15:02 23 Noyabr 2017
Canlı yayım
Yanğın

Rəis müavini: "Hara getdiyimizi, partlayış olub-olmayacağını bilmirik"

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
403 0 0

Rza Xudiyev: "Cari ilin 9 ayı ərzində yanğınlar zamanı 5 nəfər uşaq olmaqla, 33 nəfər həlak olub"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. Cari ilin 9 ayı ərzində ölkədə 11433 yanğın hadisəsi baş verib ki, bunların da 3622-si Bakı şəhərinin payına düşüb. Mütəxəssislərə görə, yanğınların əksəriyyəti fərdi yaşayış evlərində baş verir. Səbəb isə çox sadədir: insanlar ev tikən zaman bəzi konstruksiyaları maddi çətinlik üzündən taxta və ya diktlə əvəz edirlər. Və ya çox zaman evlərin dam örtüyünə dəmir material əvəzinə tez alışan andulin vururlar.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, cari ilin 9 ayı ərzində yanğınlar zamanı 5 nəfər uşaq olmaqla, 33 nəfər həlak olub: "Yanğın yerlərində 167 nəfər xəsarət alıb, onlardan 18-i uşaqdır. 92 nəfər xilas edilib, onlardan 43-ü uşaqdır. 895 nəfər təxliyə edilib və onlardan 205-i uşaq olub. Çoxmərtəbəli binalarda 247, fərdi yaşayış evlərində 561, dövlət obyektlərində 93, özəl obyektlərdə 314, tarnsformator və s. qurğularda 1547, nəqliyyat vasitələrində 261, əkin sahələrində 22, biçilmiş taxıl sahələrində 532 (2986 ha ərazi), meşəlik ərazilərdə 8, açıq sahələrdə 6783 yanğın hadisəsi baş verib".

R. Xudiyevin sözlərinə görə, bu müddətdə 84 dövlət obyekti, 241 özəl obyekt, 246 çoxmənzilli bina, 443 fərdi yaşayış evi, 438 fərdi evin yardımçı tikilisi, 239 texnika yanğından mühafizə edilib: "Bununla yanaşı, Yanğından Mühafizə Xidmətinin Bakı və Sumqayıt şəhərlərini çıxmaq şərtilə, 26 rayonda, əsasən də magistral yol boyunca olan rayonlarda xüsusi xilasetmə texnikası ilə təchiz edilmiş xilasetmə qrupları fəaliyyət göstərir".

"Bu qurum yollarda baş verən qəzalar, rayonlarda hər hansı bir hadisə baş verdiyi zaman, müəyyən qəzaların aradan qaldırılmasında iştirak edən, yanğın deposunun tərkibində olan bir qurumdur. Onlar da Yanğından Mühafizə Xidmətinin tərkibindədir. Onlar qəzalarda həlak olan, xəsarət alan şəxslərin çıxarılması və onların təcili yardıma təhvil verilməsini və yaxud ilkin yardımın göstərilməsini həyata keçirirlər. Belə qəzalarda 43 nəfər insan həlak olub və 39 nəfər xəsarət alıb, 25 nəfər xilas edilib. Bu 9 ay ərzində olan statistik rəqəmlərdir".

Rəis müavini qeyd edir ki, 9 ay ərzində Yanğından Mühafizə xidməti 243 min çıxış həyata keçirib. Bunlardan 11433 yanğın hadisəsi, 1278 yalan çağırış, 182 dəfə su basma hadisələri, 38615 dəfə təlim və dərslərə, 35 nəqliyyat qəzalarına və 13716 digər çağırışlara çıxış (neft sektorunda qaynaq, dəlmə işlər və s.) edilib.

Müsahibimiz bildirir ki, yanğınlar zamanı baş verən uşaq ölümləri daha çox fərdi sektorda qeydə alınır və daha çox bölgələrdə baş verir: "Məsələn, ata-ana uşağı yedizdirib beşiyinə qoyur, evi qızdırmaq üçün kustar üsulla hazırlanmış isidicilərdən istifadə edir. Özləri də evdən çıxıb ya əkin sahəsində, ya tövlədə işləyirlər. Valideyn səhlənkarlığından belə hadisələr baş verir".

"Yaxud içkili insanlar tərəfindən yanğınlar baş verir. Normal yerlərdə, normal münasibətlər olan yerlərdə insan ölümü baş vermir. İnsan ölümü baş verən yerlədə insan səhlənkarlığı olur. Ruhi xəstələr özləri evlərini yandırırlar və yaxud əlil insanlar olur ki, nəsə etmək istəyirlər və yanğın baş verir" — həmsöhbətimiz əlavə edir.

Xudiyevin sözlərinə görə, bütün dünyada hər 100 min nəfərə düşən ölüm halı üzrə statistika aparılır: "Azərbaycanda da yanğınlar zamanı baş verən ölüm hallarının statistikası aparılır. Statistikaya görə, Azərbaycanda ilin sonunda ölüm halı 40 nəfəri keçmir. Hər il 33-35 ölüm halı baş verir. Bizim statistikamız başqa dövlətlərlə müqayisədə xeyli azdır. Məsələn, Belarusda yalnız bir ay ərzində 150 ölüm hadisəsi baş verir".

