03:20 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Döyüş atışı

Həyəcan siqnalı: Düşmənə yerimizi nişan veririk

© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
794521

Hərbçilərin foto və ya video paylaşması nə qədər təhlükəlidir?

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Çox zaman hərbçilər, onların yaxınları və ya millət vəkilləri hərbi hissələrdə, səngərlərdə keçirilən görüşlərdən video və ya foto çəkərək sosial şəbəkələrdə paylaşırlar. Mütəxəssislərə görə, hərbi hissələr, hərbi texnika, ümumiyyətlə cəbhə bölgəsində baş verənlər haqqında məlumatlar, şəkil və ya video çəkilişlər sosial şəbəkələrdə paylaşılmamalıdır. Çünki düşmən tərəf bu barədə anında məlumat əldə edə və həmin məlumatlardan istifadə edə bilirlər. Amma buna baxmayaraq, bu kimi halların qarşısını almaq mümkün olmur.

Bu məsələ, xüsusilə Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi hərbi əməliyyat zamanı özünü qabarıq büruzə verir. Belə ki, əməliyyat başında olan əsgərlər öz foto-video görüntülərini, yaxud da başqaları onların görüntülərini çəkib paylaşırlar.

Problemi Sputnik Azərbaycan-a şərh edən hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, bu mövzu 2016-cü ildə sosial şəbəkələrdə xaotik vəziyyət yaşandığı zaman gündəmə gəlmişdi: "Bəzi "psevdopatriotlar"ın hərəsi əlinə yeni texnologiyalardan: mobil telefon, planşet alaraq bir tərəfə cummuşdu. Onlar texnikanın yerdəyişməsini və ya əsgərlərin vəziyyətini sosial şəbəkələrdə paylaşmışdılar. Halbuki buna, əsla yol vermək olmazdı".

Ü.Cəfərov bildirir ki, XXI əsrdə hər şeyi gizlətmək və müharibə etmək çox çətindir: "Bu, yeni bir situasiyadır və buna ölkənin təhlükəsizliyi və müdafiəsi ilə məşğul olan bütün qurumlar hazır olmalıdır. Hərbçilərin olduğu bölgə ilə bağlı ən xırda bir ehtiyatsızlıq böyük bir problemin ortaya çıxmasına səbəb ola bilər. Və yaxud da, düşmənin müəyyən hərəkətinə rəvac verə bilər".

Ekspert vurğulayır ki, 2016-cü ildə həlak olan hərbçilərimizdən çoxunun düşmən və düşmənin havadarları tərəfindən aşkar edilməsində mobil cihazların böyük rolu olub: "Həmin mobil cihazlar uşaqların "dinlənməsinə" səbəb oldu. Yəni mobil cihazlardan gələn siqnallar vasitəsilə onların yeri müəyyən edildikdən sonra həmin yerlərə tanklar, minomyotlar vasitəsi ilə hücum edildi, həmin hərbçilər vuruldu. Həmin hərbçilərin yanında mobil cihazlar olmasaydı və ya söndürülsəydi, bəlkə də həmin hərbçilərin həyatı belə nəticələnməzdi. Çünki sönülü telefona siqnal daxil olmur".

"Hərbçilərin olduğu bölgədən foto və ya video çəkib paylaşması yolverilməzdir. Çünki həmin şəkillər və videolardan peyk, "google map" və ya digər proqramlar vasitəsilə olduqları yerləri müəyyən etmək olur" — həmsöhbətimiz deyir.

Ü.Cəfərov 2016-cü ildə yaşananlardan sonra ölkə prezidentinin bəzi tədbirlərin gücləndirilməsi ilə bağlı xüsusi sənəd imzaladığını xatırladır: "Ancaq aidiyyatı qurumlar bu məsələyə lazımi diqqət yetirmir. Hələ də sosial şəbəkələrdə bu qaydalar pozulur. Bəziləri səngərlərə gedib, əsgərlərlə şəkil çəkdirir, video paylaşır. Buna birmənalı şəkildə yol vermək olmaz. Biz çox diqqətli olmalıyıq".

Müsahibimiz bununla bağlı bir faktı nümunə çəkir: "Bir müddət əvvəl bir erməni vətənpərvər dona girərək yazır ki, "çoxdandır Ramil Səfərov görünmür, evinin yerini dəyişibmi?" Mən anladım ki, bu, başqa məqsədlə soruşur. Bu, erməni də ola bilər və yaxud müəyyən maraqlar naminə satılmış insanlardan biri də. Bu yaxınlarda Ramil Səfərova polkovnik-leytenant rütbəsi verildi. Bu da sosial şəbəkələrdə yayılmışdı. Bildiyiniz kimi, ölkə başçısının qərarı var ki, biz Ramil Səfərovu qorumalıyıq. Ramillə bağlı məsələ hələ uzun illər davam edəcək və ermənilər bu məsələdən uzun illər istifadə etməyə çalışacaq".

Hərbi ekspert bəzi şəxslərin Müdafiə Nazirliyinin açıqlaması olmadan cəbhə bölgəsində baş verənləri sosial şəbəkədə yaymasını da "vətənpərvərlik" kimi qiymətləndirir: "Unudurlar ki, bizim cəbhə bölgəsində minlərlə insan yaşayır və kiçik bir xəbər böyük təşvişə səbəb ola bilər, insanlar bölgəni tərk edə bilərlər. Məncə, belə xəbərləri paylaşanlardan bir neçəsi cəzalandırılmalıdır ki, digərləri nəticə çıxarsın. Nəticəsini düşünmədən hərbi texnikanın hərəkətini paylaşırlar. Olmaz".

