CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəbərdarlıq: Dünyanı başına alan bəla Azərbaycana gələ bilər

© AP Photo / Matt RourkeMərmər bağacığı
Mərmər bağacığı - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi təhlükəli zərərvericilərdən olan mərmər bağacığı MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Soçi şəhərində müşahidə olunub

BAKI, 12 dekabr — Sputnik. Xüsusi təhlükəli zərərvericilərdən olan mərmər bağacığının (Halyomorpha halys Stal) müxtəlif meyvə, tərəvəz və bəzək bitkilərinə kütləvi zərər vurması MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Soçi şəhərində müşahidə olunub. Az sonra zərərvericinin Gürcüstan Respublikasının müxtəlif (Abxaziya və s.) ərazilərində fındıq bağlarına, eləcə də digər kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurduğu aşkar olunub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2016-cı ildə aparılmış müşahidələr zamanı bu zərərvericilərin Rusiyanin Qara dəniz sahillərində və Abxaziyada meyvə bağlarına ciddi zərər vurduğu, meyvələri yararsız hala saldığı müəyyən edilib. Mərmər bağacığının Abxaziyanın Qulripşski və Süxumi rayonları ərazisində kütləvi çoxalması nəticəsində xurma, fındıq, qoz, şaftalı və naringi ağaclarına ciddi ziyan dəyib.

Barama - Sputnik Azərbaycan
İQTİSADİYYAT
“Fermer onu 40 gün yetişdirib, bir il qazancından bəhrələnə bilər”

Zərərli növün əsas vətəni Cənub-Şərqi Asiya, Çin, Yaponiya, Tayvan və Vyetnamdır. İlk dəfə 1996-cı ildə ABŞ-ın bütün ərazilərində müşahidə olunduğu və məhsuldarlığı aşağı saldığı üçün xüsusi təhlükəli zərərverici elan olunub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti adıçəkilən zərərvericinin qonşu Rusiya və Gürcüstan ərazilərində geniş yayıldığını və Azərbaycan ərazisində də yayılma təhlükəsinin olduğunu nəzərə olaraq, əhaliyə diqqətli olmağı və bənzər zərərverici müşahidə edildikdə Dövlət Xidmətinin yerli qurumlarına müraciət etməyi tövsiyə edir.

Bununla əlaqədar olaraq Dövlət Xidmətinin yerli strukturları gücləndirilmiş iş rejiminə keçiblər və bölgədə bu zərərvericinin yayılma təhlükəsinin qarşısını almaq məqsədi ilə müşahidə və maarifləndirmə tədbirlərinə başlayıblar.

Mərmər bağacığı polifaqdır, bir çox bitkilərlə, o cümlədən meyvə ağaclarından alma, armud, ərik, şaftalı, xurma, əncir, fındıq və sitrus bitkilərinin bütün növləri, tənək, tərəvəz bitkilərindən pomidor, xiyar və bibər, eləcə də bəzək və dekorativ bitkilərin bütün növləri ilə qidalanaraq ciddi zərər vurmaq qabiliyyətinə malikdir. Alma və armud ağaclarında nekroz əmələ gətirir və meyvələri yararsız hala salır. Fındıq və qoz ağaclarında meyvələrin inkişafı dövrünə zərər vurmaqla məhsulun kəmiyyət və keyfiyyətcə pisləşməsinə səbəb olur.

Qeyd edək ki, mərmər bağacığı yarımsərtqanadlılar (Hemiptera) dəstəsinin pentatomidlər (Pentatomidae) fəsiləsinə aiddir. Yaşlı fərdlərin rəngi qəhvəyidir. Bel və baş nahiyəsi spesifik mərmərəbənzər naxışlarla örtülüdür ki, adlandırmada bu əlamət nəzərə alınıb. Bədənin aşağı hissəsi ağımtıl və ya ağ qəhvəyi rəngdədir. Bədən quruluşu armudvari olmaqla, yığcam formada 12-17 mm təşkil edir.

Üzümşülük təsərrüfatı. Arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dövlət sifariş vermir, fermer də əkmir

Yetkin fərdləri aprel ayının əvvəllərindən etibarən qışlama yerindən çıxır və qidalanma üçün qida mənbəyi axtarır. Qidalanma dövrü 1-2 həftə davam edir. Dişi fərd yarpaqların alt hissəsində 1,3-1,6 mm ölçüdə 20-30 ədəd yumurta qoyur. Yumurtalar ağ kürə şəklində olur. Əlverişli şəraitdə üç nəsil vermə qabiliyyətinə malikdir. I nəsil, əsasən may-iyun, II nəsil iyun-avqust və III nəsil isə avqust-oktyabr aylarında inkişaf edir.

Çoxillik təcrübələrə əsaslanaraq, zərərverici ilə mübarizə zamanı kimyəvi mübarizədən istifadə olunması tövsiyə edilir və bu, ən səmərəli mübarizə tədbirləri sayılır.

Lyambda siqalotrin və bifentrin tərkibli insektisidlər zərərverici əleyhinə mübarizədə səmərəlidirlər. Karate Zeon (lyambda siqalotrin) – 1 ton suya 1 litr (1 l/ha) əlavə olunur və mövsüm ərzində 2 dəfə tətbiq edilir, preparatın təsiri 14 gün davam edir.

Talstar (bifentrin) insektisidindən 1 ton suya 1,2 litr (1,2 l/ha) əlavə edilir və vegetasiya dövründə 1 dəfə istifadə olunur. Bu preparatlar yaz mövsümündə daha səmərəlidir.

Xəbər lenti
0