FHN rəsmisinin dediyinə görə, Azərbaycanda spirtli içkiyə meylliliyin az olması da yanğınların sayının çoxalmamasını təsir edir: "Bizdə içkiyə meylilik çox azdır, orda isə bu, daha çoxdur və yanğın hadisələri də çox zaman içkili halda baş verir. Bizdə isə yanğın hadisələri zamanı ölüm hadisəsi hər 100 min nəfərə 0,033 nəfər düşür. Bu da hər 300 min nəfərə 1 nəfər ölüm hadisəsi deməkdir. Bu da bizim işçilərimizin bacarıqlı olması, çalışqanlığının nəticəsidir ".

Rəis müavini, xidmətin yanğın yerinə çıxma üzrə normativinin olduğunu diqqətə çatdırır: "Yay vaxtında yanğın haqqında məlumat aldıqdan sonra 45 saniyə ərzində çıxmalıyıq. İki avtomobil çıxanda, bu normativ bir qədər artır. Ona görə də, biz 1 dəqiqə ərzində yanğına çıxırıq. Çalışırıq ki, yanğın yerinə çatmaq üçün qısa yollardan istifadə edək, yanğın yerinə tez çataq və yanğının qarşısını tez alaq. Nə qədər yanğın yerinə tez çatsaq, o qədər də işimiz az olur".

"Yanğınsöndürən maraqlıdır ki, gəldiyi müddətdə tez bir zaman ərzində yanğını söndürsün, az avadanlıq istifadə etsin, az avadanlıq açsın. Buna görə də biz işimizi daha tez görməyə çalışırıq" — o bildirir.

Rza Xudiyev əlavə edir ki, yanğınsöndürən peşəsi təhlükəli və riskli peşə olsa da, hər bir yanğınsöndürən bu işə gələrkən riski göz önünə alır: "Amma buna baxmayaraq, yanğın hadisələri zamanı şəxsi heyətin xəsarət almaması üçün bütün məsuliyyət yanğın heyəti rəhbərinin üzərinə düşür. Biz çalışırıq ki, yanğınlar zamanı heyəti qoruya bilək. Yanğın yerində mütləq yanğınsöndürmə rəhbəri olur. Şəxsi heyətə təlimlərdə bütün proseslər öyrədilir".

"Biz yanğın zamanı özümüzü sığortalamalyıq ki, minimum xəsarətlə yanğını söndürə bilək. Yanğınlar zamanı müəyyən qaydalar var ki, onlara riayət edilməlidir. Yanğınsöndürmə rəhbəri maksimum çalışmalıdır ki, yanğınsöndürən xəsarət almasın. Əgər təhlükəli yanğındırsa, hər hansı bir təhlükə varsa, sözsüz ki, şəxsi heyəti ora salıb, onların həyatı ilə riskə getmək olmaz" — müsahibimiz diqqətə çatdırır.

Xudiyevin sözlərinə görə, bu ilin 9 ayı ərzində cəmi 6 xəsarət halı qeydə alınıb: "Onlar da çox kiçik xəsarətlər olub. Kiminsə ayağı burxulub, kiminsə əli kəsilib. Yanğınsöndürənlər arasında ölüm hadisəsi çox azdır. Mən 30 illik statistikaya nəzər salmışam. Hər 10 ilə bir ölüm halı düşüb. Onların arasında zabit də, sıravi yanğınsöndürən də var. Bu da yanğının formasına, xüsusiyyətinə bağlıdır".

"Biz bilmirik hara gedirik, bilmirik partlayış ola bilər, yoxsa yox. Biz çalışırıq ki, təhlükəsizlik tədbirlərinə əməl edək, ölüm və xəsarət halları olmasın. Mən hər zaman heyətə deyirəm, əgər biz hansısa yanğını müvəffəqiyyətlə söndürüb, xəsarətlə çıxmışıqsa, deməli o yanğını müvəffəqiyyətlə söndürə bilməmişik. Mən istərdim ki, hamı sağ-salamat öz evinə qayıtsın" — FHN yetkilisi vurğulayır.

Əlaqədar

İndi evinizin yanında olan ağacı belə icazə ilə kəsməlisiniz
Bakıda daha bir ev yanır
Ev yandı, kişi külə döndü
Çoxmərtəbəli binada baş verən yanğın söndürülüb
Bakıda çoxmərtəbəli bina yanır
Tanınmış xəbər portalının yerləşdiyi ofis yanır
Sabahdan dizel yanacağının qiyməti qalxacaq
Teqlər:
Rza Xudiyev, yanğınsöndürən, xilasedici, Dövlət Yanğından Mühafizə Xidməti, FHN, ev, uşaq, yanğın

Əsas mövzular