CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polisinin güzəşt limiti bitdi: Qanun hər kəs üçün qanundur

Abunə olmaq
Ağır yüklü və ya yük daşımaq üçün əlavə avadanlıqlar vurulmuş avtomobillər yollarda potensial təhlükədir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 16 oktyabr — Sputnik. Yollarda tez-tez qarşımıza həddən artıq yüklənmiş, yükün ağırlığından tarazlığını itirmiş minik avtomobilləri çıxır. Kimi avtomobilinin üzərində armatur, kimi uzun taxta parçaları, kimi qapı-pəncərə, kimi də divan-kreslo daşıyır.

Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol polisi avtomobil sahiblərinə xəbərdarlıq edir

Avtomobilinin üzərinə kustar üsulla hazırlanmış karkaslar vurub yükdaşımaları ilə məşğul olan taksi sürücüləri də az deyil. Qanun isə nəqliyyat vasitəsinin ön və arxa tərəfinə 1 metrdən, yan tərəflərdən isə 40 sm dən çox çıxmamaq şərtilə yük daşımağa icazə verir.

Nəqliyyat eksperti Elməddin Muradlının Sputnik Azərbaycan-a açıqlamasına görə, yükdaşıma ilə bağlı "Yol hərəkəti haqqında" qanunda bütün şərtlər qeyd edilib: "Minik avtomobillərində yüklərin daşınmasına qanunla icazə verilir. Sadəcə, avtomobillərin üzərinə xüsusi yük baqajları quraşdırılır və daşınır. Amma hər bir halda yükün təyinatından çox şey asılıdır. Dağılan və ya təhlükəli yüklərin daşınmasında fərqli meyarlar var".

Ekspert bildirir ki, daşınma müəyyən qaydalara əməl edilərək həyata keçirilməlidir: "Sürücü yükün təhlükəsizliyinə əmin olduqdan sonra onu daşımalıdır. Baqajların quraşdırılmasının da öz standartları var. Çox təəssüf olsun ki, yükdaşıma və taksi xidməti ilə məşğul olan sürücülərin əksəriyyəti kustar üsulla hazırlanmış baqajlardan istifadə edirlər, standartlardan kənara çıxırlar".

Muradlının fikrincə, yol polisi çox zaman belə sürücülərin maddi vəziyyətinin aşağı olmasını nəzərə alır, cərimələr tətbiq etmir: "Başa düşülür ki, onlar da ailəsini dolandırmaq üçün bu yola əl atıblar. Amma bəzən də sərt tədbirlər görülür və bu avtomobillər cərimə meydançasına aparılır. Belə sürücülər haqqında yükdaşıma qaydalarını pozduğuna görə, 40 manat cərimə tətbiq edilir".

"Bəzən sürücülər avtomobilin icazə verilən yükdaşıma kütləsindən çox yük daşıyırlar. Avtomobili yükləyirlər. Bəzən avtomobilin üstü ilə yanaşı, salonunu da doldururlar. Sürücü demək olar ki, arxanı tam görə bilmir. Yəni, salondakı güzgü ilə arxanı görmək mümkün olmur. Bu da çox zaman avtomobil qəzalarının baş verməsinə səbəb olur. Bəzən "Qaz-24", "Qaz-31" markalı avtomobillərin üzərində 5-10 metr uzunluğunda armatur daşıyırlar. Və yükün ucu yerlə sürünür. Sürücülər yük üçün heç bir təhlükəsizlik tədbirləri görmürlər. Digər avtomobillərin bu yüklə toqquşma ehtimalı böyük olur" — mütəxəssis qeyd edir.

Автомобиль дорожно-патрульной службы в Баку - Sputnik Azərbaycan
DYP sistemində dəyişiklik edilib

Onun sözlərinə görə, əvvəllər yol polisi bu kimi hallara güzəştlə yanaşsa da, hazırda heç bir güzəşt edilmir: "Buna görə də sürücülər də vəziyyəti nəzərə almalıdırlar. Sən iş görürsən, pul qazanırsan, ailəni dolandırırsan və başqalarını da təhlükəyə atırsan. Avtomobilə nəzərdə tutulandan artıq yük vurulduqda əyləc sistemi də sıradan çıxır. Sürücülər diqqətli olmalı, mövcud qanunvericiliyin tələblərinə riayət etməlidirlər".

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, yükdaşıma qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 151.1 maddəsi ilə tənzimlənir: "Maddədə konkret olaraq yükdaşımalar qeyd edilməsə də, bildirilir ki, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi və ya piyada keçidlərinin keçilməsi, habelə ara məsafəsi, dayanma və ya durma, yedəyə alma, yük daşıma, işıq cihazlarından, səs siqnallarından, təhlükəsizlik kəmərlərindən və ya motodəbilqələrdən istifadə, sürmə təlimi keçmə, avtomagistralda və ya yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına, səkilərlə və qanunla nəzərdə tutulmamış hallarda yolun çiyini ilə hərəkət edilməsinə, piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş və ya daxil olmaqda olan piyadaya sürücü tərəfindən nəqliyyat vasitəsini dayandıraraq yol verilməməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmağa görə 40 manat məbləğində cərimə tətbiq edilir".

O, qeyd edir ki, avtomobillərə yük daşımaq üçün əlavə avadanlıqların vurulması İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinin müəyyən müddəaları ilə tənzimlənir: "Orada qeyd olunur ki, normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat miqdarında cərimə edilir".

"Əgər sürücü avtomobilin zavod normativini pozursa, cəriməni də gözə almalıdır. Bu cərimələnmə birbaşa onların sağlamlığı, həyatının qorunması üçündür" — həmsöhbətimiz vurğulayır.

Həmidli bildirir ki, payız-qış aylarında sürücülər daha diqqətli olmalıdırlar: "Yağış, qar yolların sürüşgən olmasına səbəb olur. Ağır yüklü və ya yük daşımaq üçün əlavə avadanlıqlar vurulmuş avtomobillər yollarda potensial təhlükədir. Bütün sürücülər diqqətli olmalıdırlar".

Xəbər lenti
0