23:41 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
852921

Bu fikrin təşəbbüskarlarından tutmuş, altına imza atanlaradək hər kəsin canına duaçı olarıq

BAKI, 30 oktyabr — Sputnik. Həmişə biz böyük qardaşlarımız üçün ideya generatoru rolunu oynayası deyilik. Arada estafeti onlara da vermək lazımdır. Üstəlik, son zamanlar, Türkiyədə elə analoqsuz kadrlar meydana çıxır və elə əndrabadi təkliflər ortaya atılır ki…

Amma bu dəfə, həqiqətən təqdirəlayiq təkliflə çıxış etdilər. AKP-dən olan millət vəkili Hurşit Yıldırım, parlamentə avtoxuliqanlığın kökünü kəsə biləcək yeni qanun təklifi ilə müraciət edib. O, gecə saatlarında şəhərdəki boşluqdan istifadə edərək, ralli yarışları keçirən və əsasən imkanlı təbəqədən olan avtoxuliqanların mülkiyyətinə əl qoyulmasını təklif edib.

"Bu avaraların ucbatından, günaşırı ölüm xəbərləri alırıq. Xüsusilə, insanların sıx olduğu "Bağdat" prospektini nəzərinizə çatdırıram. Demək olar ki, hər gün günahsız vətəndaşlarımız, gözü dönmüş avtoxuliqanların iyrənc əməllərinə qurban gedirlər. Buna kimsə "dur" deməlidir. Artıq vaxtdır. Parlamentə qanun təklifi vermişəm" – Yıldırım bildirib.

Türkiyədə parlamentə təklif olunan qanun layihəsinin eynisi Azərbaycan Milli Məclisində də müzakirə oluna bilərmi? Sputnik Azərbaycan-ın bu sualını cavablandıran millət vəkilləri Araz Əlizadə və Fazil Mustafa, təklifi müsbət qiymətləndiriblər. Onlar qəti şəkildə bəyan ediblər ki, kimsə (yəni özləri yox, başqa biri) Milli Məclisə belə bir layihə təqdim edərsə, dəstəkləyərlər.

A. Əlizadə, hətta qəzəblənib də: "Düzgün qanundur. Bilirsiniz niyə? Çünki ancaq qudurğan adamlar belə şeylərlə məşğul olurlar. Çünki bu cür şəxslər o bahalı maşınları özləri qazanıb almayıblar. Nə zəhmət çəkiblər, nə də ki əziyyət. Vətəndaşların rahatlığını pozurlar".

İndi məsələ belədir. Tutalım, hansısa deputat, canını dişinə tutub, belə bir riskli addım atdı. Yerdə qalan millət vəkilləri də, yenə eyni riskləri gözə alıb, layihəyə "hə" dedilər. Və qanun qəbul olundu ki, "avtoşluq" edən məmur balalarının bahalı avtomobilləri əlindən alınsın, bazar qiymətinə satılsın, ondan gələn pul isə, avtoxuliqanlıq nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə ödənilsin.

Çox gözəl. İndiyədək qəbul edilmiş ən humanist qanun olar. Camaat da bu fikrin təşəbbüskarlarından tutmuş, altına imza atanlaradək – hər kəsin canına dua edər, ölənlərinə rəhmət oxuyar.

Lakin burada 2 qaranlıq məsələ ortaya çıxır: Birincisi, qanunun icrasını kim həyata keçirəcək, daha doğrusu, kim kimlərin balasının avtomobilini əlindən almağa cəsarət edəcək?

Prezident səviyyəsinə qalxan və dövlət başçısının şəxsən cəzalandırmaq tapşırığı verdiyi faktlardan başqa, indiyədək hansı "gül bala", qanunsuz hərəkətinə görə sərt şəkildə cəzalandırılıb? İctimailəşən belə bir hal yadıma gəlmir.

İkincisi, deyək ki, belə cəsarətli icraçılar tapıldı, maşın alınıb-satıldı, bəs vəsait hara ödəniləcək – pulun çatacağı ünvanlar səhvən (ha-ha) dəyiş-düyüş düşməyəcək ki?

Sökülən evinin kompensasiyasını (halal pulunu) ala bilməyən Məmməd, heç bir səbəb olmadan maaş kartı bloklanan Əhməd, yaxud 3 aydır analıq məzuniyyətinin ödənişini gözləyən Güldəstə inanarmı ki, qəfildən qapı döyüləcək və kimsə bir qucaqdolusu pulu onun qabağına atıb, "Keçən il "Gelandewagen"in altında qalan övladının qanpulunu qəbul et" deyəcək..?

DYP cərimə
Karikatura
DYP cərimə

P.S. Hər dəfə anidən peyda olub, onlardan birini aparan pişiyin əlindən cana doyan siçanlar, oturub məşvərət edirlər ki, bir yol tapsınlar. Çox çək-çevirdən sonra ağsaqqal bir siçan təklif verir: "Gəlin, bir zınqırov tapaq və onu pişiyin boynundan asaq. Zınqırovun səsindən, onun bizə yaxınlaşdığını bilər və qaçıb canımızı qurtararıq".

Təklif bəyənilir, alqışlanır, sevinc ciyiltiləri ətrafa yayılır. Uzun zamandan bəri baş sındırdıqları problemdən çıxış yolunun tapılması, sıçanlar üçün bayram sevincinə səbəb olur. Elə bu vaxt hər kəs qorxmuş halda bir-birinin üzünə baxır: Bəs, zınqırovu pişiyin boynuna kim asacaq..?

Əlaqədar

Avtoxuliqanlıq edən taksi sürücüsü qəza törətdi
Ekspertdən qəribə təklif: “Avtoxuliqanlar üçün poliqon yaradaq”
Avtobus sürücülərinin hər biri avtoxuliqandır
Teqlər:
zınqırov, Hurşit Yıldırım, avtoxuliqan, pul, Türkiyə, deputat, millət vəkili, parlament, Azərbaycan, qanun, cəza, avtomobil

Əsas mövzular