20:17 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Gülçin Muradova

Azərbaycanlı qız "yeddinci hiss"ini kəşf edib

© Sputnik / Ilham Mustafa
CƏMİYYƏT
Qısa URL
344511

"Onlar deyilən hər yalanı asanlıqla hiss edə, aşkarlaya bilərlər"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik. Avstraliyalı professor Devid Con Outs tərsinə danışmağı və başa düşməyi insanın "yeddinci hiss"-ni kəşf etməsi kimi dəyərləndirir. O, 20 ildən artıq apardığı araşdırmaların nəticəsi olaraq iddia edir ki, eşitdiklərini tərsinə çevirməyi və analiz etməyi bacaran insanlar deyilən hər yalanı asanlıqla hiss edib aşkara çıxara bilərlər.

Ölkəmizdə də Con Outsun dəyərləndirməsi ilə "yeddinci hiss"i kəşf edən insanlar yaşayır. Bunlardan biri də Ağstafa rayon Qarahəsənli kənd sakini 14 yaşlı Gülçin Muradovadır.

Gülçin Muradova
© Sputnik / Ilham Mustafa
Ağstafanın Qarahəsənli kənd sakini 14 yaşlı Gülçin Muradova tərsinə həm oxuya, həm də yaza bilir

9-cu sinif şagirdi olan Gülçin fərqli istedada — tərsinə oxumaq və danışmaq bacarığına malikdir. Məktəbli bu istedadı bir il olar özündə aşkarlayıb. Televiziya verilişlərinin birində tərsinə danışanları gördükdən sonra bunun bir istedad olduğunu anlayıb və gizli saxladığı bacarığını üzə çıxarıb.

İstedadı barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Gülçin yaxınlarının əvvəl ona inanmadıqlarını bildirib: "Heç özüm də bilmədən sözləri beynimdə tərsinə çevirirdim. Bunu bacardığımı deyəndə, əvvəl heç kim mənə inanmaq istəmirdi. Yoxlamaq üçün sözlər, cümlələr yazıb, tərsinə oxutdurduqdan sonra inanırdılar".

Heç bir xüsusi hazırlıq görmədən tərsinə danışmağı bacaran Gülçin kitabı tərsdən oxuyaraq yazılanları anlaya bildiyini deyir. Bundan başqa, o, sevdiyi mahnıları da tərsdən oxuyaraq zümzümə edir. Hətta bilmədiyi ingilis və rus dilində olan sözləri də eşitdikdən sonra dərhal əksini tələffüz etməyi bacarır.

Dəqiq fənlərə üstünlük verən Gülçin gələcəkdə riyaziyyat müəllimi olmaq arzusundadır
© Sputnik / Ilham Mustafa
Dəqiq fənlərə üstünlük verən Gülçin gələcəkdə riyaziyyat müəllimi olmaq arzusundadır

Gülçinin istedadı barədə danışan atası Ramil Muradov qızının qabiliyyətinə dəstək olmağa çalışdığını deyib: "Gülçin utancaq olduğundan bu bacarığını gizlədirdi. Evdəkilər mənə deyəndə, sınamaq qərarına gəldim. Bir neçə söz soruşdum, tərsinə çevirdi. Gördüm ki, həqiqətən istedadı var, mane olmadım. Hərdən rastıma çıxan çətin sözlər, adlar soruşuram, fikirləşmədən tərsinə çevirir".

Tərsinə danışma istedadının dərslərinə mane olmadığını deyən Gülçin, əsasən, dəqiq fənlərə üstünlük verir. Ən böyük arzusu isə gələcəkdə riyaziyyat müəllimi olmaqdır.

Əlaqədar

Azərbaycanda qeyri-adi avtomobil
Ölkəmizdə qeyri-adi qabiliyyət sahibi
Əsl qeyri-adi qafqazlı...
Azərbaycanda qeyri-adi toy olub
Azərbaycanda quşların, heyvanların "dilini bilən" qeyri-adi adam yaşayır
Azərbaycan təhsilində qeyri-adi yenilik
Maddi sıxıntıdan qeyri-adi sənət doğuldu
Teqlər:
Ramil Muradov, Gülçin Muradova, yeddinci hiss, tərsinə danışmaq, Devid Con Outs, cümlə, istedad, söz, bacarıq

Əsas mövzular