10:26 27 Aprel 2018
Canlı yayım
Bakı sakinləri, arxiv şəkli

Hökumət işsizləri xaricə göndərəcək, amma necə?

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
503 0 0

"Azərbaycanda müəyyən işsizlər ordusu formalaşıb ki, onlar ixrac imkanlarına sahib deyil"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 yanvar — Sputnik. Azərbaycan xarici ölkələrə işçi qüvvəsinin ixracına başlaya bilər. Bu barədə ötən ay jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, bu gün Azərbaycanda işçi qüvvəsinin sayı ona olan tələbatı üstələyir: "Bizim qarşımızda bu işçi qüvvəsinin məşğulluğunun təmin edilməsi məsələsi dayanır. Yeni iş yerlərinin yaradılması və ya onun xaricə ixrac olunması. İkinci halda bu işçi qüvvəsi dünya bazarında rəqabət qabiliyyətli ola biləcəkmi?"

S.Müslümov, həmçinin qeyd edib ki, artıq işçi qüvvəsi problemini təkcə yeni iş yerlərinin açılması ilə həll etmək olmaz: "Bu məsələni bir sıra proqramları icra etməklə — frilanser fəaliyyətinin, növbəli işin təşkil olunması, özünü məşğulluq proqramlarının yaradılması və işçi qüvvəsinin ixtisasının artırılması ilə onun xaricə ixracını təşkil etməklə həll etmək mümkündür".

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a açıqlamasında müstəqillik dövründə Azərbaycanın xaricə kifayət qədər işçi ixrac etdiyini deyib: "Bu gün də Azərbaycanın bir sıra ölkələrdə əmək qüvvəsi var. Söhbət Rusiyadan, Ukraynadan, Türkiyədən, Fars körfəzi ölkələrindən və s. gedir. Yəni dünyanın müxtəlif ölkələrində Azərbaycanın işçi qüvvəsi çalışır və bu proses son 10 ildə müəyyən qədər səngisə də, daim davam edir".

"Hətta intellektual baxımından zəngin olan, daha yüksək insan kapitalını özündə birləşdirən işçilərimizin belə, önəmli hissəsini Avropa ölkələrində, Türkiyədə görə bilərik. Bu proses hər ölkədə olduğu kimi, Azərbaycanda da daim davam edir" — ekspert bildirib.

Onun sözlərinə görə, işçi qüvvəsinin ixracı məsələsinə mal və xidmətlərin ixracı kimi baxılmamalıdır: "Bu, kifayət qədər insana bağlı məsələdir. Unutmaq lazım deyil ki, dünyada mal və xidmətlərin, maliyyə axınlarının qarşısında maneələr kifayət qədər minimuma endirilsə də, işçi qüvvəsi axını qarşısında kifayət qədər maneə var. "İşçi qüvvəsi ixrac edəcəyəm" deyə istənilən ölkəyə işçi qüvvəsi göndərə bilməzsiniz. Burada yaşamaq icazəsi və s. məsələlər var".

E.Bağırzadə qeyd edib ki, bu məsələ uzun müddət dünyada protokollar, razılaşmalar ilə həyata keçirilib: "Məsələn, 60-cı illərdə Türkiyə ilə Almaniya arasında, Əlcəzair ilə Fransa arasında belə proses yaşanıb. Bu, dövlətlərarası protokol idi. Həmin ölkələrdə işçi qüvvəsi çatışmırdı deyə, bu ölkələrdən alırdı. Yəni, hazırda belə bir məsələ də yoxdur ki, hansısa ölkə bizdən işçi qüvvəsi tələb etsin".

Bunun iqtisadi tərəfinə gəlincə, dosent deyib ki, bu gün Azərbaycanda izafi işçi qüvvəsi mövcuddursa, bunun həllinin ən başlıca yolu ölkəmizdə qeyri-neft sektorunun, məşğulluq tutumlu sahələrin inkişafıdır: "Bir sözlə, Azərbaycanın iqtisadi böyüməsidir. Yəni, iqtisadiyyatımızı daha çox böyüdə biləriksə, işçi qüvvəsini məşğulluqla təmin edə bilərik".

