16:38 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8811
Açıq qapı

Nəyiniz var-nəyiniz yox, evə daşıyın, qapıları bağlayın

CC0 / U30SFTI / door
CƏMİYYƏT
Qısa URL
557410

Mənzilimizdən kənarda nə varsa, heç birinə toxunulmazlıq zəmanəti verilmir

BAKI, 15 yanvar — Sputnik. Səhər işə gedərkən beşinci mərtəbədəki qonşumun həyətdə deyinə-deyinə var-gəl etdiyini gördüm. Ağzımı açıb nə baş verdiyini soruşmağa macal vermədən qayıtdı ki, "bu ərazinin bir yiyəsi var, yoxsa yox?"

Duruxdum, bir anlıq özümü işinin öhdəsindən gələ bilməyən rayon icra hakimiyyətinin başçısı, ya da ən azından səhlənkar sahə müvəkkili kimi hiss etdim. Boğazımı arıtlayıb "qonşu, hər halda bir yiyəsi var, amma o, dəqiq mən deyiləm" dedim.

Nəysə, bəlli oldu ki, gecə onun iki ədəd bahalı velosipedi oğurlanıb. Həm də mənzilinin giriş qapısının önündən. Üstəlik, pilləkanın dəmirinə kilidli rezinlə bağlı haldaykən.

Qonşum da tələsik 102 xidmətini arayaraq şikayətini bildirib. Buna cavab olaraq geri zəng edən rayon polis şöbəsinin müstəntiqi məsələni öyrəndikdən sonra telefondaca qonşumu məzəmmət edib: "A kişi, adam da çöldə-bayırda əşya saxlayar? İndi mən hardan tapım sənin velosipedini?"

Təbii ki, bu cavabdan sonra qonşum "O boyda velosipedləri 2 otaqlı mənzilə necə sığışdırım" deməyib. Əslində, məlum tənbehdən sonra hansısa məntiqli izaha, arqumentə ehtiyac da qalmır. Yəni: Çalışın ki, nəyinizisə oğurlamasınlar, oğurladılarsa, keçmiş olsun!

Bu söhbəti eşidər-eşitmək qaçaraq yuxarı qalxdım. Mənzilimə daxil olub koridordakı qırıq-sökük əşyaları otaqlara daşıdım və ayrı-ayrı bütün otaqların qapılarını qıfılladım, pəncərələrini bağladım.

Bəs "kladovka"? Axı onun heç qapısı yoxdur. "Bir yolu olmalı" deyə dəli kimi ora-bura vurnuxarkən, ağlıma ideya gəldi. Cəld mətbəxdən oxlovu qaparaq "kladovka"da (yük dolabı) gizləndim və əlimdə dəyənək potensial oğrunu gözləməyə başladım…

###

Səhv etmirəmsə, Al Kaponedir. Deyir ki: "Uşaq vaxtı illər boyu Yaradana mənə bir velosiped yetirsin deyə yalvardım, olmadı. Nəhayət, gedib bir velosiped oğurladım və ondan sonra hər gecə günahımı bağışlasın deyə yalvardım. Demək ki, dünyanın çalışma sistemi beləymiş".

Bəlkə də, qonşumun velosipedini oğurlayan şəxs Al Kaponenin bu fikirləri ilə tanış olub (gərçi, belə bir addım atan şəxsin əlinə kitab-dəftər aldığı şübhə altındadır) və səhv olmasına rəğmən, o məntiqi qəbul edib. O, hər kimsə bir fərddir, yaxud da bir neçə fərdlərdir. Yanlış prinsiplərlə yaşamaları haradasa başadüşüləndir.

Amma və lakin dövləti təmsil edən birinin "əşyanı niyə çöldə qoyurdun ki, oğurlayırdılar" yanaşması məntiq elminin ilişdiyi nöqtədir. Fərdlər zərərli çalışma sisteminə uyub səhvlər buraxsa belə, dövlət mümkün olan ən ideal idarəçilik sistemini özündə ehtiva etməlidir. Və vətəndaş naşılıq edib (?) hansısa əmlakının oğurlanmasına şərait yaratdığı halda da dövlətə pənah gətirməlidir. Başqa hansı qapıya gedəsidir ki?

Dövlət vətəndaşından küsəcək, etdiyi səhvlərə görə onu əzabları ilə baş-başa buraxacaq və yalnız öz işinə gəldiyi zamanlarda hərəkətə keçəcək bir orqanizm deyil. Dövlət öz övladını doğuşdan düzgün tərbiyə ilə böyütməklə yanaşı, onun hər bir yanlışını bağışlamağa məsul olan ata kimidir.

O velosipedlərin toplam qiyməti, "onları niyə oğurlatdın" deyən müstəntiqin gözündə "çayevoy" misalında ola bilər. Amma vətəndaşın halal bir qəpiyi belə, dövlətin nəzərində toxunulmazlıq hüququna malikdir və dövlət onu qorumaqla mükəlləfdir.

Bu məmur məntiqi ilə yanaşsaq, deməli mənzilimizdən kənarda nə varsa, heç birinə toxunulmazlıq zəmanəti verilmir. Məsələn, həyətdə saxladığımız avtomobilimiz, yaxud dükana çörək almağa göndərdiyimiz övladımız.

Bir az da dərinə getsək, canımız. Axı, evdə nə qədər oturmaq olar…?

Əlaqədar

Avtobusunu yumağa verdi, oğurlandı
Son günlərdə Bakıda baş verən oğurluqların sayı açıqlandı
Bakıda səfirlik işçisinin evindən oğurluq olub
Masallıda qəribə oğurluq: Yarış atları oğurlandı
"Papanin"də qeyri-adi oğurluq baş verib
Mənzildən külli miqdarda pul oğurlandı
Yarım milyon dollarlıq oğurluqla bağlı istintaq aparılır
Teqlər:
bayır, çöl, qonşu, əşya, oğru, toxunulmazlıq, velosiped, dövlət, vətəndaş, müstəntiq, mənzil, ev

Əsas mövzular