05:18 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Kibrit

Hətta öz mülkiyyəti olsa belə, ziyan vuranlar cəzalandırılacaq

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
321 0 0

"Əkin yerləri yandırılarkən bitki qalıqları, torpağın humus qatı, faydalı torpaq mikroflorası və mikrofaunası məhv olur"

BAKI, 20 dekabr — Sputnik. "Torpaqların münbitliyi haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən "Torpaqların münbitliyi haqqında" qanunun 1-ci maddəsinin (Əsas anlayışlar) birinci hissəsinin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və aşağıdakı məzmunda səkkizinci abzas əlavə olunub:

"əkin yeri — torpaqların məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq əkin üçün nəzərdə tutulan kənd təsərrüfatı yeri.".

Digər dəyişikliklə həmin qanunun 9-cu maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilib: "Əkin yerinin yandırılması qadağandır.".

Qanun layihəsi əkin torpaqlarının münbitliyinin qorunması, ekologiyaya ziyan vurulmasının qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi üçün əkin yerlərinin yandırılmasının qadağan edilməsi məqsədi ilə hazırlanıb.

İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 244-1-ci maddə əlavə edilib: "Maddə 244-1. Əkin yerinin yandırılması. Əkin yerinin yandırılmasına görə — fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.".

Maddə 2. Bu qanun 2018-ci il fevralın 1-dən qüvvəyə minir.

Qanun layihəsində deyilir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin məqsədi torpaq münasibətlərini tənzimləməklə yanaşı, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasından, torpağın münbitliyinin bərpası və artırılmasından ibarətdir. Eyni zamanda, qanunvericilikdə kənd təsərrüfatı yerlərinin xüsusi olaraq qorunması təsbit edilib.

Lakin kənd təsərrüfatı yerlərinin, xüsusilə də əkin yerlərinin istifadəsi zamanı mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən bir çox hallarda ciddi nöqsanlara yol verilir. Müşahidələr göstərir ki, ölkənin əksər rayonlarında kənd təsərrüfatı istehsalçıları yanlış olaraq torpaqların münbitliyinin yaxşılaşdırılmasını zənn edərək məhsul yığımından sonra əkin yerlərini, xüsusilə də biçilmiş taxıl sahələrini (kövşənlikləri) yandırırlar.

Heç bir elmi əsası olmayan bu cür yanaşma təkcə kənd təsərrüfatına yararlı torpaqlar üçün deyil, həm də ətraf mühitə, insan həyatına ciddi təhlükə yaradır. Əkin yerləri yandırılarkən bitki qalıqları, torpağın humus qatı, faydalı torpaq mikroflorası və mikrofaunası məhv olur. Torpaqda baş verən təbii bərpa və münbitləşmə prosesi, eləcə də qida maddələrinin balansı pozulur, torpaqlar münbitliyini itirir, məhsuldarlıq aşağı düşür.

İnzibati Xətalar Məcəlləsində torpaqların münbit qatının korlanmasına, torpaqların təsərrüfatsızcasına istifadə edilməsinə və onların mühafizəsi üçün məcburi tədbirlərin görülməməsinə görə inzibati tənbeh növləri müəyyənləşdirilib. Bu tələbləri pozan təqsirli hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Lakin Məcəllədə əkin yerlərinin yandırılması əməli torpaq münbitliyinə və ətraf mühitə ziyan vuran amil kimi təsbit olunmadığı və buna görə məsuliyyət nəzərdə tutulmadığı üçün bu cür hallar davamlı xarakter daşıyır. Bu, eyni zamanda əkin yerlərinin yandırılması hallarının qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsinə imkan vermir.

Dəyişikliyin əsas məqsədi əkin yerlərinin, xüsusilə də taxıl biçinindən sonra kövşənliklərin yandırılması hallarının və nəticədə baş verə biləcək daha ciddi fəsadların qarşısının alınması üçün müvafiq məsuliyyət növünün müəyyən edilməsindən ibarətdir.

Dəyişikliklər Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Əlaqədar

Nə qədər cərimə edilsələr də...
Azərbaycanda otuz manatlıq cərimə ləğv edildi
Qərar verildi: qeydiyyatdan keçməyən xarici agentliklər cərimələnəcək
Maşını oğurlanan şəxsə 3 min 300 manat cərimə gəldi
Tanınmış iş adamı yarım milyon cərimə edildi
Artıq internet provayderlər də cərimələnəcək
Cinayət Məcəlləsində yeni cəza: nə cərimə var, nə də həbs
Teqlər:
"Torpaqların münbitliyi haqqında" qanun, dəyişiklik, İnzibati Xətalar Məcəlləsi, cərimə

Əsas mövzular