14:39 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
414 0 0

Azərbaycan hotelləri vətəndaşların cinsi əlaqədə olma hüququnu pozmağa məcburdur

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 13 dekabr — Sputnik. Əxlaqsızlıq yuvalarının təşkilinə qarşı mübarizədə hüquq-mühafizə orqanları əməkdaşlarının ifrat səyləri demokratik və dünyəvi Azərbaycanda ciddi bir problemin ortaya çıxmasına səbəb olub — vətəndaşların şəxsi intim həyatına müdaxilə.

Polis hər yerdə fahişə axtarır. Sən demə, elə hotellərin özləri "əxlaqsızlıq yuvası" imiş. Hüquq-mühafizə orqanları əxlaqsızlıq yuvalarını təşkil edən şəxsləri tapıb cəzalandırmaq istəyərkən vətəndaşların istirahət etmək hüququnu, daha da konkretləşdirsək, cinsi əlaqədə olmaq haqqını unudur.

Azərbaycanda hələ də ölkədəki bir neçə hoteldə qoyulan axmaq qaydalardan bəhs edirlər. Sputnik Azərbaycan-ın məlumatına görə, hotellərdə istirahət etmək istəyən şəxslər yenə də onlardan nikah şəhadətnaməsinin tələb edilməsindən şikayətçidirlər.

Bu barədə Lider TV-də efirə gedən "Status" verlişində Bakıdakı hotellərdən birinin rəhbəri Ramin Zamanov bildirib. O, qeyd edib ki, daxili işlər orqanlarının daimi yoxlamaları Azərbaycan hotellərinin rəhbərliyini məcbur edir ki, xoşagəlməz hallarla üzləşməmək üçün qonaqlardan nikah haqqında şəhadətnamə tələb etsinlər. Amma hotel sahiblərinin əksəriyyəti üçün müştərinin evli, yaxud subay olması heç bir əhəmiyyət daşımır.

"Əvvəla onu qeyd edim ki, adətən hotellərin heç birində əcnəbi müştəridən nikah haqqında sənəd tələb olunmur. Bu problemlər yerli əhali ilə işləyərkən ortaya çıxır. Hotel müştəriləri qeydiyyatdan keçirməlidir. Bunun üçün onun sənədinin — şəxsiyyət vəsiqəsinin surətini götürüb onun adına nömrəni qeyd etməliyik. Təəssüf ki, bir sıra vətəndaşlar qeydiyyatdan boyun qaçırır və hətta əlavə pul verməyə hazırdırlar ki, təki onları qeydiyyata almasınlar" — deyə Zamanov bildirib.

Hotel rəhbərliyinin sözlərinə görə, misal üçün iki il əvvəl Azərbaycana gələn turistlərin sayı indiki ilə müqayisədə çox az idi. Hotel sahibləri öz bizneslərini qorumaq üçün vətəndaşların xahişini nəzərə alaraq onların qaldıqları nömrələri qeydiyyatdan keçirmirdilər. Daxili İşlər Nazirliyinin və digər dövlət qurumlarının əməkdaşları yoxlamaya gələrkən məlum oldu ki, nömrələrdəki müştərilərin 70%-i rəsmən qeydiyyatdan keçirilməyib. Hüquq mühafizəçiləri dərhal tələb etdilər ki, nömrələri bir-bir açıb yoxlasınlar.

Zamanov qeyd edib ki, müştəridən şəxsiyyət vəsiqəsindən savayı başqa sənəd tələb etmək qanunsuzdur. Amma tez-tez baş verən yoxlamalar və qeydiyyatdan keçməmiş müştərilərin aşkarlanması səbəbindən mehmanxanalar nikah haqqında şəhadətnaməni tələb etmək kimi əsassız və qeyri-qanuni üsula əl atmağa məcbur olurlar.

Bununla yanaşı, hüquq müdafiəçisi Sahib Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, hotelin bütün qonaqları mütləq qeydiyyatdan keçməlidir: "Bu, qəbul olunmuş ümumi normadır. Digər tərəfdən, fahişəlik faktının olub-olmadığını yoxlamaq üçün nömrələrə girmək və müştərilərdən nikah haqqında sənədi tələb etmək olmaz".

Sahib Məmmədov bildirib ki, nikah haqqında şəhadətnamənin tələb edilməsi qanuna ziddir: "DİN əməkdaşlarının hərəkətləri başadüşüləndir. Çünki onlar insan alveri ilə mübarizə aparmağa cəhd edirlər. Amma ola bilsin ki, hoteldə qeydiyyatdan keçməyən şəxslər sevgilidirlər, onlar sadəcə bir müddət bir yerdə olmaq üçün hotelə gəliblər. Və onların bu hərəkəti hər hansı cinayət və ya inzibati məsuliyyət yaratmır".

Onun fikrincə, heç kəs vətəndaşa sekslə məşğul olmağı qadağan edə bilməz, əlbəttə əgər azyaşlılarla bağlı cinayət qanunvericiliyinin tələbləri pozulmayıbsa.

Məmmədov, eyni zamanda bir sıra ölkələrin təcrübəsinə də istinad edib: "Bəzi ölkələrdə hotel işçiləri əsas müştərini qeydiyyatdan keçirərkən müəssisənin nüfuzuna xələl gətirməmək üçün onu müşayiət edən şəxsin də kimliyi ilə maraqlanırlar. Çünki "arzuolunmaz müştəri" anlayışı var. Bir sözlə, bu məsələləri hotel özü tənzimləməlidir".

Hüquqşünas qeyd edib ki, hətta müştəri hotelə "seks sənayesinin" nümayəndəsi ilə gəlibsə belə, hotel işçisinin əxlaqsızlıq yuvasının təşkilində iştirak etdiyini sübuta yetirmək çətindir: "Çünki hotelə gələn qonağın alnına "fahişədir" sözü yazılmayıb ki…"

S.Məmmədovin qənaətincə, hüquq mühafizəçilərinin əxlaqsızlıqla mübarizə üsulları az effektlidir: "Hüquq mühafizəçiləri öz qüvvələrini daha çox insan alveri və əxlaqsızlıq yuvalarının təşkili ilə bağlı mübarizəyə sərf etməlidirlər, hotellərdə əks cinsin nümayəndələri ilə istirahət edən şəxsləri axtarmamalıdırlar".

Sputnik Azərbaycan-ın əməkdaşı bu məsələni şərh etmək üçün AR DİN-in mətbuat xidmətinə də müraciət edib. DİN-dən bildiriblər ki, artıq onlar bir dəfə bu məsələ ilə bağlı mövqelərini ifadə ediblər: "Daxili işlər orqanları insan alveri və əxlaqsızlıq yuvalarının təşkili ilə əlaqədar şikayətləri araşdırır. Onların hotellərdə istirahət edən müştərilərlə işi yoxdur".

Əlaqədar

Hoteldə baş verən yanğın nəticəsində 4 nəfər öldü
“Ora hotel deyil, kurort deyil, sığınma yeridir”
Orta əsrlərin lüks hotelləri belə idi
Telman İsmayılovun məşhur hotelində "bunt" qalxıb
Hotellərdə yoxlama aparılacaq
"Dövlət hotellərin qiymət siyasətinə təsir edə bilməz"
Teqlər:
əxlaqsızlıq yuvaları, hüquq mühafizə orqanları, Ramin Zamanov, fahişə, tələb, Sputnik Azərbaycan, hotel, polis, Azərbaycan, qonaq, turist

Əsas mövzular