11:52 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
İmzalanma

Ona hakimiyyət səlahiyyətləri verildi: Cərimələyəcək

© rgo.ru
CƏMİYYƏT
Qısa URL
1316 0 0

Anar Nəcəfli: "Azəravtoyol" publik-hüquqi şəxsə çevrilir, Agentlik olaraq fəaliyyət göstərəcək"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. Prezident İlham Əliyev dekabrın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Nazirlər Kabinetinə Agentliyin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin balansında olan əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən Agentliyin balansına verilməsini bir ay müddətində həll etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Sənədin imzalanması
© Sputnik / Murad Orujov

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurumun adı dəyişir, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti yeni ad ilə fəaliyyət göstərəcək: ""Azəravtoyol" artıq publik-hüquqi şəxsə çevrilir, Agentlik olaraq fəaliyyət göstərəcək. Bir az səlahiyyətlərində müəyyən dəyişikliklər olub. Bu, ASC kimi deyil, publik-hüquqi şəxs kimi qeyd olunur".

AYDA sözcüsü onu da əlavə edib ki, "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin strukturu" təsdiq edilib: "Struktura Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Aparatı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təsərrüfat cəmiyyətləri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin filial və nümayəndəlikləri daxildir".

"Artıq xaricdə də Avtomobil Yolları Dövlət Agentliyi olaraq hər hansı bir yolun çəkilişi ilə bağlı tenderlərdə iştirak edə bilərik və xaricdə filial və nümayəndəliklərimiz ola bilər. Artıq rəsmi olaraq birbaşa tenderlərdə Agentliyin filial və nümayəndəlikləri iştirak edə bilər" — Nəcəfli bildirib.

Yeniliyi Sputnik Azərbaycan-a yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da şərh edib: "Azəravtoyol" ASC ləğv edilmir, yenidən təşkil olunur. Dekabrın 19-da "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi" təsdiq edilib. Bu Agentlik cari ilin oktyabr ayında yaradılıb. Bu, yenidən təşkil olunmadır".

"Yəni təşkilati-hüquqi forma dəyişir. Əvvəllər "Azəravtoyol" dövlətə məxsus Açıq Səhmdar Cəmiyyət idi, indi isə Agentliyə çevrilir. Yəni publik-hüquqi şəxsə çevrilir. Statusu publik-hüquqi şəxsdir. Agentliyə dövlət idarəçiliyinə oxşar əlavə səlahiyyətlər verilir. Bu da avtomobil yollarının mühafizəsi, lazımi vəziyyətdə saxlanılması, avtomobil yollarına xidmət ilə bağlıdır" — Ə.Hüseynov qeyd edib.

Onun sözlərinə görə, Agentliyə bir az hakimiyyət səlahiyyətləri verilib: "Yəni Səhmdar Cəmiyyət hər bir halda kommersiya təşkilatıdır, təsərrüfat qurumudur. Amma publik-hüquqi şəxs isə o deməkdir ki, hakimiyyət səlahiyyətləri var. Məsələn, gözlənilir ki, gələcəkdə Agentliyin də nəzarət funksiyaları reallaşsın. Tutaq ki, yolların mühafizəsi ilə bağlı qanunları pozan şəxslər barəsində cərimələr tətbiq edə bilərlər. Bu, gözlənilir, gələcəkdə ola bilər. Burada ləğv edilmə məsələsi yoxdur, bu, yenidən təşkil olunmadır".

Ekspert deyib ki, əvvəllər "Azəravtoyol" Nəqliyyat Nazirliyinin tabeliyində idi: "Bu qurumun adından hakimiyyət səlahiyyətini həyata keçirən orqan var idi – Nəqliyyat Nazirliyi. "Azəravtoyol" Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarılandan sonra bu, Səhmdar Cəmiyyət, kommersiya qurumu olub. "Azəravtoyol"un publik-hüquqi şəxsə çevrilməsi hüquqi olaraq zərurət idi. Ya bu qurum hansısa dövlət orqanına tabe edilməli, ya da belə hakimiyyət səlahiyyətləri verilməli idi".

"Bu, yenə də təsərrüfat qurumudur, kommersiya fəaliyyəti ilə məşğul ola bilər. Amma, eyni zamanda müəyyən hakimiyyət səlahiyyətləri də var. Və heç bir quruma da tabe deyil" — Hüseynov vurğulayıb.

Qeyd edək ki, fərmanla Agentliyin Nizamnaməsi təsdiq edilib. Nizamnamədə deyilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik-hüquqi şəxsdir.

Agentlik ümumdövlət əhəmiyyəti daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.

İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən — Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və iki sədr müavinindən ibarətdir.

Agentliyin nizamnamə fondu 644 milyon 987 min 156 manatdır.

Agentliyin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, təsisçi tərəfindən ona verilmiş digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitlərdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

Agentliyin fəaliyyətinə nəzarət Azərbaycan Prezidenti, həmçinin verilmiş təsisçi səlahiyyətləri çərçivəsində Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Prezidenti həyata keçirir.

Əlaqədar

“Azəravtoyol”un bir neçə əməkdaşı Mikayıl Müşfiqin büstünə görə cəzalandırılıb
"Azəravtoyol"dan sürücülərə müraciət
“Azəravtoyol” ASC qarlı havaya hazırlaşır
"Azəravtoyol"un aparat rəhbəri Türkiyədə ölüb
Teqlər:
nizamnamə, hakimiyyət səlahiyyəti, AYDA, Avtomobil Yolları Dövlət Agentliyi, ASC, "Azəravtoyol" ASC, Ərşad Hüseynov, Sputnik Azərbaycan, publik hüquqi şəxs, Anar Nəcəfli, ekspert, Nazirlər Kabineti, İlham Əliyev, prezident

Əsas mövzular