05:49 23 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
114410

Tikinti şirkətləri ilə vətəndaşlar arasındakı narazılıqlara necə son qoymaq olar?

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. Pilot layihələrin tikintisi Bakı şəhərindəki istismar müddəti bitmiş köhnə binaların yeniləri ilə əvəzlənməsinə xidmət edir. Pilot layihələrin işə düşməsi sayəsində onlarla binalar sökülərək yeniləri ilə əvəzlənir.

Artıq xeyli binalar sökülüb, yeniləri tikilərək sakinlərə təhvil verilib. Lakin bəzi hallarda mənzil sahibləri ilə tikinti şirkətləri arasında narazılıqlar baş verir və bu səbəbdən söküntü işləri xeyli müddət uzanır.

Söküntü işlərinin yubanması tikinti şirkətlərinin işlərinin axsamasına, gecikməsinə və xeyli əlavə xərclərə səbəb olur. Bu narazılıqlar isə bəzi əmlak sahiblərinin tikinti şirkətlərinə qarşı olan inamsızlığından irəli gəlir. Şirkət rəhbərləri ilə əmlak sahibləri arasında bağlanmış müqavilələrə dövlət zəmanət versə də, bəzi vətəndaşlar tikinti şirkətlərinin sahibləri ilə bağlanılmış müqavilənin elə də tutarlı sənəd olmamasını səbəb kimi göstərirlər.

Bəs bu narazılıqlara necə son qoymaq olar?

Tikinti eksperti Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu narazılıqlara son qoymaq üçün vətəndaşlarla tikinti şirkəti arasında bağlanılacaq müqavilələrə bəzi əlavələr etməyə ehtiyac duyulur: "Söküntü işləri aparılmazdan öncə vətəndaşın mənzili qiymətləndirmə şirkətləri tərəfindən real satış qiymətinə uyğun qiymətləndirilməlidir. Hər bir mənzilin tam dəyəri şirkət tərəfindən qiymətləndirmə şirkətlərinin təyin etdiyi qiymətə uyğun, etibarlı sığorta şirkəti tərəfindən bina tikilib təhvil verilən günə qədər sığortalanmalıdır".

"Vətəndaşla şirkət arasında bağlanılmış razılıq müqaviləsi notarial qaydada aparılmalıdır. Belə olan təqdirdə, evi sökülən sakinlərlə tikinti şirkətləri arasında narazılıqlara son qoyula bilər", — o bildirib.

Ekspert qeyd edib ki, indiki halda yaşayış obyektlərinə qoyulan maksimum dəyər kvadratmetr üçün 1500, qeyri-yaşayış obyektlərinə qoyulan standart qiymət isə 1000 manatdır: "Təbii ki, çox zaman mənzil sahibləri evin yerləşdiyi ərazidən asılı olaraq verilən pul və ya təklif edilən evlə razılaşmaq istəmir. Bu narazılıqları aradan qaldırmağın yeganə yolu isə, söküntü və müqavilələrin bağlanması zamanı üçüncü tərəflərin iştirakıdır".

E.Fərzəliyevin fikrincə, müqavilələrə bu əlavələr olunarsa, hər bir əmlak sahibi heç bir tərəddüd etmədən mənzilinin sökülməsinə razılığını verəcək.

Gözləyirəm
© Sputnik
Gözləyirəm

Hüquqşünas Fərid Həmidli isə Sputnik Azərbaycan-a deyib ki, son zamanlar tikinti şirkətləri və vətəndaşlar arasında narazılıqların daha da artmasının səbəbi vətəndaşın öz evini baha qiymətləndirməsi, tikinti şirkətinin isə ərazini daha ucuz alması məsələsidir: "Bu problemin yeganə həlli isə evlərin qiymətləndirilməsidir. Bu zaman vətəndaş əmin ola bilər ki, tikinti şirkəti onu aldatmır".

"Bu, hüquqi səlahiyyətə malik olan bir qurum tərəfindən edilməli və vətəndaşa hüquqi qüvvəyə malik olan sənəd verilməlidir. Bu, vətəndaşlar arasında yaranan narazılığa son qoya bilər" — həmsöhbətimiz qeyd edib.

F.Həmidli bildirib ki, bəzən vətəndaşlar yaşadıqları ərazinin dəyəri az olduğu halda, 2-3 qat baha satmağa çalışırlar: "Bu zaman yaranan narazılıqlar isə uzun müddət davam edir. Yeganə çıxış yolu, mənzillərin qiymətləndirilərək sökülməsidir. Belə olan şəraitdə ev sahibi də evinin dəyərini bilmiş olacaq".

Əlaqədar

Bakıda yeni söküntü başlayır, 11 mindən çox sakin köçürüləcək
Bakıda "xruşşovka"lardan sonra sökülmə növbəsi "stalinka"lara çatıb
Bakıda plana düşən köhnə binalar sökülür
Yarımadada yeni söküntü xəbərdarlığı narazılığa səbəb olub
Bakı və Sumqayıtda böyük söküntü dalğası gözlənilir, üstəlik kompensasiya ödənilmədən
Primitiv üsulla inşa edilmiş tikililərin söküntüsünə başlanılıb
Teqlər:
hüquqi qüvvə, Elnur Fərzəliyev, Fərid Həmidli, hüquqşünas, müqavilə, Sputnik Azərbaycan, sakin, tikinti, söküntü, vətəndaş, əmlak, mənzil, ekspert, Bakı, pilot layihə, şirkət, ev

Əsas mövzular