13:42 23 Oktyabr 2017
Canlı yayım
Marketdə piştaxtalar, arxiv şəkli

Ölkədə qiymət artımı gözlənilir

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
198502

"Aksiz vergilərin artırılması qiymət artımlarına gətirib çıxardacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 oktyabr — Sputnik. "Vergi rüsumlarının artırılması ilə bağlı Dövlət Gömrük Komitəsinə hər hansı müraciət daxil olmayıb". Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Bununla yanaşı, qurum rəhbəri bildirib ki, bəzi aksiz vergilərinin artırılması gündəmdədir: "Hazırda bununla bağlı hökumətlə müzakirələr aparılır. Bilirsiniz ki, manatın devalvasiyasından sonra bugünkü mövcud vəziyyət həqiqətəuyğun deyil".

DGK sədri deyib ki, tütün məmulatları, spirtli içkilərə tətbiq olunan aksiz vergisi artırıla bilər: "Bilirsiniz ki, ölkəmizdə bu sahədə kifayət qədər müəssisələr fəaliyyət göstərir. Bizim əsas vəzifələrimizdən biri də daxili istehsalı qorumaqdır".

Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, xüsusi aksiz markaları tətbiq olunarsa və yaxud da aksiz vergiləri artırılarsa, bu, istehlak bazarında qiymət artımlarına gətirib çıxardacaq: "Nəzərə alsaq ki, Azərbaycan tütün və spirtli içkilərə olan tələbatın əhəmiyyətli hissəsini məhz idxal hesabına ödəyir, o baxımdan, idxala tətbiq edilən aksiz vergilərin artırılması nəticədə qiymət artımlarına gətirib çıxardacaq".

"Xüsusən də idxal edilən məhsulların qiymətində artımlar olacaq. Yerli məhsulların qiymətlərində artımlar olmayacaq. İdxal rüsumlarının artırılması birbaşa ölkəyə gətirilən məhsulların qiymətlərinə təsir göstərir. Amma bu, adətən psixoloji olaraq təsir göstərir. Daha çox artımlar idxal olunan məhsullarla bağlı olacaq" — Bayramov bildirib.

Onun sözlərinə görə, insan sağlamlığına ziyanlı olmasına baxmayaraq, vətəndaşların çoxu tütün məmulatlarından istifadə edir: "O baxımdan, rüsumun artırılması qiymət artımlarına gətirib çıxardacaq. Bu da vətəndaşların xərcini artıracaq. Ona görə də rüsumların sayında kəskin artımlar arzu olunan deyil".

Ekspertin fikrincə, əgər artımlar olacaqsa, optimal artımlara gedilməsinə ehtiyac var: "Çünki kəskin artımlar kəskin qiymət artımları deməkdir. Bu da vətəndaşların xərcinin artmasına gətirib çıxardır".

"Xüsusilə, keyfiyyətli spirtli içkilər və tütün məmulatları xaricdən idxal edilir. O baxımdan bunlara rüsumun tətbiq edilməsi qiymət artımına gətirib çıxarda bilər" – deyə iqtisadçı söyləyib.

Keçmiş deputat, iqtisadçı-ekspert Nazim Məmmədov da Sputnik Azərbaycan-a açıqlamasında, aksiz vergilər də daxil olmaqla istənilən rüsum və vergilərin birbaşa maya dəyərinə təsir etdiyini deyib: "İş adamları, sahibkarlar həmin maya dəyərinə, artıma müvafiq olaraq qiyməti artıracaqlar və bu xərci əhalidən çıxartmağa məcbur olacaqlar".

Onun sözlərinə görə, adətən maya dəyərinin artmasının birinci səbəbi yerli valyutanın ucuzlaşması olur, çünki xarici iqtisadi əlaqələrlə məşğul olan şəxslər həmin məhsulları dollar və ya avro ilə alırlar: "Maya dəyərinin artmasının ikinci səbəbi gömrük və vergi orqanlarının rüsum və vergilərinin dərəcələrinin artırılmasıdır. Hər iki halda qiymət bahalaşması baş verir. Bu da vətəndaşlara təsir edəcək".

"Bu, həm büdcə gəlirlərinin artırılması baxımından müsbətdir, həm də vətəndaşların spirtli içkilərdən və tütün məmulatlardan uzaq durmalarına maddi baxımdan təzyiq edə bilər. İstənilən halda qiymət bahalaşması birmənalıdır" – deyə ekspert bildirib.

Siqaretin bahalaşmasının yazılı mətbuata təsiri
© Karikatura
Siqaretin bahalaşmasının yazılı mətbuata təsiri

Əlaqədar

Spirtli içki və siqaretlərlə bağlı mühüm xəbər
Siqaret və spirtli içkilər bahalaşıb
Azərbaycanda ən çox spirtli içki bu rayonda içilir
Spirtli içkilərin satışı ilə bağlı qadağa aradan qalxdı
Teqlər:
aksiz vergisi, tütün məhsulları, Sputnik Azərbaycan, spirtli içki, iqtisadçı-ekspert, ixrac, idxal, rüsum, siqaret, Vüqar Bayramov, qiymət

Əsas mövzular