"Bütün ölkələrin büdcəsindən düşmən haqqında məlumat almaq üçün külli miqdara vəsait ayrılır. Ancaq bizim bəzi şəxslər belə məlumatları paylaşmaqla milyonlarla vəsaiti Ermənistan büdcəsinə bağışlayır. Mən keçən dəfə Prezident Administrasiyasına da öz iradımı bildirdim. Prezident hansısa hərbi hissəyə gedəndə ərazini yuxarıdan dronla çəkirlər. Bildirdim ki, siz hər şeyi çəkirsiniz, gizlin nə qaldı ki? Sonra həmin videolar yığışdırıldı. Unutmamaq lazımdır ki, ermənilər hər kiçik materialı anında götürürlər. Sadə bir əsgərin adı belə, onların siyahısına daxil edilir" — o, qeyd edir.

Ekspertin sözlərinə görə, hərbçilərin olduğu bütün bölgələrin xəritəsi var: "Və Ermənistanın xüsusi xidmət orqanları 24 saat bu sahədə çalışır. Foto, video çıxan kimi bunlar üzərində işlənilir və yerlər müəyyən edilir. Müdafiə Nazirliyi hərbi hissələrdə telefon istifadəsini qadağan etsə də, çox təəssüflər olsun ki, bəziləri özünü ağıllı hesab edir və istifadə edirlər. Nəticədə də bunun çox pis fəsadları olur. Düzdür, cəbhə bölgəsində yaxınlarımız ola bilər, biz onlarla danışmaq istəyə bilərik. Amma yadda saxlamalıyıq ki, ermənilər xüsusi cihazlar vasitəsilə 200 km-lik məsafədən danışığı tuta, müəyyən edə, dinləyə bilirlər".

Qeyd etdiyimiz kimi, bəzi millət vəkilləri də əsgərlərlə görüşüb səngərlərdən şəkil paylaşır. Cəfərov bunun əsgərlər üçün potensial təhlükə olduğunu diqqətə çatdırır: "Həmin şəkillər səngərlərin vəziyyətini, səngərlərin nə ilə təmin edildiyini müəyyən edir. Şəkillərdə adi bir ağacın düşməsi düşmənə "ipucu" verir. Video çəkilişlər isə birbaşa təhlükə deməkdir".

Digər hərbi ekspert Ramil Məmmədli isə, Sputnik Azərbaycan-a bildirir ki, yuxarı komandanlığın razılığı olduqdan sonra hərbi qulluqçuların kütləvi informasiya vasitələrindən istifadə etməsi, yəni yayıma çıxması mümkündür: "Əks təqdirdə, bu, hərbi qulluqçular üçün qadağandır. Bunun səbəbləri çoxdur, əsas səbəb isə xidməti ərazinin açıqlanmamasıdır".

"Burada söhbət "Android" sistemli mobil telefonlardan istifadə etməklə döyüş əməliyyatı aparılan ərazilərdə çəkiliş etmək və bunu sonra sosial şəbəkələrdə yaymaqdan gedirsə, bu, birmənalı olaraq qadağandır. Çünki filtrdən keçməyən hərbi informasiya və video süjet düşmən üçün kəşfiyyat əhəmiyyətli ola bilər" — Məmmədli deyir.

O, qeyd edir ki, informasiya təhlükəsizliyi baxımından, döyüş bölgəsində mərkəzləşdirilmiş rabitə vasitələri istisna olmaqla, digərlərindən istifadə qadağan olduğundan hərbçilərin "Android" sistemli mobil telefonlardan istifadəsinə icazə verilmir: "Azərbaycan Silahlı Qüvvələrində də tələb bu cürdür. Hərbi qulluqçular bilməlidirlər və bilirlər ki, mobil telefonların, müasir texnologiyanın bir çox üstünlükləri ilə yanaşı, müəyyən problemləri də var. Bu, xidməti təhlükəsizlik baxımından vacib sayılmalıdır. "Android" sistemli mobil telefonlardan istifadə edən şəxsin yerinin müəyyənləşdirilməsi çətin deyil. Düşmənin radio-elektron mübarizə sistemləri də bunu asanlıqla həyata keçirə bilir və həmin telefondakı informasiyaları köçürə bilirlər".

Əlaqədar

Afrin əməliyyatı Abdullah Öcalanın başında partladı - VİDEO
Türk ordusunun Afrin əməliyyatından yeni videogörüntü
Afrində Türkiyə ordusunun tankı vuruldu, beş hərbçi həlak oldu
Azərbaycanda bütün hərbi hissələrdə döyüş məşqləri keçirildi - FOTOLAR
Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb
Teqlər:
Ramil Məmmədli, hərbi ekspert, mobil telefon, müasir texnologiya, foto, video, Ramil Səfərov, Sputnik Azərbaycan, Üzeyir Cəfərov, səngər, hərbçi, təhlükəsizlik, millət vəkili, düşmən

Əsas mövzular