15:10 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
110430

"Alpinist zirvəyə qalxan yox, dağda düzgün hərəkət edərək bacardığı qədər getməyi bacarandır"

Xudabaxşiyeva Təranə, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik. Son zamanlar Azərbaycanda 3 alpinistin başına gələn bədbəxt hadisə bu idman növü haqqında cəmiyyətdə müxtəlif təzadlı fikirlər formalaşdırdı. Bəziləri bu idman növünün çətinliyindən danışdı, bəziləri idmançıları qınadı, qəbul etdikləri səhv qərara görə başlarına belə hadisə gəldiyini dedi. Bir qrup insan isə idmançıların xilas edilməməsinin səbəbini adiyyatı orqanlarda gördü.

Amma həqiqət odur ki, danışanların əksəriyyəti bu idman növü haqqında dolğun məlumata malik deyillər, dağçılığın necə çətin sənət olduğunu bilmirlər. Sputnik Azərbaycan dağçılıq idman növünün incəliklərini dağçılıq məktəbinin müəllimi Babək Orabanlıdan soruşub.

- Dağçı olmaq üçün ilk olaraq hansı qaydaları bilib, əməl etmək lazımdır?

— Dağçı olmaq üçün bunun məktəbini oxumaq lazımdır. Azərbaycanda ən böyük də problem odur. Heç kim oxumaq istəmir. Hamı birbaşa dağa dırmanmağa çalışır. Amma bu, doğru deyil. Dağçılığın qaydaları var. Bir kiçik qayda pozuntusu böyük problemlərə səbəb olur.

- Alpinist olmaq üçün xüsusi istedad lazımdır?

— Dağa hər adam dırmana bilməz. Bir çantanı belə bağlamaqla dağa getmək olmaz. Dağa getmək üçün həmin dağı yaxşı tanımalısan, hava şəraitini bilməlisən ki, təbiətin şıltaqlığı baş verəndə düzgün qərar verə biləsən. Əks halda ağır yaralana və ya həyatını itirə bilərsən. Alpinist zirvəyə qalxan yox, dağda düzgün hərəkət edib bacardığı qədər getməyi bacarandır. Dağa çıxan tam sağlam olmalıdır. Çünki hündürlük qalxdıqca problemlər ortaya çıxa bilir.

Bir də onu deyə bilərəm ki, dağçılıq çox eqolu idman növüdür. İdmançılar bəzən eqolarının qurbanına çevrilir. Dağçılıqda fiziki güc lazımdır, amma ən əsası ağıldır. Düşünə bilməyən insan zirvəyə qalxa bilməz. Nəzərə alın ki, hündürlüyə qalxdıqca insanın psixologiyası dəyişir, səhhətində dəyişikliklər baş verir. Bunları nəzərə almaq lazımdır. Dağçı zirvəyə qalxan deyil, sağ-salamat evinə qayıdandır.

- Öyrənmək üçün sizə müraciət çox olur?

— Dağçılıq məktəbimizə müraciət edənlər çox olur. Amma bir müddət sonra sayları getdikcə azalır. Maraqlısı isə odur ki, hamısı dağa qalxır. Sonra problem olanda da deyirlər ki, günahkar başqa insanlardır. Tələbələrimə də həmişə deyirəm: "Öncə mükəmməl öyrənin, sonra dağa getməyi düşünün". Dağa çıxırsınızsa, çalışın başınıza iş gəlməsin. Əks halda, sizi xilas edən olmayacaq. Dünyada da belədir. Alpinist dağa qalxmaq üçün anket doldurub qurumlara təqdim edir. Və anketdə göstərdiklərinə görə qurumlar ona icazə verir.

- Bizdə bu qaydalar necədir? Alpinist xilas olunmalıdır?