"Azərbaycan tam məşğulluq baxımından pik həddə gəlib çatmayıb. Azərbaycanın iqtisadi artım imkanları hələ də var. Dövlətin, hökumətin həyata keçirdiyi iqtisadi siyasət elə buna istiqamətlənib ki, yeni iş yerləri açılsın, yeni sənaye sahələri yaradılsın. Yəni bunu o vaxt danışmaq olar ki, Azərbaycan iqtisadiyyatı tam məşğulluq səviyyəsinə gəlib çıxsın. Tədqiqatlar da göstərir ki, Azərbaycan iqtisadiyyatı tam məşğulluq səviyyəsində deyil. Ona görə də artıq işçi qüvvəsi varsa, Azərbaycanda onları yeni iş yerləri ilə təmin emək mümkündür" — həmsöhbətimiz diqqətə çatdırıb.

Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, işsizlər heç yerdə, heç kimə lazım deyil: "Azərbaycanda müəyyən işsizlər ordusu formalaşıb ki, onlar ixrac imkanlarına sahib deyillər. Ona görə ki, dil bilmirlər. 90-cı illərədək olan gənclər Sovet dönəmində hərbi xidmətdə olublar və rus dilini mənimsəyiblər. Bunlar üçün rusdilli məkanda işləmək kifayət qədər rahat idi. Amma bundan sonra gələn müəyyən nəsil formalaşıb ki, nə rus, nə də digər dilləri bilir. Ali təhsillilərin bir hissəsi isə onsuz da xaricdə yaşamağa və işləməyə üstünlük verirlər. Statistikaya görə, xaricə gedib təhsil alanların əksəriyyəti – 80 faizi geri qayırtmır".

Onun sözlərinə görə, əgər hazırda səhiyyə sisteminin vakansiya elanlarına baxsaq, Azərbaycanın bütün rayonlarında ən az 60-70 həkimə ehtiyac olduğunu görərik: "Ən ucqar kəndlərimizdə müəllim çatışmır. Bunları ixrac edəkmi? Azərbaycan Tibb Universitetini bitirən tələbələrin əksəriyyəti rayonlarda, regionlarda işləməyə getmirlər. Çünki əmək haqqı aşağıdır".

Ekspertin firkrincə, ölkəmizdə ünvanlı sosial yardım (ÜSY) almaq üçün müraciət edənlərin sayı durmadan artır: "Amma bunu almaq da çətindir. Ünvanlı sosial yardım almaq üçün o qədər baryer, mərhələli prinsiplər qoyublar ki, buna da insanların əli çatmır".

"İşçi qüvvəsini ixrac etmirlər. Dünyada "işçi qüvvəsi bazarı" deyilən bir şey yoxdur. Bu, könüllü aksiyadır. İnsan istəsə, xaricdə iş axtara bilər. Amma xaricdə işə qəbul zamanı qoyulan normativlərə işaxtaranın kriteriyaları cavab verirmi? Məsələn, dil bilgisi cavab vermir və s. Ümumiyyətlə, dünyada işçi qüvvəsi alqı-satqısı ilə məşğul olan mexanizm yoxdur. Konkret olaraq hədəflər göstərilməlidir" — İ.Hüseynli vurğulayıb.

Əlaqədar

Prezident yeni iş yerlərinin açılışını edib
Təhsil Nazirliyi işçi axtarır
Bakı Nəqliyyat Agentliyi işçi axtarır
İşəgötürənlər qarşısında tələb: İşçilərə pulsuz qida verin!
"Apple" şirkətinin rəhbəri öz işçilərindən az qazanır
Bakı Metropolitenində işçilərin işdən azad edilməsi nə ilə bağlıdır
Teqlər:
işçi qüvvəsi, xarici ölkə, dosent, İlqar Hüseynli, iş yeri, dil, Sputnik Azərbaycan, Elşən Bağırzadə, işsizlik, Səlim Müslümov, ixrac, ekspert, insan, Azərbaycan, açıqlama

Əsas mövzular