13:48 23 Oktyabr 2017
Canlı yayım
Bakıda yağış

Bütün bəlalarımızın günahkarı tapıldı: Vətən xaini!

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
İsmayıl MƏMMƏDLİ
1512082

Əgər o, olmasaydı, bu qədər hadisənin heç bir baş verməzdi

BAKI, 9 oktyabr — Sputnik. Yadıma gəlir, bir müddət öncə Bakıdakı yaşayış binalarının birində "maraqlı" hadisə baş vermişdi. Belə ki, xarab olmuş liftin qapısına, binanın idarəçiliyi tərəfindən bu səpkidə elan yapışdırılmışdı: "Ey sakinlər, lifti 8-ci mərtəbədəki filan qonşunuz qırıb. O, gətirib vurduğu ziyanı ödəmədikcə, lift təmir olunmayacaq. Bacarırsınız, gedin pulu ödətdirin".

Lənkəran ərazisinə bir neçə gündür yağan leysanın fəsadları
© Sputnik / Rahim Zakiroğlu

Yəni, faktiki olaraq, insanları cinayətə, bir-biriləri ilə düşmənçiliyə sürükləyirdilər. Çünki bunun, "liftinizin işləməsini istəyirsinizsə, o qonşunu döyün, öldürün, pəncərədən atın" deməkdən başqa mənası yoxdur…

Bu hadisəni niyə xatırladığıma gələcəm. Ora gəlib çıxmaq üçünsə yağışdan başlamaq lazımdır. Ölkəmizdə 3 gün dayanmadan yağan yağışdan. Paytaxt və bölgələrdə, sözün həqiqi mənasında, həyatı iflic edən yağışdan. Öz işlərinin öhdəsindən gələ bilməyən dövlət qurumlarının düşmən elan etdiyi yağışdan. Ortadakı biabırçı mənzərədən yaxalarını kənara çəkən yetkili şəxslərin "təbii fəlakət" adlandırdıqları yağışdan.

Hə də, payızda niyə yağış yağmalıdır ki? Üstəlik 3 gün dalbadal. Və yenə üstəlik Azərbaycana, Bakıya. Getsin, Afrikanın boz çöllərinə, Cənubi Amerikanın steplərinə yağsın. Bizə ilin 12 ayı 38-40 dərəcə temperaturda dilimizi bir qarış çıxarıb ləhləmək yetər.

Məsələn, yağış yağmasaydı, təkcə Bakıda, təkcə həmin 3 gün ərzində, cəmi-cümlətani 367 nəfər (FHN-in rəsmi məlumatıdır) vətəndaş köməksiz vəziyyətə düşməz və onların xilas edilməsi üçün bir yığın xilasedici əziyyət çəkməz, filan qədər yanacaq sərf olunmazdı.

Əgər yağış yağmasaydı, Abşeron rayonu ərazisində yüzlərlə ev, obyekt, avtomobil suya qərq olmaz, minlərlə insana maddi-fiziki ziyan dəyməz, aidiyyəti qurumlar günahkar axtarışına çıxmağa məcbur olmaz, iri-iri adamlar "həmin ziyanı kim ödəyəcək" mübahisəsi üstündə bir-biriləri ilə "atışmaq" zorunda qalmazdılar.

Yağış yağmasaydı, paytaxtımızda, eyni gündə iki yol birdən çökməz, təhlükəli vəziyyət yaranmaz, o istiqamətlərdə hərəkət dayandırılmazdı. "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri hörmətli Anar Nəcəfli də əsəbiləşib belə bir bəyanat verməzdi: "Yolun bərpasını ərazidə qazıntı aparan qurum və ya şirkət özü etməlidir. Ya da "Azəravtoyol" ASC ilə bununla bağlı müqavilə imzalanmalı, rəsmi ödəniş olunmalıdır. Yalnız bundan sonra bizim tərəfimizdən bərpa işləri aparıla bilər". (Girişdə qeyd etdiyim hadisəni, sağ olsun, Anar müəllimin bu açıqlaması yadıma salmışdı)

Görürsünüz, əgər payızda yağış yağmasaydı, necə gözəl günlər, hüzurlu saatlar, duyğulu anlar yaşayardıq. Güzdək qəsəbəsində göl daşmazdı, Lənkəranda evləri sel aparmazdı, Şəkinin kəndlərinə verilən elektrik enerjisi kəsilməzdi, Yasamalda kanalizasiya boruları daşmazdı, Binəqədi şosesi "it gününə" düşməzdi, Bakının küçələrində sürücülər tıxacda saatlarla inildəməzdi, Hacıbala müəllimin balıq tutan, qayıq sürən, çimərlik paltarında şəhərdə dolaşan foto-kollajları sosial şəbəkəni bəzəməzdi…

İndi təsəvvür edirsiniz, yağış yağmasa, ümumiyyətlə payız fəsli olmasa, nə qədər qabağa düşərik? Qışın adını isə heç dilə gətirməyin, o fəsil birbaşa Vətən xainidir!

Əlaqədar

Güclü yağış Bakının yollarında ciddi problemlər yaratdı
Nazirlikdən leysan yağışı xəbərdarlığı
Nazirlikdən payız xəbərdarlığı: Şimşək çaxacaq, yağış yağacaq
Paytaxtda daha bir yol çökdü: o istiqamətdə hərəkət dayandı
Teqlər:
əgər, "Azəravtoyol" ASC, yol, payız, Bakı, Azərbaycan, şəhər, yağış

Əsas mövzular