03:59 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
xəstə uşaq

Dostun ölümündən sonra tapılan dərman, xilas edilən uşaq, dünyanı ağuşuna alan xəstəlik

© Sputnik / Maksim Bogodvid
CƏMİYYƏT
Qısa URL
426 0 0

Yeganə Sultanovanın sözlərinə görə, bu il sentyabrın əvvəllinədək ölkədə 241,3 min diabet xəstəsi qeydiyyata alınıb

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 15 noyabr — Sputnik. Qədim Roma təbibləri Sels və Aret bəzi xəstələrdə çoxlu sidik ifrazı, həddən artıq susuzluq əmələ gəldiyi və çəki itkisini qeyd edirdilər. XVII əsrdə ingilis həkimi Tomas Uillis isə həmin əlamətlər olan xəstələrdə sidiyin şirintəhər dada malik olduğunu vurğulayırdı. XIX əsrdə isə nazik bağırsaqda nişastanın qlükozaya çevrilməsi və qaraciyərə daxil olan qan nəticəsində diabetə səbəb olması müəyyən edilmişdi. Lakin uzun əsrlər boyu "şəkərli diabet" diaqnozu qoyulan xəstələr onunla mübarizə vasitələri tapa bilmirdilər və nəinki sağalmağa, hətta yaşamağa da ümid verən hormondan xəbərsiz idilər.

1922-ci ilin yanvarında Frederik Bantinq ilk dəfə insulinin inyeksiyasını şəkərli diabetin ağır formasından əziyyət çəkən 14 yaşlı oğlana vuraraq onun həyatını xilas edir. O, bundan sonra ixtira etdiyi insulinə patent almaq hüququnu Toronto Universitetinə verir. Həmin ilin axırlarında yeni preparat dərman bazarın çıxarılır.

Deyilənlərə görə, Kanada fizioloqu Frederik Bantinqin uşaqlıq dostu şəkərli diabet xəstəliyindən vəfat etdikdən sonra fizioloq bu xəstəliyin müalicəsi yollarını axtarmağa başlayıb.

Hər yerdə olduğu kimi, Azərbaycanda da diabet xəstəliyinin əsas səbəbi az hərəkətli həyat tərzi, qeyri-düzgün qidalanma və artıq çəkidir.

Azərbaycan Diabet Liqasının (ADL) sədri Yeganə Sultanovanın sözlərinə görə, bu il sentyabrın əvvəllinədək ölkədə 241,3 min diabet xəstəsi qeydiyyata alınıb. Onlardan 29,8 mini I, 211,5 mini II növ şəkərli diabet xəstəsidir. Bundan başqa ölkəmizdə 1,5 min xəstə uşaq qeydiyyata alınıb.

Y. Sultanovanın sözlərinə görə, şəkərli diabet xəstəliyi daha çox müəyyən yaşdan sonra özünü biruzə verir və I tip şəkərli diabetə daha çox azyaşlı uşaqlar yoluxur. Həkim qeyd edib ki, dünyada belə xəstələrin 90 faizi ikinci tip şəkərli diabet xəstələridir: "Xəstəliyin yaranma müddəti uzun vaxt çəkir. Ona görə də, əsas məqsəd xəstəliyin ilkin diaqnozunu erkən vaxtda təyin etməkdir. Şəkərli diabet bütün orqanlara, xüsusilə göz, böyrək, ürək və aşağı ətraflara fəsadlar verir".

Sultanova bildirir ki, bütün dünyada şəkər xəstələrinin 10 faizini I tip şəkərli diabet təşkil edir. I tip şəkərli diabet insulindən asılı olan formadır.

Həkimin sözlərinə görə, şəkərli diabetin əlamətləri demək olar ki, eynidir. Amma bu əlamətlər I tipdə bu özünü daha çox biruzə edir. Xüsusən gecə saatlarında sidiyə tez-tez getmə, susuzluq, dərinin quruluğu, qaşınma şəkərli diabetin əlamətləridir.

Bilavasitə şəkərli diabetdən ölüm halları, yəni şəkərin qalxması və ya düşməsi ilə baş verə bilən ölüm halları çox az baş verir. Ölüm halları daha çox şəkərli diabetin fəsadlarından olur: "II tip şəkərli diabetin 70 faizə qədər qarşısını almaq mümkündür. Düzgün qidalanma, fiziki aktivlik, şəkərli diabetin qarşısını ala biləcək faktorlardır".

