü bütün sahələrdə göstərir. Bu, qorxulu tendensiyadır və biz bundan çox əziyyət çəkirik".

Əlaqədar

Azərbaycanda telekanal rəhbərini öldürmək istəyənlərin məhkəməsi başlayıb
Telekanalda qadınlara məsləhət: Ərinizin ayaqlarından öpün...
Əcnəbi cütlük telekanalda Bakıdakı bal ayından danışıblar
ANS-i hansı telekanal əvəz edəcək?
“Çobanların rəqsi” Rusiya telekanalında
Bağlanmış telekanal yenidən fəaliyyətə başlayacaq
Teqlər:
Zeynal Məmmədli, Nuşirəvan Məhərrəmli, veriliş, iqtisadi vəziyyət, Azər Həsrət, efir, MTRŞ, Milli Televiziya və Radio Şurası, telekanal, proqram, ekspert, televiziya, Azərbaycan, sədr

Əsas mövzular