CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: "İnflyasiya nəzərə alınmalıdır"

© Sputnik / Murad OrujovƏrzaq səbəti, arxiv şəkli
Ərzaq səbəti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib

BAKI, 23 noyabr — Sputnik. Ehtiyac meyarı yaşayış minimumunun 68%-nə düşüb və artırılmır. Buna səbəb odur ki, ehtiyac meyarının artımı ilə ünvanlı sosial yardım alanların sayı arta bilər.

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Əli Məsimli parlamentdə büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, ehtiyac meyarının hesablanmasında müasir metodologiyadan istifadə olunmalıdır: "Bu hesablamada bazardakı proseslər, inflyasiya nəzərə alınmalıdır. Azərbaycanda yoxsulluğun rəsmi səviyyəsi 5-6% olsa da, aylıq gəliri 173 manatdan az olan əhalinin xüsusi çəkisi daha çoxdur. Minimum istehlak səbətinin 3 ildən bir hesablaması düzgün deyil".

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova isə bildirib ki, istehlak səbəti ərzaq səbəti enerji dəyəri ilə ölçülür: "Bu, beynəlxalq səviyyədə 2 300 kkaloridir. Azərbaycanda isə bu göstərici daha çox — 2 420 kkaloridir".

Onun sözlərinə görə, hazırki yaşayış minumumu ən optimal rəqəmdir: "Azərbaycanda yaşayış minumumu adambaşına təsdiq olunur. Hazırda ölkədə orta ailə tərkibi 4,7 nəfər təşkil edir. Buna görə də yaşayış minumumunu aliə başına cəmləsək bir ailəyə 813 manat vəsait düşür. Bu vəsaitlə də ailənin yaşaması mümkündür. Biz yaşayış minumumunu daha çox artırmaq istərdik. Bu, bizim məqsədimizdir. Lakin həm metodika, həm də hazırki imkanlar çərçivəsində bu tövsiyyə olunub".

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi müzakirə edilib. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.

Komitə sədri bu məbləğin artırılmasının zəruri olduğunu qeyd edib: "2015 və 2016-cı ildə ölkədə ehtiyac meyarının yuxarı həddi 105 manat idi. 2018-ci ildə ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib. 2017-ci ildə də bu məbləğ 116 manat olub".

Qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Xəbər lenti
0