08:17 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Cəza

Azərbaycanda o insanları təhqir etməyin cəzası yoxdur

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
İsmayıl MƏMMƏDLİ
77130

Təxminən, 15 il öncədən başlayan və getdikcə daha primitiv forma alan bir tendensiya yaşanır

BAKI, 29 yanvar — Sputnik. Böyüklər deyirlər ki, canınızın sağlam, ruhunuzun rahat və qəlbinizin aram olmasını istəyirsinizsə, nəfsinizin istədiyi hər şeyin əksinə gedin.

Məsələn, çox yatağan və çox oturmağa meylli nəfsiniz varsa, onu yuxunuzdan kəsmək və daim hərəkətdə olmaqla incidin.

Yaxud, şirin və yağlı təamları xoşlayırsınızsa, onlardan imtina edin, özünüzü dadsız, yağsız qidalar qəbul etməyə məcbur edin.

Ya da tutalım, nəfsiniz çox danışmağı, uzun-uzadı üyüdüb tökməyi tələb edirsə, məcbur olmadığınız müddətcə kəlmə kəsməyin, özünüzə susmağı əmr edin.

Böyüklər əmin edirlər ki, bu qayda insanın daxili və xarici aləmini gözəlləşdirər, ruhunu təmizləyər, səhhətində xəstəliklər meydana çıxmasını əngəlləyər, könlünü rahatlaşdırar, əxlaqını kamilləşdirər, cəmiyyətdə hörmət-izzətini artırar və sair.

Tamamilə nəfsinin tələbləri ilə oturub-duran insan isə, sadalanan keyfiyyətlərin tam əksinə sahib olar. Gəlin baxaq görək, böyük sözünü deyil, nəfsini rəhbər tutan zaman insan hansı vəziyyətə düşür.

Məsələn, nəfsinin şan-söhrət sevdasına yenilən bir gənc qalxıb kiminsə böyüyünü, millətin dəyər sahiblərindən birini təhqir edir. Nəticədə özü də, öz böyüyü də boynunu bükərək millətdən üzr istəmək məcburiyyətində qalır.

Onun "qəhrəmanlığından" vəcdə gələn başqa bir şöhrət xəstəsi də xalqın başqa bir dəyərinə sataşır. Cəhalətə, xurafata, nadanlığa qarşı mübarizə simvolu olan bir mərhum şairi aşağılayır. Bəlkə də üzr istətməyə bir böyüyü olmadığı üçün belə "cəsarətli" davranır.

Təxminən, 15 il öncədən başlayan və getdikcə daha primitiv forma alan bir tendensiya yaşanır ölkədə — tanınmaq naminə tanınmışları söymək. O tanınmışları ki, onları təhqir etmək, aşağılamaq hər hansı təhlükə yaratmır, uzağı cəmiyyətdən qınaq gəlir. Nə Xəlil Rza Ulutürk haqq dünyasından gəlib bu uşağın qulağının dibinə şillə vurasıdır, nə də Mirzə Ələkbər Sabir geri qayıdıb o biri uşağı həbs etdirəsi.

Bütün bu qisasçılığın, dəyərlərə hörmətsizliyin və ədəbsizliyin məqsədi qısa zamanda məşhurluq qazanmaqdırsa, səbəbi də istedadsızlıqdır. Məgər Nizami Gəncəvi Xaqani Şirvanini ləkələmək hesabına min ildir yaşayır? Ya Füzuli Nəsimiyə söyüş söydüyü üçün hələ də qəlblərin sultanıdır? Bəyəm Sabir Seyid Əzimə həqarət etdiyinə görə milyonların sevimlisinə çevrildi?

Xeyr! Çünki onlar ilahi istedad və millətə sevgi sahibləri idilər. Qələmlərindən dürr tökülürdü, şəhvət hissi deyil. Məshəti Gəncəvi atasının anası ilə onu səhv salmasından yazmırdı, qəlbini titrədən eşqdən yazırdı. "Hardasan"ı yazanda Nəsiminin gözləri "Like" axtarmırdı, şöhrət və pul gəzmirdi, yarını gəzirdi.

Repressiyanın qılıncının hər iki tərəfinin kəsdiyi zamanda yaşayıb, başına açılan oyunlardan bir gecədə saçları ağaran, cəmi 50 il ömür yaşayıb 90 yaşlı kişidən daha ahıl görünən Səməd Vurğunun bir misrasının ağırlığı qədər çəkiləri yoxdur bunların. Amma dilləndirsən, yerdən-yerə vurarlar Səmədi.

Niyə? Çünki o cür yaza bilmirlər, quş beyinlərini zora salsalar da, içindən bir şey çıxmır və xəbislikdən nifrət püskürürlər.

Etməyin, uşaqlar. Ədəbsizlik və paxıllıq etməyin. Yazmağa çalışır, bu, sizdə alınmırsa, özünüzü başqa peşədə sınayın, bəlkə orda qabiliyyətinizi reallaşdıra bildiniz. Sizdən üstün, istedadlı, qabiliyyətli, üstəlik də haqq dünyasına qovuşmuş şəxsləri aşağılamağa çalışmayın. Axı, arxadan atılan daş topuğa dəyər…

Əlaqədar

Nəyiniz var-nəyiniz yox, evə daşıyın, qapıları bağlayın
Yeni nazir gəlir, həm də yeniliklərlə
Qarşımızda yeni məcburiyyət və gəl də bundan baş çıxar
Azərbaycanda rezonans yaradacaq sosial sifariş
Görüb-görəcəyimiz ən humanist qərar: Camaat bayram edər
Teqlər:
ədəb, məşhurluq, şan-şöhrət, nəfs, böyük, söyüş, təhqir, istedad, cəza

Əsas mövzular