16:04 24 Fevral 2018
Canlı yayım
Prezident Administrasiyası

Prezident Administrasiyasından əhalini narazı salan problemə kəskin reaksiya

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
307112

Administrasiyaya tikinti şirkətlərindən çoxsaylı şikayətlər daxil olub

BAKI, 14 fevral — Sputnik. "Şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, söküntüsü, kompensasiyaların verilməsi barədə müraciətlərdə 28,8 faiz artım olub". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov deyib.

O qeyd edib ki, bu mövzuda Prezident Administrasiyasına il ərzində daxil olan müraciətlərdə, əsasən, yaşayış binalarının tikintisində norma və qaydalara riayət edilməməsi, təhlükəsizlik qaydalarına əməl olunmaması, tikintilərin plansız aparılması, bəzən kompensasiyaların miqdarının sakinlərlə razılaşdırılmadan tikinti işlərinə başlanılması, yeni yaşayış binalarının dövlət komissiyası tərəfindən qəbul edilməməsi, bu səbəbdən mənzillərin özəlləşdirilməsində və qazla təminatında çətinliklər yaranması məsələlərinə toxunulur.

Müraciətlərdə ən çox "Evrostroy-SS", "FVS İnşaat", "Murad M.S.", "İdeal-İ İnşaat", "Hermes-S", "Brend Palace", "Meqa City Holdinq", "Abşeron LTD 2013", "İnam-İnşaat-555", "Xudafərin", "Əzizbəy-KM", "Baku Pearl Residence", "Caspian Park", "Fuad LTD", "İron İnşaat", "Mahal", "Elite City", "Avro Qrand", "İnşaat Konstruksiyaları", "Birlik-İnşaat", "Hasil", "AENT-E", "MVV Verus Praedium", "Yüksəliş C", "Rifah-Plaza" MMC-lər və "Kristal Abşeron", "İlin Dörd Fəsli", "Badu-Kubə", "Yeni Yasamal", "Şərur", "Dağlar", "İnteks", "Çənlibel", "Ayla", "Mars", "Fateh-N" MTK tikinti şirkətlərinin fəaliyyətindən şikayət edilir.

"Həmin mövzuda respublikanın başqa rayonlarından da müraciətlər daxil olub və onların müəllifləri əsasən Bakı şəhərində həmin binalardan mənzil alan vətəndaşlardır. Bundan əlavə, bir sıra müraciətlərdə artıq tikintini başa çatdıran, lakin yaşayış üçün normal şərait yaratmayan "AAAF Park", "Bağçalı evlər" yaşayış komplekslərində problemlərin illərdən bəri həll olunmadığını yazırlar", – deyə İsmayılov bildirib.

S. İsmayılovun sözlərinə görə, adıçəkilən bəzi MMC və MTK-ların vəzifəli şəxsləri barəsində artıq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb, vətəndaşların etibarından sui-istifadə edərək əlbir olduqları şəxslərlə birlikdə tikdikləri yaşayış binalarında bir mənzili bir neçə şəxsə satdıqlarına, vətəndaşların külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirdiklərinə görə onlar məsuliyyətə cəlb edilib.

Administrasiya rəsmi əlavə edib ki, bunlardan cinayət əməlləri barədə Prezident Administrasiyasına dəfələrlə yazılı və şifahi müraciətlər daxil olan "Əzizbəy-KM", "Hasil", "Birlik-İnşaat" və başqa MMC-ləri göstərmək olar. "Əzizbəy-KM" MMC-nin 92 nəfər zərərçəkmiş şəxsə 2 milyon 627 min 717 manat zərər vurduğu sübut edilib, bu ziyanın 360361 manatının ödənilməsi təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsində onların cinayət işinə baxılıb.

"Həmçinin qeyd etməliyik ki, bəzi hallarda belə cinayət törətmiş şəxslərə qarşı məhkəmələrin qəbul etdiyi qərarlar vətəndaşları qətiyyən qane etmir. Məsələn, "Hasil" və "Birlik-İnşaat" MMC-lərin rəhbərinə vətəndaşlara vurduğu ziyana görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2014-cü il mayın 30-da verilmiş 15 il azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2017-ci il dekabrın 12-də 6 ilə endirilib, vətəndaşlara dəyən maddi zərərin ödənilməsi təmin edilməyib" — İsmayılov vurğulayıb.

Müsahibədə bildirilir ki, ümumiyyətlə, tikinti sektorunda baş vermiş korrupsiya hüquqpozmaları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən, məhz vətəndaş müraciətləri əsasında 13 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib, 300-dək şəxs zərərçəkmiş qismində tanınıb: "Bu cinayət işlərindən "AAAF Park" və "Xalq City" MTK-ları, "Xudafərin" və "Fateh-N" MMC-ləri göstərmək olar. Əhalinin haqlı narazılığına səbəb olan bu problemlərin, o cümlədən tikinti şirkətləri tərəfindən yol verilən dələduzluq və korrupsiya hallarının kökünün kəsilməsində Azərbaycan Respublikası Prezidentinin bu günlərdə imzaladığı "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanunu və Qanunun tətbiqi ilə əlaqədar 2018-ci il 5 fevral tarixli Fərmanı ciddi rol oynayacaq".

Əlaqədar

Hansı MTK-dan ev almalı…
Qalmaqallı MTK rəhbərinə 11 il həbs verildi
Mənzil sahibləri MTK-ların "əsarətindən" qurtulurlar
Bu MTK-dan ev almayın
MTK-lara ödədiyimiz "mənzil haqları" hara gedir?
Teqlər:
Süleyman İsmayılov, şəhərsalma, MMC, MTK, Prezident Administrasiyası, şikayət, tikinti, söküntü, vətəndaş, kompensasiya, bina, müraciət, məhkəmə

Əsas mövzular