CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 16 yaşlı möcüzə-qız

© Sputnik / Rahim MuradovGünay Nuriyeva
Günay Nuriyeva - Sputnik Azərbaycan
Abunə olmaq
"Özümə o qədər güvənirəm ki, respublika üzrə, hətta dünya üzrə yarışlarda da iştirak edə bilərəm və hamıya qalib gələrəm"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Masallı rayonunun Həsənli kəndinin 16 yaşlı sakini Günay Nuriyevanın hərəkətləri görənləri təəccübləndirir. Təəccübə səbəb isə, etdiyi hərəkətləri yox, Günayın özüdür. Çünki Günay 5 yaşına kimi nə yeriyə bilib, nə də danışa.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Günay özü haqqında bunları deyir: "Bu anadangəlmə xəstəliyin olması məni çox sıxırdı. Elə o vaxtdan belə hərəkətlər etməklə özümdə təsəlli tapırdım. Sanki əylənirdim öz hərəkətlərimlə, elə bil oyuncağım idi. Anam işə gedərdi, evdə qardaşımla ikimiz qalardıq. Anam evə qayıdanda həmişə görərdi ki, mənim dizlərim və əllərim yara olub. Yeriyə bilmədiyim üçün həyətə də düşə bilmirdim təbi ki. Pilləkənləri düşmək istəyəndə yumurlanıb yerə yıxılırdım. Qardaşım məni qaldırardı, ya da oturdardı".

© Sputnik / Rahim MuradovGünay Nuriyeva
Günay Nuriyeva - Sputnik Azərbaycan
Günay Nuriyeva

Günay bildirir ki, o, artıq 9 yaşından yavaş-yavaş yeriməyə başlayıb: "Anam həmişə təəccüb edərdi ki, bu qız yeriyə bilmirsə, niyə əli-dizi yara olur. Bir dəfə anam məni gizlicə kənardan izləyəndə görüb ki, mən gah ayağımı qaldırıb çiynimə qoyuram, gah da başımı ayaqlarımın arasından çıxarıram. Doqquz yaşıma kimi belə davam etdim, ondan sonra isə artıq divarları tuta-tuta yeriməyə başladım. Düzdür, yaxşı yeriyə bilməsəm də, cəhd edib 2-3 addım atırdım. Həm də ayaq üstə çox qala bilmirdim. Belim arxaya qatlanırdı".

© Sputnik / Rahim MuradovGünay Nuriyeva
Günay Nuriyeva - Sputnik Azərbaycan
Günay Nuriyeva

"Bir dəfə Sumqayıtda yaşayan dayım gəlib anama dedi ki, "Bu uşağı belə vəziyyətdə saxlamayın. Aparın Bakıya, ya masaj etsinlər, ya da məşq etdirsinlər, bəlkə bu uşağın beli düzəldi". Beləcə məni gətirdilər Start İdman Kompleksində bədii gimnastika üzrə məşqçi olan Sevil müəllimin yanına. Sevil müəllim məni məşq etdirməyə başladı və bu məşqlərin köməiyi ilə mən sağaldım, peşəkar idmanla məşğul olmağa başladım", — qız danışır.

© Sputnik / Rahim MuradovGünayın diplom və medalları
Günayın diplom və medalları - Sputnik Azərbaycan
Günayın diplom və medalları

G.Nuriyevanın sözlərinə görə, onu anadangəlmə xəstəlikdən gimnastika ilə məşğul olması xilas edib. Məşqlər tez zamanda bəhrəsini verib: "10-11 yaşım olanda müəllimimin etibarını tam qazanmışdım və o, məni artıq yarışlara da çıxarırdı. Bakıda, Gəncədə keçirilən bədii gimnastika üzrə yarışlarda bir neçə dəfə iştirak edib 1-2-3-cü yerlərə sahib oldum".

Gənc idmançı bu sahədə rastlaşdığı çətinliklərdən də danışıb: "Hər bir peşəkar idmanda olduğu kimi gimnastika da idmançı zədəsiz ötüşmür. Bir dəfə sol qolum sındı. Qolum sınandan sonra bərpa prosesi keçmək üçün məşqlərə ara verməli oldum. Müalicədən sonra dərhal məşqlərə başladım. Bu dəfə isə alətli hərəkətlər edərkən sol ayağım ciddi zədələndi. Ayağımın zədəsindən sonra 2 il məşq edə bilmədim və evdə qalmalı oldum. Zədəmi sağaldandan sonra bir dəfə məşq etməyə cəhd etdim. Dedim görüm edə biləcəyəmmi? Nəticə özümü də təəccübləndirdi. Əvvəlkindən də yaxşı edirdim bütün hərəkətləri".

"Daha sonra anamın başında xəstəlik tapıldı. Anamın müalicə olunması üçün rayonumuza qayıtmalı olduq. Buna görə də o gündən evdə fərdi şəkildə məşq edirəm. Amma mən ev şəraitində məşq etmək istəmirəm. İstəyirəm, mənim etdiklərimi bütün dünya görsün və bilsin. İndi mən özümə o qədər güvənirəm ki, respublika üzrə, hətta dünya üzrə yarışlarda da iştirak edə bilərəm və hamıya qalib gələrəm", — deyə Günay bildirir.

"Azərbaycanımızın adını, bayrağını beynəlxalq arenalarda ucaltmaq istəyirəm. Prezidentimiz İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirəm, mənə köməklik göstərsinlər ki, peşəkar şəkildə məşq edim. Mənim üçün şərait yaradılmasına köməklik göstərsinlər. İstəmirəm evdə oturum, istedadım batıb getsin", — deyən müsahibmiz bu məqsədindən dönməyəcəyini, sona qədər bu idman növü ilə məşğul olacağını əlavə edir.

Xəbər lenti
0