CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Onu çəkib canavarın ağzından çıxardım" — 91 yaşlı çoban

© Sputnik / Ilham MustafayevFərman İsmayılov
Fərman İsmayılov - Sputnik Azərbaycan
Abunə olmaq
Fərman İsmayılov: "Ötən il 14 baş heyvanım keçdi Ermənistan tərəfə, ermənilər apardılar"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Ömrü boyu dağlarda yaşayıb, buz bulaqların suyundan içib, dağların təmiz havasından udub, isti yorğan-döşəyi yapıncı, yastığı çoban papağı əvəz edib. Hazırda 91 yaşı olmasına baxmayaraq, bu gün də at belindədir, çiynində yapıncı, əlində çomağı, iynə-dərman tanımadan peşəsini davam etdirir.

Söhbət Tovuz rayonunun Ağdam kəndində yaşayan, Azərbaycanın ən yaşlı çobanı hesab olunan Fərman İsmayılovdan gedir. Yaşlı çoban özü və peşəsi haqqında Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb.

"1927-ci ildə anadan olmuşam. Özümü biləndən çobanlıq etmişəm. Arada 4 il traktor sürsəm də, dağların havası, rahatlığı yenidən məni bu işə qaytardı. Hazırda 91 yaşım var. Hələ ki gözüm görür, əlim tutur, bir o qədər əziyyət çəkmirəm. Başqa cür də yaşaya bilmərəm" — o deyir.

Fərman baba çöllüyün də öz qanunlarının olduğunu, bu qanunlara uymadan yaşamağın mümkünsüzlüyünü qeyd edir: "Qoyun elə bir şeydir ki, görünən hər şey ona düşməndir. Gərək əlində çomaq tutub yanından bir addım da aralanmayasan. Canavardan, çaqqaldan, oğrudan qoruyasan. Sən qoyunu saxlamalısan ki, qoyun da səni saxlasın. Çölün də öz qanunları var. Elə olub, qoyunun ortasından canavar tutub, ayağından da mən tutmuşam, dartıb almışam əlindən".

F.İsmayılov geyindiyi yapıncıya, çoban papağına bu gün o qədər də ehtiyac olmadığını, lakin babalardan yadigar qaldığından bir növ bu çoban geyiminin yaşadılması üçün çalışdığını bildirir: "Biz babalarımızdan bu geyimi görmüşük, qoy yeni nəsil də bunu bizlərdən görsün, ənənə itməsin".

Əvvəllər heyvandarlığın asan olduğunu, lakin müharibə başlayandan sonra heyvanlarının dədə-baba yaylaqlarına həsrət qaldığından danışır yaşlı çoban: "Azərbaycanın bütün yaylaqlarını gəzmişəm. Yazın sonlarından qalxırdıq yaylaqlara, bir də qış olanda düşürürdük heyvanları".

"İndi hamısı ermənilər tərəfdə qalıb. Kəndimiz sərhəddə olduğundan öz örüşlərimizə də qorxa-qorxa çıxarırıq mal-qaramızı. Ötən il 14 baş heyvanım keçdi Ermənistan tərəfə, ermənilər apardılar" — həmsöhbətimiz bildirir.

© Sputnik / Ilham MustafayevFərman İsmayılov
Fərman İsmayılov  - Sputnik Azərbaycan
Fərman İsmayılov

Hazırda kəndin ən yaşlı sakinlərindən olan Fərman İsmayılov toylarda məharətli rəqsi ilə də ad çıxarıb. Kəndin bütün toylarına çağırıldığını deyən yaşlı çoban, hansı toyda olmasa, o saat nəzərə çarpdığını, hətta arxasınca maşın göndərildiyini söyləyir. Toylarda "Ruhani" havasını oynaması isə Ağdam kəndinin toylarına xüsusi yaraşıq verir.

4 oğul, 5 qız atası olan Fərman babanın 72 nəvəsi, 45 nəticəsi və 5 kötücəsi var. Övladlarının əksəriyyəti şəhərdə yaşayır. O, balalarının evində bir gündən artıq qala bilmədiyini deyir: "İki oğlum Bakıda yaşayır. Hərdən gedirəm. Amma bir gündən artıq qala bilmirəm".

"Bu gözəl havanı, daşdan süzülən bulağın suyunu qoyub, şəhərdə xlorlu su içərək yaşaya bilmərəm. Uzağı bir gecə qalandan sonra deyirəm, "bala, mənim yaşamağımı istəyirsinizsə, burda 4 divara salmayın, buraxın, öz elimə-obama, öz evimə gedim". Məni yaşadan bu gözəl təbiətdir, nə qədər taqətim var, yenə çobanlığımı edim"- deyir Fərman İsmayılov.

Xəbər lenti
0