20:00 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
517 0 0

Ekspert bildirir ki, orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil və orta məktəblərdə çalışan psixoloqların özünə psixoloq lazımdır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 10 noyabr — Sputnik. Dünyanın bir çox inkişaf etmiş ölkələrində məktəblərdə psixoloq ştatının olması, bizdən fərqli olaraq, adi hal kimi qəbul edilir. Hətta bu ölkələrdə psixoloq ştatı müəllim ştatı kimi labüd sayılır. Çünki ana himayəsindən ayrılaraq məktəbə qədəm qoyan körpənin, keçid dövrünü yaşayan yeniyetmənin hər an psixoloji yardıma ehtiyacı yarana bilər. Elə müəllim heyətinin də psixoloqa ehtiyacı olması mümkündür. Bu səbəbdən də, inkişaf etmiş ölkələrdə məktəblərdə bəzən bir neçə psixoloq ştatı olur.

Bəs bizdə? Artıq Azərbaycanda da bir çox məktəblərdə psixoloq ştatları təsis edilib. Amma bu, bütün məktəbləri əhatə etmir. Üstəgəl, məktəblərdə çox zaman bir psixoloq ştatı olur və etiraf edək ki, bir psixoloq 2500-3000 uşaqla işləyə bilməz. Digər tərəfdən, psixoloqun varlığından nəinki valideynlər və məktəblilərin, bir çox hallarda hətta müəllimlərin də xəbəri olmur. Çünki bir çox hallarda psixoloq ştatına professional olmayan şəxslər, direktorların qohumları işə götürülür ki, onların da üzünü aylarla görmək mümkün olmur. Buna görə də, məktəblərdə psixoloji xidmətin səviyyəsi qənaətbəxş deyil. Müəllim-şagird münasibəti, tədris prosesinin gedişi, məktəbdə rəhbərlik-valideyn münasibətlərini təhlil edən zaman çoxlu boşluqların olduğu müşahidə edilir. 

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, təhsil sahəsində olan problemlərə nəzər salsaq, onlardan biri, bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir. Amma orta məktəblərdə hər şeyi də psixoloqdan gözləmək də düzgün deyil.

Ekspert hesab edir ki, bu sahədə müəyyən işlər görülür: "Görülən bu tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, fəaliyyəti isə hələ tam formalaşmayıb. Təəssüf ki, orta məktəblərdə direktorlar, eləcə də işə götürülən psixoloqlar bu sahəyə hələ də dırnaqarası yanaşırlar. Araşdırmalarıma görə, orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblə bağlıdır. Birincisi, bu sahənin yeni olmağıdır. Yəni, orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də, düşünürəm ki, maariflənmə işi daha da geniş formada aparılmalıdır. İkinci səbəb psixoloq ştatının olması, ancaq psixoloqların psixoloji işi aparması üçün şəraitlərinin olmamasıdır. Çünki heç kimə sirr deyil ki, bəzi məktəblərdə psixoloqlar müəllimləri əvəz edərək dərs demək və belə deyək, öz işləri ilə yanaşı başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar".

Ekspert bildirir ki, ştat vahidi qaldırılmalı, orta məktəbdə çalışan psixoloqun aldığı əmək haqqı, müəllimlərin aldığı məvacibə bərabər tutulmalıdır.

Psixoloq
Karikatura
Psixoloq

Əsədovun fikrincə, orta məktəbdə çalışan psixoloqların mütəmadı olaraq təlimlər, treninqlər keçirməsi vacibdir: “Çünki məktəblərdə uşaqlarla yanaşı yeniyetmələr də oxuyur. Onların da içərisində elə uşaqlar var ki, konkret olaraq psixoloji rahatsızlıqları ilə yanaşı, həm də davranış, ünsiyyət problemləri var, eləcə də çətin tərbiyə olunan uşaqlardır. Orta məktəb psixoloqları da bilməlidir ki, nə formada işləmək lazımdır və onlar bu haqda məlumatlı olmalıdırlar. Bunların hamısı nəzərə alınmalıdır”. 

Kamran Əsədov son vaxtlar durmadan artan intihar hallarının bir hissəsinin orta məktəb şagirdləri tərəfindən həyata keçirilməsinə də toxunub. Onun fikrincə, bunun psixoloqla birbaşa yox, dolayısı ilə əlaqəsi var: "Orta məktəb psixoloqu işini görmür və uşaq intihar edir” söyləmək, etik olmaz. Valideyn uşağı ilə ünsiyyət və tərbiyə prosesini düzgün qurmaqda çətinlik çəkir, ailədaxili münasibətdə konflikt var və yeniyetmənin özünün fərdi daxili psixoloji problemi mövcuddur ki, onu valideyn vaxtında təyin edə bilmir. Uşaq əgər gündə 4-5 saat məktəbdə olursa, digər vaxtları evdə olur. Bu, sırf psixoloqla bağlı bir məqam deyil. Düşünürəm ki, burda valideynlərin məsuliyyətini bir az da qabartmaq lazımdır".

