06:59 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
497 0 0

"Uzun müddətdir yerli bələdiyyələrdə Dövlət Sosial Müdafiə Fondu üçün ciddi borc yaranıb"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. "Azəriqaz" İstehsalat Birliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) borcu yoxdur. İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev mətbuata açıqlamasında bildirib ki, "Azəriqaz" tərəfindən yaranan ödənişlər vaxtında icra edilir və hal-hazırda vaxtı keçmiş borc qalmayıb.

"Bununla bağlı məhkəmə iddiası qaldırılması ilə əlaqədar hər hansı bir məlumat "Azəriqaz" İstehsalat Birliyinə daxil olmayıb" — deyə o vurğulayıb.

Bundan öncə xəbər verildiyi kimi, DSMF cari ilin 6 ayı ərzində əsasən böyük məbləğdə borcu olan sığorta edənlərə qarşı məhkəmə iddiası qaldırıb. İddiaların 4-ü iri sığorta edənlərə qarşı (1 iddia "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-ə qarşı, 3 iddia "Azəriqaz" İstehsalat Birliyinə qarşı), 16-sı dövlət mülkiyyətində olan digər təşkilatlara, 1-i bələdiyyə mülkiyyətində olan təşkilata, 228-i digər hüquqi şəxslərə, 513-ü isə fiziki şəxslərə qarşı qaldırılıb. Ardınca "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC DSMF-ə borcunun olmasını inkar edib.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, dövlət qurumlarının mühasibatlığı müasir tələblər əsasında qurulmalıdır: "Eyni zamanda, qurumlar öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməklə digər iqtisadi subyektlər üçün nümunəvi rol oynamalıdır. Amma bəzi hallarda xüsusilə zərərlə işləyən müəssisələr vergi, sosial-sığorta da daxil olmaqla öz öhdəliklərini yerinə yetirə bilmirlər. Son nəticədə dövlət müəssisələrinin büdcəyə borcu yaranır".

"DSMF tələblərini məhkəmə instansiyaları səviyyəsinə qədər yüksəldə bilər. Amma faktiki olaraq bu qurumlar arasında indiyədək problemin həlli istiqamətində ciddi müzakirələr aparılmayıb və problemin nədən ibarət olduğu üzə çıxarılmayıb" — mütəxəssis bildirib.

Onun sözlərinə görə, Hesablama Palatasının apardığı müşahidələr, yoxlamalar zamanı məlum olub ki, həm dövlət qurumlarında, həmçinin, DSMF-də uçotun aparılması ilə bağlı ciddi problemlər var: "Bu problemlər də son nəticədə qurumlar arasında anlaşılmazlığın və yaxud uyğunsuzluğun yaranmasına gətirib çıxardır. Daha yaxşı olar ki, bu kimi məsələlər ilk olaraq qurumlar arasında müzakirə edilsin və daha sonra məhkəmə instansiyalarına gedib çıxsın".

R.Həsənov deyib ki, hazırda yerli bələdiyyələrlə DSMF arasında da bənzər problem var və uzun müddətdir ki, yerli bələdiyyələrdə DSMF üçün ciddi borc yaranıb: "Bu borc bələdiyyələrdə ödənilməmiş əmək haqqına görə yaranıb. Amma mexanizmin olmaması və qurumların hüquqlarını doğru-düzgün anlamaması nəticəsində faktiki olaraq bu gün DSMF bələdiyyələrdən bu ödənişi tələb edir. Və büdcədən bələdiyyələrə verilən yardımın böyük bir hissəsi məhz bu istiqamətə yönəldilir".

"Yəni, burada uçotun doğru aparılmaması, eyni zamanda, dəqiqləşdirmələrin vaxtında yerinə yetirilməməsindən ortaya çıxmış problemlər müşahidə edirik. Ziddiyyətli məqamdır ki, bir dövlət qurumu digər dövlət qurumundan məhkəmə vasitəsilə öz ödəniş borclarını yerinə yetirməyi tələb edir. Digəri isə bu borcun olmadığını iddia edir" — ekspert vurğulayıb.

Həsənov hesab edir ki, növbəti dövrlərdə prosesə böyük ehtimalla Hesablama Palatası kimi nəzarət qurumları da cəlb ediləcək: "Hazırda hansı qurumun haqlı olması ilə bağlı konkret fikir demək çox çətindir. Məhkəmələr problemin hansı tərəfdə olduğunu müəyyənləşdirəcək".

İqtisadçı-ekspert Vüqar Bayramov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, dövlət qurumları digər və xüsusilə də özəl qurumlara örnək olmalıdır: "Dövlət qurumları, xüsusən də məcburi, o cümlədən sosial öhdəlikləri vaxtında həyata keçirməlidir. Çünki bu, məcburi öhdəlikdir. Amma çox təəssüf, xüsusilə son aparılan monitorinqlər göstərir ki, bəzi dövlət qurumları məcburi öhdəliklərə ciddi yanaşmır və məcburi öhdəliklərin həyata keçirilməsi, sanki əsas öhdəlik kimi deyil, yardımçı vəzifələr sırasına daxildir. Bu da arzuolunan deyil".

"Bu, nəticə etibarı ilə xüsusən də vergi və sosial ödənişlərdə nəzərdə tutulan vəsaitin büdcəyə cəlb edilməsinə imkan vermir. Çünki DSMF-nin sosial öhdəlikləri var. Onun sosial öhdəliklərini yerinə yetirməsi üçün də birmənalı şəkildə yığımlar olmalıdır. Yığımların bir hissəsi özəl sektordan, bir hissəsi dövlət sektorundan cəlb edilir. Əgər dövlət sektoru həmin yığımları yubadırsa və ya ödəməkdən boyun qaçırırsa, ödəmirsə, o halda artıq DSMF də xüsusən sosial öhdəliklərini, o cümlədən pensiyaların vaxtında verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkə bilər. Ona görə də dövlət qurumlarının məcburi öhdəliklərinə nəzarətin gücləndirilməsinə ehtiyac var. Məhkəmə yolu ilə bu məsələnin həlli mümkündür. Daha yaxşı olar ki, bu tip münasibətlər məhkəməyədək uzanmasın" — Bayramov qeyd edib.

Əlaqədar

Dekabr ayı üçün pensiya və müavinətlər ödənilib
Nazirdən pensiyaçılara xoş xəbər
Nazir müavini pensiyaların nə qədər artırılacağını açıqladı
Maaş və pensiyalar artırılacaq
Paytaxtda pensiyaçıların pulunu qarət edən qrup peyda olub
Teqlər:
"Azəriqaz" İstehsalat Birliyi, DSMF, Rəşad Həsənov, Sputnik Azərbaycan, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ekspert, Vüqar Bayramov, dövlət qurumları, məhkəmə

Əsas mövzular