CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayılda fərdi evlər sürüşür, bəs yerində ucaldılan "göydələnlər"?

© Sputnik / Fuad HasanovBayıl ərazisində yeni hündürmərtəbəli binaların tikintisi
Bayıl ərazisində yeni hündürmərtəbəli binaların tikintisi - Sputnik Azərbaycan
Abunə olmaq
Köhnə, uçuq-sökük binalar sökülür, yerində müasir və hündürmərtəbəli binalar inşa edilir

Fuad Həsənov, Sputnik Azərbaycan

BAKI, 16 fevral — Sputnik. Paytaxtın Bayıl qəsəbəsində ard-arda baş verən sürüşmə hadisələri o bölgədə yaşayan sakinlərdə ciddi narahatlıq yaradıb. Dağıntılar altında qalmaqdan qorxan bir çox insan oradakı evlərini ucuz qiymətə kirayə verərək, başqa ərazilərə köçməyə başlayıb.

Son hadisələrdən sonra Bayılda ev satmaq isə demək olar ki, müşkül məsələyə çevrilib. Çünki televiziya və internet vasitəsilə sürüşmələrdən xəbər tutanlar o zonadan ev almaq istəmirlər.

Ancaq məsələnin digər maraqlı bir tərəfi var ki, bu gün həmin ərazidə irimiqyaslı tikinti işləri aparılır. Köhnə, uçuq-sökük binalar sökülür, yerində müasir və hündürmərtəbəli binalar inşa edilir. İş orasındadır ki, həmin o hündürmərtəbəli müasir binaların təməli sonuncu sürüşmə hadisələrindən əvvəl atılıb. Bir neçəsinin tikintisi isə artıq başa çatmaq üzrədir.

© Sputnik / Fuad HasanovBayıl ərazisində yeni hündürmərtəbəli binaların tikintisi
Bayıl ərazisində yeni hündürmərtəbəli binaların tikintisi - Sputnik Azərbaycan
Bayıl ərazisində yeni hündürmərtəbəli binaların tikintisi

Bəs vəziyyət belədirsə, o zaman Bayıl ərazisində yeni hündürmərtəbəli binaların tikintisi nə dərəcədə düzgündür? Bu suala cavab tapmaq məqsədilə Sputnik Azərbaycan-ın əməkdaşı ərazidə olub və aidiyyatı şəxslərin məsələ ilə bağlı fikirlərini öyrənib.

Əvvəlcə yeni binalardakı mənzillərin sürüşmədən əvvəlki və sonra satış səviyyəsini öyrənmək qərarına gəldik. Bunun üçün həmin binaları tikən şirkətlərlə əlaqə yaratdıq. Onlardan biri, bəlkə də ən reytinqlisi olan "ParkBayıl" şirkətinin təmsilçisi Alla Əliyevanın dediyinə görə, sürüşmə hadisələri onların satışına mənfi təsir göstərməyib.

"Əvvəlcə qeyd edim ki, bizim Bayıl qəsəbəsində tikinti işləri apardığımız ərazi sürüşmə zonasında deyil. Ora düz sahədir, dərə-təpə yox. Təhlükəli tikililər təpə üzərilərində inşa edilənlərdir. Satış məsələsinə gəlincə, necə planlaşdırmışıqsa, işlərimiz eləcə də davam edir. Nə sürüşmədən əvvəl, nə də sonra satışımızda problem yaranıb", – A.Əliyeva bildirib.

Ərazidə tikinti aparan "Mahal MTK" şirkətinin adının açıqlanmasını istəməyən təmsilçisi də Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində söyləyib ki, onların da işində heç bir maneə yaranmayıb. Yəni, baş verən sürüşmələrin onlara heç bir təsiri yoxdur.

Qeyd edək ki, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov da Sputnik Azərbaycan-a açıqlama verib. O bildirib ki, bu cür ərazilərdə tikinti işlərinə başlanılmazdan əvvəl təhlükəsizlik səbəbi ilə onlardan arayış alınmalıdır.

"Tərəfimizdən bu günə qədər iki atlas hazırlanıb. Həmin atlaslarda bu günə kimi sürüşmə olan ərazilərin sərhədlərinin coğrafi koordinatları verilib. Bunlar albom şəklindədir və bu albomlar Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu atlaslar müxtəlif təşkilatalara, nazirliklərə verilib. Bu albomlardan Fövqəladə Hallar Nazirliyində, Bakı Şəhər İcra Hakimiyyətində var", — Qaralov deyib.

"Nə vaxt bu ərazilərdə fərdi yaşayış evi, yol infrastukturu, qaz xətti və s. məqsədlərlə verildikdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin arayışı olmalıdır. Arayış olmalıdır ki, həmin ərazilər üçün xüsusi layihə hazırlansın", — o əlavə edib.

Nazirlik rəsmisi onu da vurğulayıb ki, indiyədək onlara heç kəs belə arayış üçün müraciət etməyib: "Layihəyə görə, həmin ərazilərdə sürüşməyə davamlı olan materiallardan istifadə edilməlidir. Qabaqlayıcı tədbirlər görülməldir. Belə bir qərar var, amma təəssüflər olsun ki, bizə bu günə qədər müraciət edən olmayıb. Bizə evlər söküləndə, dağılanda müraciət edirlər. Vətəndaşlar evlərinə zərər gəldikdə əl-ayağa düşürlər".

Xəbər lenti
0