Ekspert deyir ki, hər şeyi də psixoloqdan gözləmək düzgün deyil. Çünki psixoloq sahəsi yeni sahədir. Buna görə də, onlara bu xidməti yerinə yetirmək üçün vaxt verilməlidir: "Son illər ərzində Təhsil Nazirliyi tərəfindən orta məktəb psixoloqlarına xüsusi qayğı göstərilir. Təlimlər keçirilir, indi də davam etdirilir. Məsələ burasındadır ki, ştat vahidinin verilməsi bir az zaman alan bir məsələdir. Düşünürəm ki, bunu həyata keçirərlər. Çünki eyni bir proses səhiyyədə də baş verir. Klinik psixoloqlar səhiyyə tibb müəssisələrində çalışırlar. İndi məsələ qoyulur ki, onlar da həkimlər qədər əmək haqqı alsınlar. Eləcə də orta məktəbdə onların ştat vahidi, səhv etmirəmsə, həftəlik 12 saat götürürlər və düşünürəm ki, bunu artırmaq olar".

Əsədov maraqlı bir məqama da toxunur. Bildirir ki, ölkədə hələ psixoloqa ödəniş etmək yanaşması tam formalaşmayıb: "Bizim insanlar bir müğənniyə yarım saat üçün 5 min manat pul saya bilirlər. Psixoloq isə bir saat məşğul olur və istər uşağın, istər ailənin, istər də yeniyetmənin problemini həll edir. Bu xidmət 25 manat, maksimum isə 30 manatdır və insanlar bu ödənişə baha deyirlər. Biz cəmiyyət olaraq məktəbdə psixoloqu qəbul etmirik və çox pis baxırıq. Övladlarımızın təkcə fiziki inkişafı üçün yox, həmdə psixoloji cəhətdən inkişafı üçün işlər görməliyik".

Ekspert bildirir ki, orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil və orta məktəblərdə çalışan psixoloqların özünə psixoloq lazımdır.

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, bu gün böyüklərdə olan psixoloji problemləri nəzərə alsaq, bu problemlərin uşaqlara da təsir etdiyini başa düşmək çətin deyil: "Uşaqların ən çox olduğu məkanlar təhsil-tədris ocaqlarıdır. Bağçalar və məktəblərə diqqət versək görərik ki, uşaqlar vaxtlarını daha çox orada keçirmələrinə baxmayaraq, onlarla məşğul olacaq psixoloqlar yox dərəcəsindədir. Əslində isə uşaqların bu yaş dövrlərində psixoloji durumları mütləq nəzarət altında olmalıdır".

Psixoloq bildirir ki, hazırda bağça və məktəblərdə psixoloq olduğunu demək olmaz: "Bir məktəbdə 2500-3000-ə qədər şagird təhsil alır və həmin məktəbdə cəmi bir psixoloq ştatı var. Bəzi məktəblərdə isə bu ya direktorun qohumu olur, ya da işləməyə həvəsi olmayan hər hansı bir psixoloq. İşləmək həvəsi, bacarığı olan psixoloqlar isə 2500-3000 uşaqla işləməyə çatdıra bilmir. Ona görə də, məktəblərə ən azi 3-4 psixoloq yeri ayrılmalıdır".

Ekspert bildirir ki, eləcə də, uşaqlar arasında münasibətləri nəzarət altına alıb, onları imtahan fobiyasından xilas etmək mümkündür. Bundan əlavə, abituriyentin ali məktəbə qəbul imtahanına psixoloji hazırlığına daha güclü etmək, uğursuz imtahan cavabından sarsılmanı maksimum dərəcədə yumşaldaraq, yeniyetmələr arasında aqressiya və intiharların qarşısını almaq mümkündür: “Amma təəssüf olsun ki, psixoloji mərkəzlərin çoxluğuna baxmayaraq, məktəb və bağçalar psixoloqların nəzarəti altında deyil, valideynlər isə işlərinin çoxluğundan şikayətlənərək, vaxt ayırıb uşaqları psixoloqa gətirməyi zəruri hesab etmirlər. Təhsil Nazirliyi müdiriyyətdən, müdiriyyət isə psixoloqlardan uşaqlarla aparılan psixoloji işin protokollarını tələb etsə, o zaman bəlkə hər kəs öz işinə müvafiq qaydada əməl edər. Məktəbdə işləyən bir çox psixoloqlar sadəcə sənədləri doldurur. Nə uşaqlarla, nə də onların valideynləri ilə görüşür".

Mütəxəssislərin fikrincə, məktəblərdə müxtəlif yaş qrupları üzrə psixoloqlar olmalıdır. Çünki birinci sinifdə oxuyan uşaqla, 11-ci sinif şagirdi arasında yaş fərqi olduğu kimi, düşüncə fərqi də müxtəlifdir və azyaşlı uşaqla çalışan psixoloq yeniyetmə ilə işlədiyi zaman müəyyən çətinliklərlə qarşılaşır. Bu da uşaqların psixologiyasına, davranışlarına təsir edir.

Əlaqədar

Turizm cənnətində qadınların psixologiyasına nə təsir edir?!
Qadınların sosial-psixoloji problemləri müzakirə edilib
MDB ölkələrində hansı psixi problemlər var?
Səfixanov: “Mina qurbanlarına hüquqi, psixoloji yardımlar göstərilməlidir”
Teqlər:
Fərqanə Mehmanqızı, Kamran Əsədov, Azərbaycan

Əsas mövzular