13:03 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
58330

O yanlış fikir meydana çıxarsa, həlak olan 25 nəfərin acısı yalan olar

BAKI, 5 mart — Sputnik. Bir dostumuz vardı. Elm və idman sahəsində xüsusi istedadı ilə yanaşı, adam qeyri-adi ədəb və sədaqət sahibi idi. Tək özü deyil, elə qardaşları da.

Arif (ad şərtidir) o qədər ədəbliydi ki, qarşısından gələn insana salam verərkən belə, yanaqları qızarardı. Biri ilə söhbətləşərkən, yersiz bir ifadə işlətməsin deyə, dialoqu birtəfərli formata yönəldər, özü dinləmə mövqeyində qalardı.

Prezident İlham Əliyev yanğın baş verən Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub
© Official website of President of Azerbaijan Republic

Dostluğa sadiqlikdə örnək idi. Dostlarından xəbərsiz onların müşküllərini həll edər, ailələrinin yardımına qaçar və bu əməllərini hər zaman gizli saxlayardı. Biz sonralar öyrənərdik ki, məsələn, bizə görə özünü hansısa təhlükəyə atıb, həm də təkbaşına.

Əvəzolunmaz güləşçi idi. Kiçik yaşlarından başlayaraq müxtəlif yarışların qalibi, hətta Respublika çempionu olmuşdu. Bu sahədə böyük perspektivləri və uğurlu gələcəyi vardı, hər kəsin də ondan gözləntiləri. Ta ki, olmaz bir bəlaya düçar olanadək…

Onun narkotik illətinin dadına baxdığını öyrənəndə hamımız sarsıldıq. Amma artıq gec idi, bəlkə içindəki boşluqdan, bəlkə maraqdan, bəlkə cahillikdən, bəlkə kimlərinsə onu tora salmasından, bəlkə də tamam başqa səbəbdən… Arif artıq damarını deşmişdi.

Asılılığının güclənməməsi, ağır aludəçiyə çevrilməməsi üçün bütün dostları, sevdikləri səfərbər oldu. Onun üçün hər kəs bacardığını etdi: Tək buraxılmadı, maddi və mənəvi dəstəklər əskik olmadı, müalicə etdirildi.

Lakin olmadı. O, qısa fasilədən sonra sürətlə pis vərdişini bərpa etdi. Sanki çəkdiyi əzabdan qurtulmaq, həyata dönmək istəmirdi. Bütün iradəsini "ağ ölüm"ün ixtiyarına vermişdi.

Gözümüzün önündə həm cismani, həm də xaraktercə bambaşqa adama çevrilirdi – gözləri çuxura düşməyə, dişləri tökülməyə başlayır, çevrəsindən uzaqlaşır, aqressiv və yalançı biri olurdu. Və günlərin bir günü Arifin yarıuçuq bir zirzəmidə meyiti tapıldı, aşırı dozadan keçinmişdi…

Birbaşa özümə aid olan bu qısa tarixçəni nəql etməklə kimlərəsə mənfi enerji ötürdümsə, üzr istəyirəm. Məqsədim öz kədərli halımı başqaları ilə bölüşmək, oxucunu da bu kədərə ortaq etmək (zatən kədərimiz əskik olmur) deyil. Bu sətirləri oxuduqca "sənin dostundan mənə nə" də deyə bilərsiniz, yazını bu nöqtədə yarımçıq buraxıb monitoru söndürə də.

Amma xeyr! Deməməlisiniz! "Sənin dostundan mənə, onun qohumundan bizə, filankəsin dərdindən başqalarına nə" deməməliyik. "Özü özünü məhv etdi, yaşamaq istədiyi həyatı yaşadı, elələrinin yaşamasından ölməsi daha faydalıdır" deyib onları cəmiyyətdən təcrid etməməliyik.

Ən azından, dövlət və cəmiyyət o yoldan dönmək istəyənlərdən öz dəstəyini əsirgəməməlidir. Biz Arifi döndərə bilmədik, çünki dönmək istəmədi. Amma axı, dönmək istəyənlər də var. Respublika Narkoloji Mərkəzinin yanğın çıxan korpusuna sığınan 55 nəfər kimi, həlak olan 25 nəfər kimi.

Bəli, onlar məhz sağalmağa gəlmişdilər həmin birmərtəbəli taxta binaya. Həyata dönmək, normal yaşayışını bərpa etmək istəyirdilər. Bəlkə də onlar iradəsinin və tibbin köməyi ilə narkotik asılılığından qurtulacaqdılar, ailələrinin içinə, isti yuvalarına dönəcəkdilər…

Təbii ki, bu hadisə "oldu-keçdi" deyə buraxılmamalı, bütün incəliklərinə qədər araşdırılmalı və hüquqi qiymətini almalıdır. Dövlət başçısının dərhal reaksiyası və lazımi qərarlar qəbul etməsi də ədalətin yerini tapacağına inam yaradır.

Lakin bundan sonrakı mərhələdə başqa bir risklə üz-üzə qala bilərik. Yəni, sözügedən hadisədən dolayı narkomaniyadan əziyyət çəkən digər vətəndaşlarımızın canını qorxu və ümidsizlik bürüyərsə, "haradasa faciəli şəkildə ölməkdənsə, əcəlimi əlimdə şprits gözləyərəm" yanlış fikri meydana çıxarsa, o 25 nəfərin acısı bunun yanında yalan olar.

Buna görə də dövlət resurslarını səfərbər etməli, heç bir boşluq buraxılmamalıdır. Xüsusən, hadisəyə münasibətdə ədalətin bərpası ilə yanaşı, bundan sonra bənzər hadisələrin yaşanmaması üçün bütün mümkün tədbirlər görülməli və cəmiyyətin buna inamı möhkəmləndirilməlidir. Sözügedən xəstəlikdən əziyyət çəkən vətəndaşların dövlətə, cəmiyyətə və sağalacaqlarına dair ümidlərinin yaşaması son dərəcə vacibdir, son dərəcə!

Əlaqədar

Elşad Xose: Narkoloji mərkəz yanan zaman orda idim
Bakıdakı Narkoloji Mərkəzdə faciə
Narkoloji xəstələrin yanmış cəsədləri morqda - EKSKLÜZİV VİDEO
Narkoloji xəstənin qardaşı: "Nə ölüsünü tapa bilirik, nə dirisini" - VİDEO
Yeni Narkoloji Mərkəz istifadəyə veriləcək
Narkoloji Mərkəzdə baş verən faciə ilə bağlı daha bir üzücü xəbər
Narkoloji Mərkəzdə baş vermiş yanğında 24 nəfər ölüb - Rəsmi
Bakıda narkoloji dispanserdə yanğın olub - Onlarla ölən var
Teqlər:
ümid, aludəçi, Respublika Narkoloji Mərkəzi, asılılıq, dost, nəfər, bərpa, dövlət, narkoman, həyat, xəstəlik, vərdiş, narkotik, cəmiyyət, yanğın

Əsas mövzular