02:57 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Məmur

Yeni nazir gəlir, həm də yeniliklərlə

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
İsmayıl MƏMMƏDLİ
70688158

On milyon vətəndaşın əli ürəyinin üstündə qalıb

BAKI, 18 dekabr — Sputnik. Yeri gəldi-gəlmədi istifadə olunmasına baxmayaraq, "sistemli siyasət" anlayışı o qədər də vahiməli deyil. Əslində, mövcud olmalı olan və üstəlik əşhədü-ehtiyacdan doğan bir idarəetmə formasıdır. Təbii ki, o sistem və onu yönəldən siyasətin məqsədi uğurlu perspektivləri təmin etdiyi halda.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Məsələn, sistemli siyasət olmayanda Oğuz rayonuna vəlvələ düşür ki, vay aman, yeni icra başçısı təyin olunub. Rayonda hamı pıçıldaşır: "Görəsən, necə adamdır? Xasiyyəti tünddürmü, yumşaqdırmı? Azmı alacaq-çoxmu yığacaq? Özündən əvvəlkinin aldıqlarının-verdiklərinin üzərindən xətt çəkəcəkmi? Dükan-bazarı növbəti dəfə sökəcəkmi? Üzü aqlaylanmış obyektləri yenidən bəzəyəcəkmi?" Və sair…

Sistemli siyasət yoxdursa, yeni polis rəisinin gəlişi Masallı camaatının yuxusunu ərşə çəkəcək. Taksi sürücüsündən bazar müdirinə, divar dibində siqaret tüstülədən yeniyetmədən İrandan çərəz daşıyan iş adamına, kəndçisindən şəhərlisinə qədər hamı təşviş içində düşünəcək: "O biri filan cür davranardı camaatla, bəs bunun iş metodu necə olacaq? Qabağına çıxan hər kəsi asıb-kəsəcəkmi, tutub-buraxacaqmı? Rəhmlidirmi, qəddardırmı?" Filan…

Ya da, hansısa gömrük postunun rəisi dəyişir. Əgər bu sahədə davamlı bir sistem olmazsa, sərhədin o tərəfindəki əcnəbi də, bu tərəfindəki yerli də başlayacaq maraqlanmağa ki: "Bu yeni gələn adam əvvəl haralarda çalışıb, əvvəlki iş yerlərində necə biri kimi tanınıb? Buradakı keçmiş rəislə anlaşdığımız kimi bununla da anlaşmaq mümkün olacaqmı? O yan-bu yana keçə biləcəyikmi, keçirə biləcəyikmi? Dolanıb-dolandıra biləcəyikmi? Yoxsa tutduğunu qoparandırmı?"

Bu cür misalların siyahısını dartıb istədiyiniz qədər uzada bilərik. Bunları qeyd etməkdə məqsəd odur ki, hər hansı ərazi vahidində, yaxud idarədə, müəssisədə qeyri-sistematik yanaşma, fərdlərin şəxsi keyfiyyətlərinə bağlı olan idarəçilik metodu yuxarıdakı problemlərin meydana çıxması ilə nəticələnir.

Baxın, Vergilər Nazirliyinin başında duran şəxs dəyişdi. Artıq nəinki həmin qurumun tabeçiliyində çalışan məsul şəxslərin, eləcə də vergi verən və alan bütün ölkə vətəndaşlarının əli ürəyinin üstündə qalıb. "Pis-yaxşı, o birinin iş metoduna alışmışdıq, alacağımızı-verəcəyimizi bilirdik, indi özümüzü nələrə hazırlayaq?" deyə. "O biri qurduğunu qurdu, yıxdığını yıxdı, ağlına gələn bütün ideyaları tətbiq etdi, bəs təzəsi hansı ideyalarla gəlir?" deyə. "Kimləri və nələri dəyişəcək, hansı sürprizlərlə rastlaşacağıq?" deyə…

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ya da, öz struktur genişliyi və əhatə etdiyi kontingentə görə vergilərdən heç də geri qalmayan, üstəlik millət və dövlət üçün vergilərdən daha önəmli olan bir sahəyə — təhsil sahəsinə diqqət yetirək.

On milyon vətəndaş intizarla yeni nazirin kim olacağını gözləyir: Kim olacaq? Necə biri olacaq? (Həm də haralı olacaq?) Bu dəfə 12 illik təhsildən 15 illiyə keçməyəcəyik ki? İndi müəllimlər hansı imtahanlara, şagirdlər hansı əlavə dərs yükünə, valideynlər hansı "əlavələrə" hazır olsunlar? Maaşların hesablanması, ödənilməsi qaydası yenəmi dəyişəcək, dəyişəcəksə, necə? Postda oturanlar onu qorumaq, oturmayanlar onların yerində oturmaq üçün kimlərə elçi düşsünlər, kimləri araya salsınlar…?

Bax belə. İndi əmin olduqmu ki, sistemli siyasət, haqqında danışılanlardan daha yaxşı bir şey imiş?

Əlaqədar

Azərbaycan Mərkəzi Bankında mühüm təyinat
Ədliyyə Nazirliyində yeni təyinat olub
Yeni təyinat var
Azərbaycanda yeni icra başçısı təyin olundu
Məktəbi kim təmir etdirməlidir: valideyn yoxsa nazirlik?
"Bir dəfə riyaziyatçı müdafiə naziri oldu, nəticəsini gördük"
Təhsil Nazirliyi: Valideynlərin etirazı haqlı çıxarsa...
Teqlər:
fərd, sistemli siyasət, sahə, icra başçısı, vətəndaş, rəis, təhsil, rayon, vergi, yenilik, nazir

Əsas mövzular