11:41 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Sənədin imzalanması

Qarşımızda yeni məcburiyyət və gəl də bundan baş çıxar

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
İsmayıl MƏMMƏDLİ
462172

Hər kəs başını sallayaraq işini görüb və dövlətin haqqını ödəyərkən bu anlaşılmaz qərarlar nəyə lazımdır?

BAKI, 8 yanvar — Sputnik. "Sahibkarlıq fəaliyyətindən gəlir əldə edən və vergi uçotuna sadələşdirilmiş verginin ödəyicisi kimi alınan şəxs verginin məbləğini hesabat rübü ərzində təqdim edilmiş mallara (işlərə xidmətlərə) və əmlaka görə əldə edilmiş hasilatın, habelə satışdankənar gəlirlərin həcminə Bakı şəhərində 4 faiz, digər regionlarda isə 2 faiz tətbiq etməklə hesablayır. Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri müvafiq olaraq 6% və 8% tətbiq etməklə vergini hesablayır.

Hesablanmış verginin məbləği hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq "Sadələşdirilmiş vergi bəyannaməsi" ilə bəyan edilir və həmin tarixdən gec olmayaraq dövlət büdcəsinə ödənilir. Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxs sahibkarlıq fəaliyyəti üzrə ƏDV və gəlir vergisindən, hüquqi şəxs isə ƏDV-dən və mənfəət vergisindən azaddır" – Vergilər Nazirliyi, "Sadələşdirilmiş vergi ödəyicilərinin vergi öhdəlikləri" bölümü.

Deməli, dövlət VÖEN əsasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin işini qəlizə salmaq deyil, daha da asanlaşdırmaq yolunu seçib ki, həmin şəxslər ordan-burdan qazandıqları gəlirin müəyyən hissəsini (4 faizi vergi, 23.4 manat DSMF) adam balası kimi gətirib dövlətin hesabına ödəsinlər.

İnsafən, VÖEN əsasında fəaliyyət göstərib də, dövlətin qanuni haqqını ödəməkdən boyun qaçıran kimsə qarşıma çıxmayıb. Buna cəhd edilməsi də mümkün deyil, çünki bizim müvafiq strukturlardan icazəsiz buralarda quş uça, qağayı qığıldaya bilməz. Eləysə, niyə?

Niyə adını "Sadələşdirilmiş" qoyduğumuz bu zadı günü-gündən qəlizləşdiririk? Hər kəs başını sallayıb işini gördüyü və gətirib həmin 4 faiz+23.4-ünü ödədiyi halda, həftə səkkiz-mən doqquz çıxarılan bu qədər anlaşılmaz qərarlar niyə?

Məsələn, günün günorta çağı, hələ camaat "qeyri-nağd" anlayışını doğru-düzgün qavramamış, məcburi şəkildə nağdsız ticarətə keçildi. Bankomatın nə olduğu, bank hesabı və plastik kartla necə davranılmalı olduğu sualları əhalinin xeyli hissəsinin qafasını məşğul edərkən, durduğumuz yerdə 4-müz də 6 oldu (əlavə 1 faiz vergi, 1 faiz bank haqqı).

Hələ bank sisteminin özünün buna hazır olmaması, indiyədək xeyli sayda vətəndaşın bank hesabları və plastik kartlarla bağlı problemlər yaşaması da kimsəyə sirr deyil. O zaman niyə? Üstəlik, 2018-ci il yanvarın 1-dən tətbiqinə başladığımız (hələlik son) yenilik niyə?

Belə ki, dekabrın sonlarında vətəndaşlara Vergilər Nazirliyindən SMS gəlib. "01.01.2018-ci ildən etibarən fərdi sahibkarlara mal, iş və xidmət təqdim edərkən e-qaimə-faktura verilməlidir" – məzmunlu.

Deyil dükanda satıcı işləyən Gülsənəm, heç iri şirkətin baş mühasibi olan Mikayıl da baş aça bilmir ki, nə baş verir və niyə baş verir. Azacıq nəsə dərk edənlərin izahı odur ki, bundan sonra hər bir VÖEN sahibi (yəni SADƏLƏŞDİRİLMİŞ vergi ödəyicisi) hər ayın sonunda öz müdirinə elektron şəkildə qaimə-faktura göndərməlidir ki, "sənin üçün filan xidmətləri həyata keçirmişəm, sən də filan qədər xidmət haqqı ödəməlisən".

Kafedə qabyuyan işləyən 60 yaşlı Sənəm xalaya qədər hər kəsin məcburi qaydada müqavilə əsasında fəaliyyətə (SADƏLƏŞDİRİLMİŞ vergi ödəyicisi kimi) cəlb olunduğunu nəzərə alsaq, bir neçə milyon vətəndaşın neçə faizinin "e-qaimə-faktura" adlandırdığımız nəsnədən başı çıxır? Və ya neçə faizinin, bunu anlamayıb vergi cinayətinə cəlb olunmamaq üçün özünə xüsusi bir mühasib tutmağa imkanı çatır? Ya da ölkədə o qədər mühasib varmı?

Bu, hələ SADƏLƏŞDİRİLMİŞimizdirsə, əsl QƏLİZLƏŞDİRİLMİŞimizdən qorxmalıyıq…

Əlaqədar

"Elektron ticarət vergidən azad edilməlidir"
Atakişiyev: “Büdcəyə vergi daxilolmaların artırılması prioritet təşkil edir”
Vergilər Nazirliyi ilə bağlı qərar verildi
Amaşov: “İstərdik ki, qəzet və jurnallar vergilərdən azad olunsun”
Yeni vergi layihəsi təsdiqləndi
Siqaret çəkənlərə yeni vergi gəlir
Yeyib-içmək həvəskarlarına Vergilər Nazirliyindən şad xəbər
Teqlər:
e-qaimə-faktura, qəliz, VÖEN, sadələşdirilmiş vergi, sahibkarlıq fəaliyyəti, vergi ödəyicisi, vətəndaş, faiz, vergi, hesab

Əsas mövzular