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili İlham Məmmədovun sözlərinə görə, şəkərli diabet sosial xəstəlikdir. O, bildirir ki, şəkərli diabetin bir çox fəsadları var. Belə ki, diabet damarları tutur, bunun nəticəsində də böyrək damarlarındakı xırda kapilyarlar tutulur, böyrək çatışmazlığı, göz damarları tutulur, göz problemləri meydana gəlir. Şəkərli diabet eyni zamanda infarkt və bir sıra ürək problemlərinə də səbəb olur. Bir çox xəstəliklərin əsas səbəblərindən biri şəkər xəstəliyidir. Şəkər xəstəliyinin əsaslı müalicəsi mütləqdir: "Şəkərin çox sosial bəlaları var. Bəzən deyirlər ki, pəhrizə əməl edildikdə şəkər normallaşır. Xeyr, bu sosial bəlanı aradan qaldırmaq üçün pəhrizlə yanaşı mütəmadi Chek-Uplar da önəmlidir. Bəzən insanlar ümumi analiz verib rahat olur ki, qanında şəkərin mövcudluğu yoxlanılıb. Amma onlar bilmir ki, şəkərin varlığının yoxlanılması üçün qlükozalaşmış hemoqlobini yoxlamaq lazımdır. Bu testlər zamanı qanda 3-4 ay əvvəl olan vəziyyəti də müəyyən etmək olur. Normal halda qanda şəkər olmur".

Şəkərli diabetlı mübarizə, şəkərli diabetin qarşısının alınması hər bir insanın özündən asılı olsa da, bu məsələdə genetik faktorlar da böyük əhəmiyyət daşıyır: "Əsəb, stress, gündəlik eşitdiyiniz xəbərlər, informasiya yüklənməsi şəkərin yaranmasına səbəb ola bilər. Şəkər xəstəliyinə tutulmamaq üçün yaxşı emosiyalara malik olmaq lazımdır".

Millət vəkili bildirir ki, "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı var. Bundan əlavə, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı da var: "Bu fərmana görə, şəkərli diabetə tutulmuş insanların dərman və şəkərölçən cihazlarla təmin edilməsi nəzərdə tutulur. Dövlət büdcəsindən bu işlərin görülməsi üçün 36 milyon manata yaxın vəsait ayrılıb. Dövlət Proqramı çərçivəsində şəkər xəstələrinin pulsuz insulinlə təmin edilməsi nəzərdə tutulub".

Qeyd edək ki, 2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə dövlət proqramı nəzərdə tutulub.

Proqramda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli 222 nömrəli qərarı ilə təsdiq edilmiş "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı" çərçivəsində şəkərli diabet xəstəliyinə düçar olmuş şəxslər davamlı olaraq insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə təmin edilib, bu xəstəlikdən əziyyət çəkən uşaqlar üçün 90 ədəd insulin pompası alınaraq onlara paylanıb. Respublika Endokrinoloji Mərkəzinə, akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, Bakı Sağlamlıq Mərkəzinə, 6 nömrəli Uşaq Klinik Xəstəxanasına qlükozalaşmış hemoqlobini təyin etmək üçün avadanlıq verilib.

Şəkərli diabetin fəsadlarının profilaktikası məqsədi ilə tibb müəssisələrində diabet təlim məktəbləri yaradılıb və bu şəbəkə genişləndirilib. Hazırda Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində, Salyan, Şirvan, Lənkəran, Şəki, Bərdə, Balakən rayonlarında belə məktəblər fəaliyyət göstərir.

Şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması nəticəsində qeydiyyata götürülən xəstələrin sayı son 10 il ərzində 3 dəfədən çox artıb, bu xəstəlik səbəbindən ölüm səviyyəsi 2 dəfədən çox azalıb.

Aparılan tədbirlərə baxmayaraq, bütün dünyada olduğu kimi, Azərbaycanda da şəkərli diabetlə tutulanların sayı ilbəil artır. "2016-2020-ci illər üçün şəkərli diabet üzrə Dövlət Proqramı" şəkərli diabetin profilaktikasına, xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində yaranan fəsadların qarşısının alınmasına yönəldilib.

Əlaqədar

Bəşəriyyəti ağuşuna alan xəstəlik: 15 il sonra 500 milyon olacaq...
Bu mühitdə həddən artıq dayandıqda, qorxulu xəstəliklərə düçar olacaqsınız
Uşaqlarda boy qısalığı bir sıra xəstəliklərin göstəricisi ola bilər
Əl və ayaqların üşüməsi hansı xəstəlikdən xəbər verir?
Tatu: yüngül həyat tərzi, məhbəs həyatı, gözəllik, yoxsa xəstəlik?
Teqlər:
fizioloq, millət vəkili İlham Məmmədov, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova, insulin, Frederik Bantinqin, diaqnoz, şəkərli diabet

Əsas mövzular