— Baxın, bizdə öncə dağa qalxmaq üçün 3 nəfərdən az olmayan qrup yaranmalıdır. Onlar xüsusi blank doldurub Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edirlər. Blankda yaşları, sağlamlıqları və seçdikləri marşrut yazılır. Yanlarında mütləq peşəkar bələdçi olmalıdır. O, qrupu müəyyən olunmuş zirvəyə çatdırmalıdır. Bunları nəzərə alan nazirlik razılıq verir. Həmin sənəd alpinizmlə bağlı məktəbə təhvil verilir. Məktəb də sənədlərə baxıb razılıq verdikdən sonra Sərhəd Qoşunlarına göndərilir. Sərhəd Qoşunları sənədləri yoxlayıb, ən yaxşı halda 10 gün sonra, dağın hündürlüyünə uyğun olaraq, 3 gündən az olmayaraq icazə verir. İcazə müddəti bitən günün səhəri artıq axtarışlar olmalıdır. Qeyd edim ki, dağçılar bilərəkdən qoyulan vaxtdan gec ərazini tərk edərlərsə, o zaman cərimə oluna bilərlər. Bir sözlə, dağçı verdiyi ərizədə olan marşrutdan çıxırsa, düzgün qərar vermədiyi halda dağda başına iş gəlirsə, günahkarı özüdür.

- Sərhəd Qoşunlarının bilməsi nə üçün vacibdir?

— Əks halda hər kəs alpinist adı ilə sərhədləri keçməyə cəhd edər. Bu da ölkə təhlükəsizliyinin təmin edilməsi üçün vacib məsələdir. Qeyd edim ki, dağlar sərhəd zonası sayıldığı üçün qonşu ölkədən də ora gələnlər ola bilər. Onu da bildirim ki, sənədləri olan alpinistlər sərhədi bilməyərəkdən və ya azaraq keçsələr, bu zaman Azərbaycan onların xarici ölkədən geri gətirməsini təmin edir. Sənədlər olmasa, bu insanlar qaçaqmalçı kimi tutula bilərlər.

- Dağçı geyim və ləvazimatlarının qiyməti necədir?

— Bu idman növü elit idman növü sayılır. Ona görə də, dağçılıq idmanın geyimləri bahalıdır. Dağa qalxmaq üçün ən keyfiyyətli materiallardan olan ləvazimatlardan istifadə etmək lazımdır. Ən azı 5 min dollar lazımdır ki, dağa çıxmaq üçün geyim və ləvazimatlar əldə etmək mümkün olsun.

- Dağa çıxarkən qidalanma necədir?

— Ət yemək enerji baxımdan xeyirlidir. Amma onun enerjiyə çevrilməsi üçün su və oksigenə çox ehtiyac var. Ona görə də karbohidratlardan istifadə edirik. Makaron, çörək məmulatları, quru meyvələr yeyirik. Gündə 2-3 litr təbii bulaq suyu içməliyik.

- Dağçılıq iki hissəyə bölünür, yay və qış dağçılığı. Hansı daha çətindir?

— Əlbəttə qış dağçılığı çətindir. Bunun üçün təcrübə və təhsil lazımdır. Yenə deyirəm, Azərbaycanda dağçılığa marağı olanların bəziləri "hər şeyi bilirəm" deyib dağa çıxmağa cəhd edir. İnanın, belə insanlar dəfələrlə kiçik problemlər yaşayıblar. Əli, ayağı sınan çox olub.

- Dağda da vəhşi heyvanlar yaşayır. Dağçıya hücum etmirlər?

— Bizim dağlarda ən vəhşi heyvanlar tülkü və canavardır. Onlar da çadıra belə yaxın gəlmir. Hücum etmirlər. Dağçılar üçün ən təhlükəli heyvan ayıdır. Ayı idmançıların yediyi yeməyin iyinə gəlir. Ona görə məsləhətdir ki, yeməyi düşərgədən bir az aralıda yesinlər ki, iy vəhşi heyvanları düşərgəyə gətirməsin. Sürünənlər isə hündür dağlarda olmur. Azərbaycanda alpinistləri ən çox çoban itilər narahat edir. İtlər öz ərazilərini qorumaq üçün idmançılara hücum edir.

Teqlər:
Babək Orabanlı, "Dağçılıq məktəbi", alpinist

Əsas mövzular